Mobil versiya
Paşinyan oğlunu Qarabağa göndərcəksə... - Hərbi ekspert: “Azərbaycan üçün bir yol qalır, o da...”
Tarix: 30-05-2018 | Saat: 11:36
Bölmə:Gündəm | çapa göndər

Paşinyan oğlunu Qarabağa göndərcəksə... - Hərbi ekspert: “Azərbaycan üçün bir yol qalır, o da...”


Ermənistanın yeni baş naziri Nikol Paşinyan erməni ictimaiyyəti qarşısında bəyan edib ki, oğlu Aşot Paşinyan hərbi xidməti Azərbaycanın işğal altındakı ərazisində - Qarabağda keçəcək. O qeyd edib ki, oğlu mart ayında 18 yaşını tamam edib və növbəti hərbi çağırışın başlanması ilə müəyyən olunmuş qaydada müddətli xidmət üçün ordu sıralarına çağırılacaq. Öz növbəsində, Aşot Paşinyan deyib ki, o, Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazıb.

Ermənistanın baş naziri oğlunu digər dövlətin ərazisinə - Azərbaycanın Qarabağ bölgəsinə hərbi xidmətə göndərməklə ölkəsinin işğalçı olduğunu bir daha təsdiqləyib.


Maraqlıdır, Azərbaycan bu faktordan istifadə edib beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilərmi?


“Bu, Azərbaycana ismarıc olmalıdır”


Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycan mütəmadi olaraq Dağlıq Qarabağla bağlı məsələlər barədə bütün beynəlxalq qurumlara məlumat verir:

“O cümlədən Qarabağda olan qanunsuzluqlarla əlaqəli müraciətlər edilir. Lakin təəssüf ki, dünyada ikili standartlar üstünlük təşkil edir. Xüsusilə də son zamanlar gedən proseslərdə ikili standartlar əsas qanunlardan biri olub. Nikol Paşinyanın oğlunu Qarabağa xidmət etməyə göndərmək məsələsi sosial şəbəkələrdə də yayılıb və müzakirə edilir. Məlumatın nə qədər düzgün olub-olmadığını deyə bilmərəm. Ancaq bu yenə də populist və cəmiyyətə, daxili auditoriyaya hesablanmış bir addımdır. Biz bilirik ki, Ermənistanda valideynlər öz uşaqlarını Qarabağa göndərmək istəmirlər. Bununla bağlı hətta müəyyən müraciətlər olub. Paşinyan özü də müraciətlərlə bağlı fikir söyləyəcəyini deyib. Hazırki addımı da ondan ibarətdir ki, valideynləri fikirlərindən yayındırsınlar.

Dövlət başçısının oğlu Dağlıq Qarabağda xidmət edə bilirsə, bu o deməkdir ki, əsas məqsəd daxili auditoriyanı önəmli məsələlərdən çəkindirməkdir. Əgər Paşinyan doğurdan da öz oğlunu Qarabağa xidmətə göndərsə, bu yenə də Ermənistanın və ölkənin birinci şəxsinin işğalçı niyyətlərini bir daha dəstəkləyir. Bu da müəyyən bir şəkildə Azərbaycana ismarıc olmalıdır”.



“Beynəlxalq qurumlar bu məsələdə iflic vəziyyətdədirlər”


Ş.Ramaldanov qeyd edib ki, Paşinyanın Qarabağla bağlı mövqeyi radikal xarakter daşıyır:


“Serj Sarkisyan klanı Qarabağ məsələsində daim radikal mövqe tuturdu. Çünki Sarkisyan hakimiyyətə Qarabağ faktları ilə gəlib. Paşinyanın gəlməsi ilə əlaqədar bəlkə də sağlam düşüncəli addımların atılacağını düşünürdük. Ermənistanın baş naziri hakimiyyətə gələnə qədər Qarabağla bağlı fikirlər söyləməyə çəkinirdi. Lakin gələndən sonra artıq daha da radikal, qeyri-konstruktiv çıxışlarla seçildi. Oğlu ilə əlaqəli məsələnin işıqlandırılması Ermənistanın Qarabağla bağlı heç bir güzəştə getməyəcəyini və getdikcə problemin radikallaşma istiqamətində cərəyan etdiyini düşünmək mümkündür. Belə halda Azərbaycan üçün bir yol qalır. O da güc variantından istifadə edib öz torpaqlarını işğalçılardan azad etməkdir. Beynəlxalq qurumlar bu məsələ ilə bağlı iflic vəziyyətdədirlər. Onların addımları heç bir nəticə gətirib çıxarmır”.


“Dağlıq Qarabağın həlli yolunda sülh perspektivi yoxdur”


Müsahibimizin sözlərinə görə, xüsusilə həmsədr dövlətlər müəyyən bir şəkildə Dağlıq Qarabağ probleminin bu formada saxlanmasında maraqlıdırlar:


“Rusiyanın mövqeyi bizə bəllidir. Amerikada erməni lobbisinin nə qədər güclü olduğunu bilirik və bu da Dağlıq Qarabağ siyasətinə təsir edir. Fransadakı erməni lobbisi Ermənistanı dəstəkləmək, maliyyələşdirmək, o cümlədən Qarabağla bağlı siyasətdə öz nüfuzunu göstərməkdədir. Əgər bu gün üç həmdsədr ölkənin mövqeyində ermənipərəst motivasiyanı görürüksə, onlardan heç nə gözləyə bilmərik. Ermənistanın yeni rəhbərliyi də onlara arxalanaraq sərt ifadələrlə öz fikrini bildirir.

Bunlar hamısı onu göstərir ki, Dağlıq Qarabağın həlli yolunda sülh perspektivi yoxdur. Nə qədər beynəlxalq qurumlara irili-xırdalı müraciətlər olsa da, onlar yalnız müraciət fonunda qalır, heç bir təsir mexanizmi işləmir. Biz sadəcə vaxt itiririk. Dediyim kimi, Azərbaycan bu məsələdə güc variantını seçib Qarabağda aktiv əməliyyatlar apararaq öz torpaqlarını işğalçılardan azad etməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024