Mobil versiya
Nazir haqqında tərif yazanlar... - Jurnalistlər Ramil Usubovun qınağından DANIŞDILAR
Tarix: 17-05-2018, 11:47 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazir haqqında tərif yazanlar... - Jurnalistlər Ramil Usubovun qınağından DANIŞDILAR


Daxili işlər naziri Ramil Usubov ötən gün jurnalistlərə müraciət edib. Nazir onu tərifləyən jurnalistləri qınayıb və bu cür yazıları rəğbətlə qarşılamadığını bəyan edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov mətbuatda gedən məqalələrə bu cür münasibət bildirib: “Müəlliflərinə təşəkkür etməklə yanaşı, onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır. Əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır”.

Bəs jurnalist tərif və tənqidlə necə davranmalıdırlar?


“Tərifləmək təbliğat və təşviqatdır”


“Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Modern.az saytına deyib ki, jurnalist tənqid etməli, tərif yazmamalıdır:


“Birincisi, mən işlədiyim illər ərzində heç bir naziri tərifləməmişəm. Xüsusilə də daxili işlər nazirini tərifləmək bir qədər mürəkkəb məsələdir. Jurnalist ümumiyyətlə tənqid etməlidir. Hər hansı bir məmur öz işini doğru, düzgün, dürüst yerinə yetirirsə, bu, tərifəlayiq deyil. Sadəcə olaraq onun vəzifə borcudur. Yox əgər hansısa bir məmur öz həyatı bahasına nəsə bir şey edirsə, təbii, bu təqdirəlayiq hərəkətdirsə, təriflənməlidir. Hər halda doğrunu doğru, əyrini əyri yazmaq lazımdır. Lakin jurnalistin vəzifəsi tərifləmək deyil. Tərifləmək təbliğat və təşviqatdır. Jurnalist ümumən hər şeyə tənqidi yanaşmalıdır və bu peşədən irəli gələn ilkin tələbdir. Əgər tənqidi yanaşmırıqsa, o zaman peşəmizin adı tamam başqa bir şey olmalıdır”.


E.Şıxlı qeyd edib ki, hazırkı jurnalistkamız biabırçı vəziyyətdədir:


“Düzdür, bu gün vəzifəsinin öhdəsindən gəlməyən o qədər məmurla qarşılaşırıq ki, işini layiqincə görənləri istər-istəməz tərifləyirik. Əslində bu, tərifləmək deyil, onları başqalarından seçmək deməkdir. Tutaq ki, hər hansı bir mətbuat katibi birdən çaşıb sizin sualınıza cavab verirsə, artıq sevinib onun gözəl mətbuat katibi olduğunu deyirsiniz. Halbuki, bu, əcaib bir şeydir. Yəni mətbuat katibinin işi jurnalistlərin suallarına cavab verməkdir. Bizdə isə əgər hansısa bir mətbuat katibi jurnalistin sualını cavablandırısa, onu tərifləmək üçün stimul yaranır. Bu nöqteyi-nəzərdən biz çox biabırçı vəziyyətdəyik”.



Nazir haqqında tərif yazanlar... - Jurnalistlər Ramil Usubovun qınağından DANIŞDILAR


“Açığı, jurnalistika adına çox pis oldum”


"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı da deyib ki, jurnalist tərif yazmamalıdır:


“Tərif o qədər donundan artıq olmamalıdır ki, nazir onu tərifləməsinlər deyə xahiş etsin. Mən də dünən daxili işlər naziri Ramil Usubovun müraciətini oxudum və açığı, jurnalistika adına çox pis oldum. Çünki jurnalistlər loru dillə desək, məsələnin o qədər ağını çıxartmamalıdırlar ki, nazir də müraciət etsin. Hesab edirəm ki, medianın işi olanı göstərmək, daha çox tənqidi mövzulara üstünlük verməkdir. Ümumiyyətlə, nazirlər, hökümət üzvləri icraedici şəxslərdir. Onlar ölkə başçısının, təmsil elədikləri hakimiyyətin və hökümətin qəbul elədiyi qərarları icra edirlər. Bu, onların vəzifə borcudur. Buna görə də xüsusi tərif yağdırmağa ehtiyac yoxdur. Daxili İşlər Nazirliyinin adından yayımlanan açıqlamada da vurğulanan məqam bu idi.

Amma qeyd etməliyəm ki, istər polisin, istərsə də digər sahələrdə çalışan şəxslərin fəaliyyətində təqdiredici, nümunə olacaq, maarifləndirici hər hansı hadisə varsa, media bunu işıqlandırmalıdır. Bu, medianın səlahiyyət çərçivəsində olan bir məsələdir və bununla bağlı heç bir irad ola bilməz”.


“Tərif dəstəsi o əndazəni çox keçib”


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, tənqid və təriflərlə bağlı konkret standartlar yoxdur:


“Yeni standart odur ki, nə tənqidə, nə də tərifə qaçmaq lazımdır. Əlbəttə, tənqid təhqirə və ya tərif yaltaqlığa keçirsə, bu artıq jurnalistika deyil. Digər tərəfdən nazir jurnalistlərə tərifləməməklə bağlı müraciət edibsə, bu o deməkdir ki, tərif dəstəsi o əndazəni çox keçib. Söhbət əgər jurnalistikadan gedirsə, tərif sözü ümumiyyətlə yerində deyil. Sadəcə kiminsə yaxşı işi varsa, ya da əksidisə, onu göstərmək lazımdır. Uşaq bağçası deyil ki, vəzifəsinin öhdəsindən gəlməyənlərin əksinə, işini bacaranları görəndə onları tərifləmək lazımdır. Bu prinsiplər jurnalistikaya yaddır.

Jurnalistikaya xas olan odur ki, sən hər kəsin işini olduğu kimi işıqlandırmalısan, cəmiyyət müsbəti, mənfini özü seçəcək, qiymətləndirəcək. Yoxsa papaqları göyə atıb kiminsə şəninə tərif deməklə cəmiyyətə informasiya vermək jurnalistika hesab olunmur. Bu artıq başqa janrlardan olan yanaşma tərzidir”.

aia.az



5254 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
11-09-2015, 01:32 Bakıda toy yasa döndü



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031