Mobil versiya
Azərbaycanda inanclı insanların Ramazanla bağlı ikitirəliyi yarandı - Deputat orucu bu gündən tutur
Tarix: 16-05-2018 | Saat: 10:49
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda inanclı insanların Ramazanla bağlı ikitirəliyi yarandı - Deputat orucu bu gündən tutur


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Lakin bu il də Ramazan ayının başlanması ilə bağlı ikitirəlik yaranıb. Türkiyə, o cümlədən əksər ərəb ölkələrində Ramazan ayı bu gündən – 16 maydan başlayır. Azərbaycan isə İranla paralel hərəkət edir. Nəticədə Azərbaycandakı inanclı insanların bir qismi bu gündən oruc tutmağa başlayıb, digər qismi isə sabahdan bu prosesə start verəcək.


“Azərbaycandakı İslamın gerçək dinlə ciddi əlaqəsi yoxdur”


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, inanclı deputat Fazil Mustafa Modern.az saytına danışarkən deyib ki, insan hürdür, istədiyi seçimi edə, öz idarəsi çərçivəsində qərar qəbul edə bilər. Fazil Mustafanın özü də Qafqaz Müsəlmanları İdarəsinin təqviminin əleyhinə olaraq, orucu bu gündən tutmağa başlayıb:


“Kim istəyir bu gün oruc tutsun, kim istəyir sabah. Hesab edirəm ki, Azərbaycanda irançı zehniyyətə sahib olmayan insanların böyük əksəriyyəti bu gün oruc tutur. Biz daha çox türk istiqamətində düşünən insanlar olduğumuza , o cümlədən qidalanma ilə əlaqəli Türkiyə proqramlarını izlədiyimizə görə, bu məsələdə onlarla paralel hərəkət edirik. Bildiyiniz kimi, Azərbaycanda dini maarifçilik istiqamətində heç bir ciddi iş aparılmır. Televiziyalarımız daha çox dini cəhalətin, nadanlığın, xurafatın yayılması, başı ziyarətgahlara sürtməyin, gedib orada qurban kəsməyin, imamzadələrin təbliği və.s istiqamətində fəaliyyət göstərirlər. Bütün bunlar İslam dini ilə uzlaşmayan məsələlərdir. Bu, Azərbaycana aid bir İslamdır və gerçək dinlə ciddi əlaqəsi yoxdur”.


“Azərbaycan əslində təqlidçi mövqedədir”


F.Mustafa qeyd edib ki, insana daha ciddi elmi və düşüncə imkanları verən verilişləri, kitabları əsasən Türkiyə mənbələrindən oxuyub araşdırır:


“Bu baxımdan referans kimi həmin ölkəni götürürük. Amma dediyim kimi, bu, insanların sərbəst hüququdur. Kim istəyir QMİ-nin xəttini izləyib, onun anlayışı ilə yanaşsın, kim də istəyər başqa ölkələrdə olan dini anlayışda məsələyə baxsın. Burda heç bir qəbahət yoxdur. Çünki Azərbaycanın bu məsələdə özünəməxsus yanaşması yoxdur. Bu istiqamətdə Azərbaycan əslində təqlidçi mövqedədir. Bu o deməkdir ki, İranda nəyi etdilərsə, məsələn, İranda hansısa dini nüfuz sahibi nə etdisə, bizdə də onu təkrar etmək məcburiyyəti var. Lakin azad din anlayışına sahib olan insanlar üçün bunların heç biri keçərli deyil”.


“Onlar çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər”


Deputat Şamaxı Astrofizika Rəsədxanasının bu istiqamətdə olan rəyindən də söz açıb:


“Ayın görünüb- görünməməsi ilə əlaqəli Rəsədxana başqa cür rəy verə bilməz. Çünki sonradan onlar bununla bağlı problem yaşaya bilərlər. Yəni ən azı işdən çıxma qorxusu ilə çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər. Türkiyədə əksər insanlar bu məsələdə aktiv rol alırlar, yüz dəfə ölçüb-biçir, hansı variantın daha doğru olduğunu seçirlər. Şəxsən mən o variantı izləyirəm. Amma sabah oruc tutacaq, yaxud heç tutmayacaq insanların hamısının normal ay keçirməsini təmənna edirəm. Çünki heç kim başqalarının işinə qarışa ya da, ittiham edə bilməz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024