Mobil versiya
Heydər Əliyev: “Məni Azərbaycan xalqı heç vaxt satmadı...”
Tarix: 12-05-2018 | Saat: 11:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

Heydər Əliyev: “Məni Azərbaycan xalqı heç vaxt satmadı...”


Bizim gəncliyimiz Cümhuriyyətimizlə birlikdə doğuldu. Bizim nəsil jurnalistlər ölkədə söz, din, əqidə və ruh, əməl azadlığının mübarizəsinə qalxdıq. Mübarizəmizi bütün inqilabçılar, azadlıq istəyənlər kimi qəzetlə - “168 saat” qəzeti ilə edirdik. Çünki bütün inqilabların, azadlıqların yolu qəzetlə başlayır.



O qəzetdə Varis Yolçuyev var idi, o qəzetdə Faiq Hüsiyev var idi, o qəzetdə Dilarə Quliyeva, Seymur Şahbazzadə var idi...



Çox çətin zaman idi. Hakimiyyətə yeni “hakimiyyətquranlar” gəlmişdilər. Bizim gənc qəzetimiz isə qaynar qazan idi. Gənclik şəhəri Sumqayıtın mərkəzində qaynasa da, gurhaguru bütün Azərbaycana, Azərbaycanın hüdüdlarına gedirdi.

O qəzetdə məni hər kəs “Heydərçi” kimi tanıyırdı. Yazılarımda və mülahizələrimdə ölkədə baş verən hakimiyyətsizliyin hansı yolla aradan qaldırılması məsələlərində münasibətim belə olurdu: “Bu xalqı darmadağın olmaqdan, bu Vətəni parçalanmaqdan ancaq Heydər Əliyev qurtara bilər”.



Bu gün 95 yaşını qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin haqqında yazı yazmaq istəyim, 1991-1994-cü ildə yazdığım gündəliyimi vərəqləyərkən daha da alovlandı. Daha doğrusu nədən və necə yazacağımı müəyyən etdim.
Heydər Əliyevə həsr etdiyim yazıdakı fikirlərimin əksəriyyəti indi də gündəliyimdədir.



Heydər Əliyev böyükdür, şəxsiyyətdir. Şəxsiyyətlər haqqında hər adam yaza bilməz. Sağlığında bizi onun həndəvərinə buraxmayanlardan əvvəl də, sonra da bizim qəzetimiz “168 saat” hər vaxt Heydər Əliyevi təbliğ etdi. Və bu təbliğata görə, son anda Sumqayıt Şəhərinin Komsomol Komitəsi qəzetimizi bağladı. Rəhmətlik atam dedi ki, sizin qəzetiniz bir göyərçin yuvası idi. O yuvanı dağıdanlar cəzasız qalmayacaqlar Tanrının altında.



1993-cü ilin fevral ayının 20-də Mingəçevirə toya getmişdik. Yanımda oturan qadını mənə göstərib dedilər ki, bu qadın öncəgörəndir.



Məni maraq bürüdü. Fikirləşə bilərsiniz ki, yəqin öz taleyimə fal açdıracaqdım. Toydan sonra getdim həmin Nərgiz xalanın evinə, dedim ki, Vətənimizin taleyinə fal aça bilərsənmi? Nərgiz xala da kartlarını stolun üstünə düzüb dedi ki, iki nəfər namizəd var. Ancaq Heydər Əliyevi lap yaxın görürəm. İyul ayının ortalarına qədər hakimiyyət dəyişikliyi olacaq.

Mən geri qayıtdıqdan sonra, Nərgiz xalanın dediklərini 1993-cü il mart ayının 6-da yazıb qəzetdə çap etdirdim. Yenə qəzetimizə hücum başladı.



...Heydər Əliyev Naxçıvandadır. Naxçıvan da blokadada. Oraya getməyə yol axtarıram. Redaktorumuz Varis mənim getməyimə icazə vermir. Bir də eşidirk ki, Vüqar adlı bir müxbirimiz artıq gedib Heydər Əliyevlə görüşüb-gəlib. Sumqayıta çatan kimi, həmin müsahibəni senzuradan keçirib adını məqaləyə dəxli olmayan bir başlıqla gecə ilə qəzetə yerləşdiririk. Səhər qəzet çapdan çıxanda Sumqayıt Şəhər Partiya Komitəsi, cəbhəçilər və Komsomol Komitəsi başımızın üstünü kəsir. Bu bizi qorxutmur. Məni üzən bircə o olur ki, yazı çox səliqəsiz yazılıb, gecə növbətçisi də, korrektor da xeyli səhv buraxıblar. Bəlkə də tələsik olduğundan belə alınıb. Məqsəd odur ki, təki Heydər Əliyevdən alınan müsahibə işıq üzü görsün.



Azərbaycanda hərc-mərclik, silahlı qarşıdurmalar baş alıb gedir. Bu hadisələrin fonunda bizim də mövcud AXC hakimiyyətinin yarıtmazlığından yazdığımız yazılar, tənqid etdiyimiz o adamlar ucbatından, Heydər Əliyevi təbliğ etdiyimiz üçün qəzetimizi bağlayıblar və hətta, bu azmış kimi özümüz yaratdığımız “övladımızı” əlimizdən alıb, başqasına, bir qocaman jurnalistə veriblər... O indi gənclərə guya yol göstərəcəkdi...



Biz isə məhkəmələrdə, çəkişmələrdə... belə ağır günlərimizdə bizə yiyə duran , arxa duran “Ədalət” qəzetinin redaktoru Aqil Abbas və “7 gün qəzeti”nin baş redaktoru Emin Eminbəyli oldu.



Artıq Heydər Əliyev də hakimiyyətə gəlib. İndi nə ondan müsahibə alan Vüqarı, nə də bizi onun həndəvərinə buraxırlar. Onun ətrafında ona xəyanət edənlər başqa dona girib, yenidən özlərini ona doğma kimi göstərirlər və bu oyunları da keçir...



Və əfsuslar olsun ki, Cümhuriyyət gəncləri olan biz aydınlar, Heydər Əliyev hakimiyyətə gələn ərəfədə, onun ətrafına yığılanları ifşa etmək üçün əlimizdə sərbəst “168 saat” qəzeti olmadı. Yoxsa ki, həmin vaxtda hakimiyyətə gəlməyinə sevindiyimiz, canımızı qurban dediyimiz liderimizin yanında özlərinə yuva quranları vaxtındaca ifşa edəcəkdik. Bu, o adamlar idilər ki, Azərbaycanın dövlət müstəqilliyi aktına da qol çəkməmişdilər. Onların şərəfi ancaq vəzifə və yumşaq kreslolar ola bilərdi. Heydər Əliyev kimi şərəflə yaşamaq, kimsənin qarşısında əyilməmək, hamının yanında üzüağ, alnıaçıq olmaq tək-tək kişilərin işidir. Yəni o prezident olmasaydı da, lider olmasaydı da bu onun xarakteri idi.

Elə həmin vaxtlarda-Naxçıvana, doğulduğu yurda sığınanda da tanınmış telejurnalistimiz, ustad jurnalistimiiz Nadejda İsmayılova böyüklüyünü dərk etdiyi Heydər Əliyevin yanına gedərək, Naxçıvanda Ali Sovetin soyuq və isinməyən binasında, Heydər Əliyevin lampa işığında işlədiyi kabinetində müsahibə almışdı. Müsahibəni isə dövlət televiziyasında efirə verməmişdilər. İllər sonra həmin müsahibəni Nadejda xanım yenə üzə çıxardı. Həmin müsahibəni izləyəndə yaddaşımda belə bir dialoq həkk olundu. Nadejda İsmayılova Heydər Əliyevdən soruşur: “Sizə işinizdə, komandanızda, siyasətdə çoxmu xəyanət etdilər?”. Heydər Əliyev xarizmasını, tövrünü pozmadan sualı belə cavablandırır:



- Bu sual çox maraqlıdır və siyasi aləmdə dəyişikliklər baş verən bir zamanda bugünkü həyatımızla çox uzlaşır. Mənim bu suala münasibətim belədir: Bəli, əfsuslar olsun ki, olub. Bilirsiniz ki, uzun zaman Azərbaycan Respublikasına rəhbərlik etmişəm. Sonra mən Moskvada ən yüksək rəhbər vəzifədə işlədim. Ardınca bir çox səbəblərə görə istefaya getdim.Və bu yüksək kürsülərdən öz həyatımın müxtəlif dönəmlərində həmin insanları müşahidə edə bildim. Mən Moskvadan Bakıya qayıtdım. Naxçıvana gəlməzdən əvvəl, şəhərin bazarlarında, küçələrində gəzib xalqla görüşdüm. İnsanlarımızla ünsiyyətdə oldum. Onda da mənimlə əvvəllər işləyənlərin heç birisi yaxınıma gəlmədi... Onların içərisində satqınlar da oldu və bu ən ağırlı bir hissdir. İnsan işləyəndə yüksək mənsəb sahibi tutanda hamıya inanan olur. Mən xarakter etibarı ilə çox inanan adamam. Və mənimlə işləyən adamlara, ətrafımda və yaxınlığımda işləyənlərə həmişə inanmışam. Fikirləşməmişəm ki, onlar məni nə vaxtsa satarlar, xəyanət edərlər, ikiüzlü ola bilərlər, lakin məni Azərbaycan xalqı heç vaxt satmadı. Məni satanlar xalqın ümumi panoramının içərisində heç nəyə dəyməzlər”.



Padşahları, kralları, prezidentləri də Tanrı seçir. Bu həmin seçilmişin alın yazısı, Tanrı tərəfindən taleyinə yazılan missiyasıdır. Heydər Əliyev yenidən Azərbaycanın hakimiyyətinə qayıtdı. Bu Vətəni, Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas elədi. Onu XALQ seçmişdi, onu Tanrı bu xalqa xilaskar göndərmişdi. Adı çəkiləndə səsi titrəyən, gözlərinin yaşını axıtdığı Vətəninin başının üstündən dumanları-buludları qovaladı...



İllər ötəndən sonra, biz də haqqımızı geri qaytardıq. Ədalər zəfər çaldı. Varis yenə də “168 saat” qəzetini-övladımızı yad əllərdən geri ala bildi. Son nəfəsdə olan qəzetimizə yenidən can verdik. Ümumilli lider Heydər Əliyevin hakimiyyəti illərində bəhrələndiyimiz söz azadlığı, fikir azadlığı olan bir cəmiyyətdə qəzetimizi 40 min tirajla da yayımladıq.



Və bu gün Heydər Əliyevin jurnalistlərə, qəzetlərə münasibəti haqqında daha bir məqamı xatırlamaq istəyirəm.

“168 saat” qəzeti bağlanandan bir neçə il sonra, 1996-cı ildən etibarən yaşadığımız dövrün ən oxunaqlı və məşhur qəzeti olan “Panorama” qəzetində xüsusi müxbir kimi çalışdığım vaxtlar idi. Bir neçə dəfə yazılarım gedəndən sonra, qəzetin təsisçisi Eldar Namazov redaktor Araz Zeynalova telefon açıb, yazılarımın davamını istəmişdi, demişdi ki, cənab prezident Heydər Əliyev Aida Eyvazlının yazılarının davamını gözləyir...



Və mən, hətta prezidentimizi də maraqlandıran yazıların ardını yazmaq, cəmiyyətimizdə mövcud olan sosial problemləri araşdırmaq istəyirdim. Bilirdim ki, yazdıqlarımı həm də Azərbaycan prezidenti Heydər Əliyev oxuyur.



Bizə Heydər Əliyevdən çox dərslər qaldı. Öyrənmək istəyən üçün onun hər günü, hər sözü, hər cavabı bir məktəbdir. Heydər Əliyevi xatırlayanda bu sözləri deyirəm: “Ondan bir də olmayacaq!”.


Aida Eyvazlı

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024