Mobil versiya
Həmkarları və dostu Astan Şahverdiyev barədə XATİRƏLƏRİNİ bölüşdü: “Xalq dilində danışırdı”
Tarix: 16-04-2018 | Saat: 12:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

Həmkarları və dostu Astan Şahverdiyev barədə XATİRƏLƏRİNİ bölüşdü: “Xalq dilində danışırdı”


Dünən hakim Yeni Azərbaycan Partiyasının üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev vəfat edib. O, Bakıda – "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.


Modern.azsaytı mərhum deputatla bağlı bir neçə yaxınları ilə həmsöhbət olub.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadədeyib ki, 13 il Astan Şahverdiyevlə Milli Məclisdə həmkar olub:

"Bu baxımdan iki Astan Şahverdiyev tanıdım. Birincisi, Azərbaycan ziyalısına məxsus olan düşüncəli alim, özünün elmi uğurları ilə ölkəmizi dünyada tanıdan Astan Şahverdiyev idi. Astan müəllim doğrudan da dünya səviyyəsində tanınan görkəmli alim olub. Onun istilik energetikasına dair hazırladığı dərsliklər bu gün Avropanın aparıcı universitetlərində istifadə edilir. O, uzun müddət BMT-nin istilik enerjisi üzrə tanınmış ekspertlərindən biri olub və çoxsaylı elmi ezamiyyətləri zamanı Azərbaycan elmini yüksək səviyyədə təmsil edib. Astan Şahverdiyevin deputatlığa namizədliyi verilərkən ilk növbədə onun elmi nəticələri, uğurları nəzərə alınıb. Və hamının bildiyi bir neçə hallar nəzərə alınmaqla o, Milli Məclisin bu və digər qanunvericilikdə çox maraqlı təkliflər verirdi”.

Deputat deyib ki, mərhum deputat ünsiyyətdə mehriban, heç kəsin xətrinə dəyməyən, aşağılamayan, yüksək mədəniyyətli insan idi:

"İkinci tanıdığım insan isə çox təəssüf ki, cəmiyyətin yadında qalan, müəyyən ifadələrlə tanınan Astan Şahverdiyevdir. Astan Şahverdiyev nümunəsi bir daha siyasət aləminin həddindən artıq diqqətli olmağı və müəyyən hazırlıq tələb edən sahə olduğunu göstərdi. Təəssüf ki, cəmiyyətdə belə bir əhval-ruhiyyə var ki, seçkidə qalib gəlib parlamentə düşməklə artıq bütün sahələr üzrə mütəxəssis olmaq, ən əsası siyasi məsələlər üzrə çox dəqiq fikir bildirmək olar. Halbuki, siyasət özü çox mürəkkəb, uzun illərin çalışmasını tələb edən bir sahədir. Astan müəllim özünü bir alim kimi tanıda bilib. Amma o, siyasətdə, xüsusilə cəmiyyət üçün həssas olan məsələlərdə təəssüf edirəm ki, bir sıra anlaşılmazlıqları ilə yadda qaldı. Sonradan o anlaşılmazlıqlara görə dəfələrlə üzr istədi. Bu baxımdan deyərdim ki, biz qarşımızda iki şəxsin olduğunu görürük.

Bunun özü gələcəkdə parlamentdə təmsil olunmaq istəyənlər üçün bir nümunə olmalıdır. Diqqətli, ehtiyatlı olmağı, deyilən fikrə məsuliyyət daşımağı bacarmaq lazımdır”.

Aydın Mirzəzadə qeyd edib ki, deputat hər zaman bütün cəmiyyətin diqqətində olur:

"Biz cəmiyyətin maraqlarını müdafiə edirik. Digər tərəfdən dini aspekt də var. Dünyasını dəyişən adam haqqında heç olmasa, bir il ya heç danışmazlar ya da müsbət danışarlar. Bu bir mədəniyyətdir, əsrlərdən gələn və özünü doğrultmuş yanaşmadır. Mən ona görə də ilk növbədə Astan Şahverdiyevə Allahdan rəhmət diləyirəm. Onun həm alim, həm də deputat kimi daima yadımızda qalacağını bilirəm”.

Milli Məclisin deputatı Aqil Abbassaytımıza açıqlamasında deyib ki, Astan Şahverdiyev Azərbaycanın görkəmli alimi idi:


"O mənim yadımda gözəl, səmimi insan kimi qalıb. Astan Şahverdiyev Milli Məclisimizin üzvü olmaqla yanaşı, həm də dünyada tanınan alimlərlədən biri olub. Bir sıra Avropa ölkələri universitetlərində alman və ingilis dilində mühazirələr söyləyirdi. Həmçinin Rusiyada müdafiə edən ən cavan texniki elmlər doktoru olub. O cümlədən Astan Şahverdiyev pedaqoq kimi də fəaliyyət göstərib və bu baxımdan kifayət qədər tələbələri var idi”.
Mərhum deputatın iş yoldaşı , Azərbaycan Texniki Universitetinin "İstilik energetika” kafedrasının dosenti Misirxan Talıbovbildirib ki, Astan Şahverdiyevin elmi-pedaqoji fəaliyyəti hər zaman nümunə olub:

"Hər bir adama öz əməlinə görə qiymət verilir. Bizim universitet tədrislə yanaşı, həm də elm ocağıdır. Bu baxımdan Astan Şahverdiyev çoxlu sayda elmlər namizədi və elmlər doktoru yetişdirib. Elə onlardan biri də mənəm. Mənim elmi rəhbərim Astan Şahverdiyev idi. Astan müəllimi millətini sevən, öz əməli ilə bunu sübut edən biri kimi tanımışıq. Onu yaxından tanıyan adamlar sözlərimin səmimi və düz olduğunu başa düşəcəklər, hətta az dediyimin şahidi olacaqlar. Astan Şahverdiyev Azərbaycanı dünyanın bir çox ölkələrində ləyqətlə təmsil edib. Və bəzi zamanlarda mən öz iştirakımla bunun şahidi olmuşam. Almaniya, Ruminiya, İtaliya və başqa Avropa ölkələrindəki elmi konfranslarda Azərbaycan bayrağını şərəflə ucaldıb”.

M.Talıbov qeyd edib ki, zaman-zaman mərhum deputatın ümumi dediyi sözləri konteksdən çıxarıb bəzəyən insanlar var idi:

"Mən o şəxsləri yazıq hesab edirəm. Çünki insana ümumi, konteksdən çıxarılan sözə görə deyil, əməlinə görə qiymət verirlər. Bu baxımdan Astan Şahverdiyevi tanımadan, araşdırmadan o cür sözlər deyən insanlara yazığım gəlir. Mən Astan müəllim haqqında saatlarla danışa bilərəm. Bu şəxs elmi tribunalarda vətəninin, torpağının xeyrinə danışan adam olub.

Astan Şahverdiyev çox sadə insan idi. O istənilən adamla öz başa düşdüyü dildə danışmağı bacarırdı. Mərhum deputatımız heç vaxt insanı ümumi tutduğu mövqeyinə görə dəyərləndirmirdi, hamı ilə xalq dilində danışırdı. Mən onun yetirməsi və elmi həmkarı kimi deyə bilərəm ki, Astan Şahverdiyev Azərbaycan elmi-ictimaiyyətinə, ölkəmizə ağır itkidir. Allah onun yerini cənnətlik etsin. Səmimi deyirəm, təki bu ölkədə Astan müəllim kimi insanlar çox olsun”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024