Mobil versiya
Yasamala yeni nəfəs gəldi
Tarix: 04-04-2018 | Saat: 11:44
Bölmə:Manşet / Seçilənlər-3 | çapa göndər

Yasamala yeni nəfəs gəldi





Rayon sakinləri bu ilin fevral ayından Yasamal RİH-nin başçısı vəzifəsinə təyin olunmuş Əziz Əzizovun fəaliyyətinə böyük ümidlər bəsləyirlər


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Maraqlıdır ki, bu təyinatdan hələ cəmi iki ay keçməsinə baxmayaraq, artıq bəzi mətbu orqanlarının səhifələrində yeni başçının fəaliyyətini “tənqid edən” yazılar dərc olunmaqdadır. Anlamaq olmur ki, bu qısa müddət ərzində məmur tənqid hədəfinə çevrilmək üçün hansı səhv addımlar atmağa macal tapıb..? Belə olan halda isə, ağıla gələn ilk mülahizə həmin yazıların qısqanclıq zəminində sifariş olunduğunu söyləməyə əsas verir.
Bu arada isə, Yasamal sakinləri Əziz Əzizovun bu rayona başçı təyin olunmasından həqiqətən də çox şey gözləyirlər. Məsələ bundadır ki, Əziz müəllimin bundan əvvəl tutduğu Cəlilabad RİH-nin başçısı vəzifəsində göstərdiyi səmərəli fəaliyyətinin, rayonun həmin dövrdə keçdiyi nəzərə çarpacaq inkişaf yolunun təhlili, bu gün Yasamal sakinlərini də mövcud problemlərin daha operativ şəkildə həll olunacağına, rayonlarının artıq daha sürətlə inkişaf edəcəyinə ümidləndirir. Qeyd etmək lazımdır ki, bu ümidlərin və gözləntilərin həqiqətən də kifayət qədər ciddi əsasları var. Buna əmin olmaq üçün isə, Əziz Əzizovun Cəlilabad RİH-nin başçısı vəzifəsində çalışdığı son bir il ərzində həmin rayonda əldə olunmuş bəzi nailiyyətlərə nəzər salmaq kifayətdir.

Məsələn, 2017-ci ildə Cəlilabadda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə rayon rəhbərliyi tərəfindən məhz düzgün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi nəticəsində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmışdır. Belə ki, il ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 4,8 dəfə, 2016-cı ilə nisbətən isə 62,6 faiz artmışdır. Rayon üzrə 7 milyon 244 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü ildəkindən 11,4 dəfə çoxdur.
Yayımlanan məlumatlarda da təsdiq olunur ki, məhz Əziz Əzizovun rayona rəhbərlik etdiyi illərdə əhalinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilmiş, bu səbəbdən də bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilmişdir. Artıq 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2003-cü ilə nisbətən 2 dəfə artmış, il ərzində 282 milyon 376 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Yenə də ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq, Cəlilabadın mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması və ixracın artırılması üçün rayonda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağları zavodu, Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi və Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılmışdır. Bundan başqa Rusiya Federasiyasına 81,6 min ton kartof və 76 ton çiyələk, Küveyt dövlətinə isə 12 ton üzüm ixrac edilmişdir.

Həmçinin mənbələr bildirirlər ki, əhalinin məşğulluğunun təmin olunması da hər zaman Əziz Əzizovun xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur. 2017-ci ildə həyata keçirilən tədbirlər nəticəsində Cəlilabadın məşğulluq mərkəzində işaxtaran kimi qeydə alınan 1240 nəfərin 651-i daimi işlə təmin olunmuş, 22-nin sənədləri peşə hazırlığı kurslarına göndərilmiş, 24-ü ictimai işlərə cəlb edilmiş, 44-nə isə işsizlik müavinəti təyin edilmişdir. Aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb edilməsini nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 20 ailə aktivlərlə təmin edilmiş və kiçik ailə təsərrüfatları yaradılmışdır...
Göründüyü kimi, cənab Əziz Əzizovun RİH başçısı kimi fəaliyyətini həqiqətən də yüksək qiymətləndirmək olar. Məhz elə bu səbəbdən də, Yasamal sakinləri tam haqlı olaraq, öz rayonlarına yeni başçının təyinatından hər zaman məmnun qalacaqlarına əmindirlər.


aia.az

Sənan Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024