Mobil versiya
Həkim-psixiatr Ceyhun Məmmədzadə: “Bəzən autizmli uşaqları dərmanla müalicə etmək istəyirlər”
Tarix: 03-04-2018 | Saat: 14:52
Bölmə:Karusel / Səhiyyə | çapa göndər






2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür. Bir çox valideynlər üçün övladına bu diaqnozun qoyulmasını faciə kimi qəbul edir, uşaqların ömürlük əlil olduğunu düşünürlər. Lakin autizm nə qədər tez aşkarlansa və müalicəyə başlansa, bir o qədər effekt verə bilər. Təəssüf ki, hələ də cəmiyyətdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi haqqında dolğun məlumat yoxdur. Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının əməkdaşı, həkim-psixiatrı, uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Ceyhun Məmmədzadə ilə məhz bu barədə söhbət etmişik.

- Autizm nədir? Bu xəstəliyin əlamətləri barədə məlumat verərdiniz.

-Autizm bir inkişaf pozuntusudur. Erkən uşaqlıq dövründə müşahidə edilən və aşkarlanması mümkün olan pozuntulardan biridir. Bu pozuntunun əlamətləri çoxdur. Bu xəstəlik zamanı müəyyən əlamətlər toplusu önəm kəsb edir. Həmin simptomların əsasında pediatrlar, nevroloqlar və digər sahə həkimləri uşaqları autizm sahəsi üzrə mütəxəssisə yönəldə bilərlər.

Son zamanlar “autizm spektr pozuntusu” anlayışı da formalaşıb. Qeyd edək ki, ilk dəfə 1943-cü ildə Amerika psixiatrı Leo Kanner yazılarında “autizm sindromu” haqqında məlumatlar verib. O, 11 uşaq üzərində apardığı araşdırmalara əsasən bu sindromu müəyyənləşdirib. Lakin son 50-60 ildə bu pozuntu haqqında anlayış dəyişikliklərə uğrayıb. Bu gün “autistik spektr pozuntusu” adlandırılan bir anlayış, Amerikan klassifikasiyasında “DSM” adlandırılan “klassifikasiyanın 5-ci buraxılışında autizm spektr pozuntusu” kimi qeydə alınıb. Çünki daha əvvəllər tipik autizm, atipik autizm, Asperger sindromu, Rett sindromu, dezinteqrativ pozuntu olaraq differensasiya aktual idi. Hazırda isə daha çox spektr olaraq qeydə alınır.

-Belədirsə, hansı konkret əlamətlərə görə autizm xəstəliyinin diaqnozunu qoymaq mümkün olur?

-Autizm spektr pozuntusu üçün uşaqlara xas olan əlamətlər var. Bu əlamətlər daha qabarıq olarsa valideynlər özləri də onları müşahidə edə bilər. Daha erkən vaxtlarda isə həmin simptomları pediatrlar, nevroloqlar, uşaq və yeniyetmə psixiatrları müşahidə edə bilərlər. Bu patologiyanın “qırmızı bayraqlar” adlandırılan əlamətlər toplusu var ki, onlar uşaqda müşahidə edilərsə, onda mütəxəssislərdə autizm şübhəsi yarada bilər. Bu zaman uşaqlar mütləq ciddi və mümkün qədər erkən müayinə olunmalıdır.

“Qırmızı bayraqlar”a aid olan əsas əlamətlərdən biri göz təmasının qurulmamasıdır. Məsələn, uşağın göz kontaktının davamlı və tutarlı olmamamasıdır. Digər əlamətlər işarə hərəkətlərinin, yəni qeyri-verbal nitqininkişafında problem yaranması, uşağın özünə qapalı olması, eyni zamanda, həyəcanını, sevincini və emosional hisslərini bölüşməkdə çətinlik çəkməsi və s. Valideynlər tərəfindən daha çox hiss edilən ilk əlamətlərdən biri isə nitqin inkişaf etməməsidir. Nitq inkişafının geriləməsi və ya nitqin inkişaf etməməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri də autizm spektr pozuntusudur.

Son 10 ildə autizm spektr pozuntularının diaqnostikası daha da yaxşılaşıb. Son zamanlar bu sahədə çalışan mütəxəssislərin sayının artması istər xaricdə, istərsə də ölkəmizdə bu sahədə təhsil alanların çoxalması ilə bağlıdır. Azərbaycanda tərcümə olunmuş metodlar az saydadır, lakin bu metodların tətbiqini artırmaq və onların ölkəmizə adaptasiya edilməsi zəruridir.

Bu metodlara təkcə uşaq-yeniyetmə psixiatrları deyil, pediatrlar, nevroloqlar, sahə həkimləri də bələd olmalıdırlar. Çünki, onlar uşaqları uşaq psixiatrlarından daha tez müayinə edirlər. Xəstəliyin proqnozu məqsədilə aparılan skrininq metodları xəstəliyin 12 aydan 30 aya kimi olan dövründə daha çox tətbiq olunur.

- Autizmli uşaq ən çox nədən əziyyət çəkir?

-Autizmli uşaq ən çox ətraf mühitlə ünsiyyətində çətinlik çəkir. Autizmin 3 əsas əlaməti var: sosial kommunikasiya, qarşılıqlı münasibətlərin qurulması və stereotip: təkrarlanan fəaliyyət və davranış modelləridir. Gündəlik fəaliyyətin məhdudlaşdırılması funksionallığın pozulması ilə təzahür edir. Məsələn, sağlam inkişaf edən uşaqlarda oyun qurmaq kimi bir qabiliyyət olmalıdır, onlar təqlidi oyunlar qurmalıdır. Məsələn, qız uşaqların anasının hərəkətlərini təkrarlayır, onların çay süzməsini təqlid edirlər. Oğlan uşaqları sanki maşın sürürlər kimi hərəkətlər edirlər. Əslində, normal inkişaf zamanı uşaqlar məhz bu formada oyun qururlar. Lakin spektr pozuntusu olan uşaqlar oyuncaqlarından da fərqli formada istifadə edirlər. Məsələn, oyuncaq maşını sürmürlər, onları sıraya düzüb, kənardan tamaşa edirlər.

Autizmli uşaqların əziyyət çəkdiyi amillərdən biri də özünü ifadə etməsi ilə bağlıdır. Onlar öz yaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Məsələn: autistik pozuntusu olan uşağı valideyn hər gün eyni yolla bağçaya aparır. Bir gün bu küçədə təmir gedir, valideyn uşağı başqa yolla aparmalıdır. Amma yolun dəyişməsinə bu uşaqlarda pis reaksiya ola bilər. Eyni zamanda, belə uşaqlarda davranış və yuxu pozuntularına da rast gəlinir ki, bunlar da uşaqlara kifayət qədər mane olur.

Əslində, autistik spektr pozuntusunun medikomentoz (dərmanla) müalicəsinin olmadığı məlumdur. Təəssüf ki, buna baxmayaraq, bir çox hallarda bəzi mütəxəssislər uşaqları hansısa dərmanlarla müalicə etməyə çalışırlar. Lakin bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Autizm spektr pozuntusunun müalicəsinin əsas metodikası psixopedoqoji reabilitasiyadan ibarətdir. Psixopedaqoqlar, loqopedlər bu uşaqlarla işləməlidirlər. Və yaddan çıxarmaq lazım deyil ki, bu uşaqlar xəstə deyillər, sadəcə, fərqli uşaqlar hesab olunurlar. Onlar öz yaşıdlarından fərqlənirlər. Buna görə də belə uşaqlara çox həssas yanaşmaq lazımdır. Müalicə nə qədər erkən yaşdan başlanarsa, bir o qədər də faydası çox olar.

- Bu xəstəlik ilk olaraq hansı yaşda özünü büruzə verir? Uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkündür?

- Klasifikasiyaya nəzər salsaq, dünya psixiatriya assosiasiyalarının, dünya uşaq və yeniyetmə psixiatriyası assosiasiyalarının rəyinə əsasən, xəstəliyin 3 yaşında müəyyənləşdirildiyi hesab olunur. Rəsmi olaraq diaqnozun qoyulması 3 yaşında mümkündür. Lakin son zamanlar 2 yaşında da autistik əlamətlər müşahidə olunduqda, artıq işləməyə başlayırıq. Çünki müalicə 2 yaşında başlasaq, daha yaxşı nəticə almaq ehtimalımız var. Ona görə də vaxt itkisinə yol verməmək üçün işlərə tez başlayırıq. Praktikada isə hətta 1-1,5 yaşda da bu xəstəliyi müşahidə etmək olur. Bəzən bu cür tez aşkarlandıqda, artıq bir neçə aylıq reabilitasiyadan sonra biz uşaqda böyük irəliləyişlər müşahidə edirik.

Təəssüf ki, uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkün deyil. Hazırda autistik spektr pozuntuları ilə bağlı genetik, epgenetik araşdırmalar aparılır . hətta şübhə doğuran müəyyən genlərin nömrələri də işarələnib. Belə ehtimal olunur ki, məhz həmin genlərin ekspressiyasi nəticəsində bu xəstəlik yaranır. Amma bunların hamısı hələlik elmi fərziyyə mərhələsindədir, təsdiq olunmayıb. Hələlik xəstəliyin genetikası ilə bağlı ciddi elmi tədqiqatlar davam etdirilir. Gələcəkdə bu sahədə dəqiq diaqnozun müəyyən olub-olmayacağını demək çətindir.

- Bütün bunlardan sonra nə demək olar - autizm xəstəliyinin müalicəsi varmı?

- Autizmin tam müalicə olub-olunmadığını əvvəlcədən proqnoz etmək mümkün deyil. Çünki hər autistik uşaq fərqlidir. Onların reabilitasiyaya nə dərəcədə uyğunlaşmasından çox şey asılıdır. Dünyada “7 gün 24 saat” adlandırdığınız reabilitasiya prinsipi var. Yəni, belə uşaqlar təkcə getdikləri mərkəzlərdə deyil, evlərində də reabilitasiyada olmalıdırlar. Valideynlərə də belə uşaqlarla işləmək öyrədilir.

- Sizə bu xəstəliklə bağlı müraciətlər olurmu?

-Bəli, belə müraciətlərin sayı olduqca çoxdur. Bir çox valideynlər artıq bir çox həkimlərə getdikdən sonra bizim yanımıza gəlirlər. Valideynlərin əksəriyyəti bu diaqnozu qəbul etmək istəmir. Azərbaycanda əvvəllər autizm haqqında cəmiyyətin məlumatı az idi. Amma xəstəlik artdıqca, məlumatlar da çoxaldı.

Autizmli xəstələri sayının artması səbəblərini konkret izah etmək çətindir. Bəzi araşdırmalara görə, dünyada hər 88 uşaqdan biri autizm xəstəsidir. Əlbəttə, bu göstərici hər ölkədə eyni ola bilməz. Amma rəqəmlər təxminən bu civardadır.

Əvvəllər Azərbaycanda bu diaqnozla xüsusi tanışlıq yox idi. Lakin xəstələrin sayı artdıqca, məlumatımız da çoxaldı.

İstənilən halda, insanlar arasında maarifləndirməyə ehtiyac var. Bu işdə mətbuatın da rolu böyükdür. Çünki autizmli uşağa vaxtında və düzgün müdaxilənin olması, müalicənin mümkün qədər tez başlanması olduqca vacibdir. Ən önəmlisi isə bu işdə ailə ilə reablitoloqların əlaqəli işləməsidir. Lakin bunu unutmayaq ki, autizm diaqnozu hökm deyil.

-Və nəhayət, autizm diaqnozu qoyulan uşaqların valideynlərinə nə məsləhət vermək olar?

-Belə valideynlərə demək istərdim ki, diaqnozu eşidib qorxmasınlar. Bu uşaqları xəstə yox, onları fərqli uşaqlar kimi qəbul etmək lazımdır. Mütəxəssislər isə skrininq metodlarını genişləndirməyə çalışmalıdır. Həm də ictimaiyyətin daha çox məlumatlı olmasına, maarifləndirmənin artırılmasına nail olmalıyıq. Çünki bir çox məsələlərdə olduğu kimi burada da problemlərin əksəriyyəti məlumatsızlıqdan, yaxud yanlış məlumatdan yaranır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024