Mobil versiya
Namizədliyi irəli sürülənlər imza toplamaqda çətinlik çəkirlər
Tarix: 28-02-2018 | Saat: 11:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Namizədliyi irəli sürülənlər imza toplamaqda çətinlik çəkirlər




Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərdən sənəd qəbuluna fevralın 20-də start verilib. Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

MSK indiyədək 15 nəfərin prezidentliyə namizədlyinin irəli sürüldüyünü təsdiqləyib.

Hələ ki yalnız hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən təsdiqlənib.

Bəs digər namizədliyini irəli sürənlərin imzatoplama kampaniyası nə yerdədir?


Modern.az saytı bu sualla prezidentliyə namizədliyini irəli sürən bir neçə şəxsə müraciət edib.


Milli Məclisin deputatı Zahid Oruc:


“Mərkəzi Seçki Komissiyasının 14 fevral tarixli qərarına uyğun olaraq, iddiaçıların müraciətlərinə müsbət qərar verildikdən bir gün sonra imza vərəqləri tərəfimizdən götürülüb və konkret ərazi bölgüsü, məsul şəxslər, dəqiq fəaliyyət qrafiki əsasında imzların toplanmasına başlanılıb. Bu işdə siyasi həmfikirlər, tərəfdarlar və yaxın platformaya malik olduğumuz qüvvələr, həmçinin könüllülər yaxından iştirak ediblər.

70 dairə üzrə 40 mindən artıq imzanın toplanması zamanı məni tanıyan, parlament fəaliyyətimi yaxından izləyən insanların çoxlu rəy, təklif və sorğuları da nümayəndələrimiz tərəfindən ətraflı qeydə alınıb və gələcək planların tərtibi zamanı onlardan faydalanmaq nəzərdə tutulur. Eyni zamanda, seçki mübarizəsinin çirkli kampaniyalar səviyyəsində deyil, daha çox ideyaların mübarizəsi və xalqın ümdə problemlərinin müzakirəsi formasında keçirilməsinə dair seçicilərin arzu və istəklərinin üstünlük təşkil etdiyini də xüsusi vurğulamaq lazımdır.

Mənim xeyrimə toplanan imzaların artıq başa çatmaqda olduğunu nəzərə alaraq, Seçki Qərargahı yaxın günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Bir daha bu işdə bizimlə yaxından əməkdaşlıq edən insanlara, ilk növbədə isə imzasını bizdən ötrü əsirgəməyən hər bir vətəndaşa ən xoş arzularımı yetirir, onları əmin etmək istəyirəm ki, bütün fəaliyyətimiz boyu milli ideallara və dövlətçilik prinsipləriniə sədaqətimizi bundan sonra da davam etdirəcəyik”.


Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:


“Bildiyiniz kimi bir neçə gün bundan öncə sənədlərimi MSK-ya təqdim etdim. Bu baxımdan imzatoplama kampaniyasına az müddətdir başlamışıq. Hələ də kampaniya davam edir. Lakin 40 min imzanı toplamaq həddindən artıq çətindir. Keçən seçkilərə də bilirsiniz, gec qatılmışdıq. Sadəcə, imza toplama kampaniyasına çox adam cəlb edə bilsək, demək olar ki, çətin olmaz. Haradasa 200 nəfərin bu kampaniyada iştirakını təmin etsək, imzaları təxminən 2-3 günə toplamaq mümkündür. Sadəcə, problem daha çox adamın prosesə cəlb edilməlidir”.


Hüquqşünas Anar Umudov:


“İmzatoplama kampaniyası hələ də davam edir. Yəqin ki, prosesin yekunlaşması təqribən martın əvvəllərinə təsadüf edə bilər. Sonuncu dəfə bir-iki gün bundan qabaq nə qədər imzanın toplanması ilə bağlı məlumat var idi. Amma proses normal irəliləyir, imzaların sayı ilə əlaqəli yaxın günlərdə dəqiq məlumatımız olacaq”.


AĞ Partiya başqanı Tural Abbaslı:


“İmzatoplama kampaniyası hələ davam edir. Çalışırıq ki, 40 mindən artıq lazım olan dəstək imzalarını toplayaq. İllərdir seçkilərin nəticələrinin heç nəyi dəyişmədiyini düşünən insanlar təbii ki, bu prosesə çox maraqsız yanaşırlar. Bir çox vətəndaşlarımız isə ümumiyyətlə seçkilərə inanmadıqları üçün heç imza belə vermək istəmirlər. Bu da təbii olaraq bizim işimizi daha da çətinləşdirir. Hələ nəzərə alsaq ki, bu günə qədərki seçkilərdə müxtəlif fikirlərə sahib seçicilərə yerli hakimiyyət orqanları tərəfindən bu və ya digər formada təzyiqlər olunub və bunun nəticəsi kimi də bu gün seçicilər özlərini qorumaq üçün imza belə verməkdən çəkinirlər, o zaman işlərin nə qədər əziyyətli olduğunu təsəvvür etmək olar.

Ancaq, biz nikbinik. Mən əminəm ki, biz AĞ partiya olaraq qanunla nəzərdə tutulmuş müddətdə lazımı sayda imzaları toplayıb MSK-ya təhvil verəcəyik. Artıq ondan sonrakı mərhələ bizdən asılı deyil, təəssüf ki. Hər halda bu mərhələdə bizim kimi yeni partiyanın iştirakını artıq uğur saymaq olar”.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:


“Artıq bu günə ya da sabaha imzatoplama kampaniyasını yekunlaşdıracağıq. Mənə elə gəlir ki, iki-üç dəfə seçki qərargahımızı yoxlayandan sonra vərəqələri Mərkəzi Seçki Komitəsinə təhvil vercəyik. Yəni bir neçə rayon təşkilatlarından artıq imza vərəqələrini gətiriblər”.


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev:


“İmzatoplama kampaniyasına start vermişik və yerlərdə, rayonlarda, Bakı ətrafında və özündə imza toplama mərhələsi davam edir. Düzdür, hazırda hansısa yekun haqqında danışmaq olmaz. Proses ayın 25-dən başlayıb. Yəqin ki, bu həftə müəyyən mənzərə olacaq. İmzalar toplandıqca Mərkəzi Qərargaha çatdırılmasına çalışırıq. Digər tərəfdən hələki yerlərdən məlumat almamışıq. Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır”.


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev:


“İmzatoplama kampaniyası davam edir. Dünənə qədər 19 min imza toplanıb. Ümid edirik, bu mərhələdən keçib MSK tərəfindən qeydiyyata alınacam”.


Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev indiyədək topladıqları imzaların 22 mini keçdiyini bildirib. Onun sözlərinə görə, bölgələrdə imza toplama işində çətinliklər var. Səbəb insanların siyasi aktivliyinin aşağı olmasıdır.



***

Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:

Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb; prezidentliyə namizədliyi rəsmən qeydə alınıb

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Əli Əliyev - prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb;

Sərdar Məmmədov - prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024