Mobil versiya
RƏQQASƏ FATİMƏ BATAN GÜNƏŞ OLANADƏK GÖZLƏMƏMƏLİDİR
Tarix: 21-02-2018 | Saat: 10:02
Bölmə:Aia TV | çapa göndər

RƏQQASƏ FATİMƏ BATAN GÜNƏŞ OLANADƏK GÖZLƏMƏMƏLİDİR




XII əsrdə yaşamış ispan mütəfəkkiri Baltasar Qrassian özünün "Kamillik elmi" adlı fəlsəfi traktatında yazıb: "Öz sonluğunu təntənəli etməyə çalış, hərdən Günəş də batmasını görməsinlər deyəhələ tam parlaq olanda buludlar arxasında gizlənir. Belə halda bizə onun batıb-batmadığını yalnız anlamaq qalır. Gözləmə ki, arxa çevirib səni diri-diri basdırsınlar. Bil ki, qəm-qüssə üçün diri olduğun halda, hörmət üçün artıq ölüsən. Bəsirətli adam qoca atı qabaqcadan azadlığa buraxar ki, at yolun ortasında yıxılıb sahibini gülüş hədəfinə çevirməsin. Qoy gözəl qadın güzgünü vaxtında vurub sındırsın ki, güzgü onu acı həqiqətlə hiddətləndirməsin".

40 yaşını haqlamış, səhnə fəaliyyətinin 20 illiyini qeyd etməkdə olan Rəqqasə Fatimənin (Fətəliyeva Fatimə Xosrov qızı) Vikipediyada yerləşdirilmiş bioqrafiyasında diqqəti çəkən və sual doğuran məqamlar az deyil: Həmin məlumatlara inansaq, Fatimə orta məktəbi bitirən kimi ailə həyatı qurub. İki universitet bitirib -Tibb Universitetini və İncəsənət Universitetinin Xoreoqrafiya fakultəsini. Ailə qurandan sonra 16 yaşından 21 yaşına kimi rəqs etməyib. 16 yaşından 18 yaşına kimi həkim kosmetoloq kimi çalışıb...

Sual olunur: Adam 16 yaşından həkim işləməyə başlayıbsa, onda belə çıxır ki, 11 yaşından ali tibb təhsili müəssisəsinə qəbul olunubmuş?

Rəqqasənin tibb təhsili aldığına şübhə yaradan başqa bir detal da onun zobdan boğazına qurbağa qoymaq yolu ilə müalicə aldığını deməsidir. Özünüz fikirləşin, ali təhsilli həkim hara, türkəçarə hara?

Yeri gəlmişkən, Fatimənin savadının yerində olmamasına bu sətirlərin müəllifindən əvvəl də nəzər yetirən yazarlar olub. Qələm dostlarımız rəqqasənin onun haqqında yazılan tənqidi məqalələrə bildirdiyi irad mesajlarını paylaşmış, həmin mesajlarda yetərincə hərf və üslub səhvlərinin altını cızmışlar. Vurğulamışlar ki, Azərbaycanda təhsilli, savadlı və kifayət qədər nüfuzlu rəqqasələr var. Afaq Məlikova, Təranə Muradova kimi Xalq artistlərinin yanında belələrinin ekran-efirdən təbliğ edilməsi ən azından ədalətsizlikdir.

İnternet resurslarında Rəqqasə Fatimənin verdiyi müsahibələrin sərlövhələrini "bəzəyən" replikalarına nəzər salanda "iki ali təhsilli" bu xanımın "ziyalılıq" səviyyəsi barədə təsəvvürlər dəqiqləşir: “Onların içini qurd yeyir”; “Qızım deyir ki, mama, sən onlara niyə cavab verirsən ki? Sən ulduzsan. Yazma cavab"; "Mən heç kəsdən incimirəm. Çünki 5 barmağın 5-i də eyni deyil”;. “İş xanımıyam, biznesim var... Elə qadınlar var ki, ərlərinə pul xərcləyir. Yaxşı ki bəzi arvadlar kimi ərimi saxlamıram”; "Deyib-deyib biznesimi də qurutdular"; "Kişilər də paxıllığımı çəkirlər"; "Məni çox zaman özündənrazı bilirlər"; "Uzaqdan gələndə ətrimin qoxusundan bilirlər ki, Fatimə gəlir..."

Fatimənin şou-aparıcılığına asanlıqla baş vurması (və əlbəttə ki, bu sahədə qapıların onun üzünə tay-batay açılması) ilk əvvəl onun özünü də təəccübləndirmişdi: "Rusdilli məktəbi bitirmişəm. Heç zaman düşünməzdim ki, Azərbaycan dilində aparıcılıq edərəm". Aşkar görünür ki, onun kimilərin proqramlara yol tapması telekanalların sərhədlərinin şəffaf olmasından, ciddiliyin, tələbkarlığın səviyyəsinin enməsindən, peşəkarlığın şəxsi maraqlara qurban verilməsindən irəli gəlir.

Əlahiddə bir məsələyə də münasibət bildirməyi özümə borc sayıram. Fatimənin keçən ilin oktyabr ayında Dubayda istirahətdə olduğu zaman orada yeni fəaliyyətə başlayan "Cafe Baku"da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlməsini əks etdirən foto-görüntüləri İnstagram səhifəsində paylaşması da zənnimcə yüngülməcaz hərəkət, düşünülməmiş addım idi. Bunun məqbul olub-olmadığını kimdənsə soruşmağa da yəqin heç lüzum bilməyib. Çünki onu o zaman yalnız şöhrət düşündürüb.

Rəqqasə Dubaya səfərinin məqsədini də açıqlamışdı: "Dubaya tək dincəlməyə gəlməmişəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yaradıcılıq işlərimlə bağlı bir neçə planım var. Onları reallaşdırıram. Partlayış olacaq. Özü də tam fərqli bir şey. Bundan başqa bilirsiniz ki, xınayaxdı təşkili ilə də məşğulam. Buradan xınayaxdı üçün lazım olan tam fərqli bir dekorasiya aldım. Hansı ki, ondan Azərbaycanda yoxdur. Bunu ilk dəfə mən gətirəcəm”.

Yaxşı daa, Fatimə! Azərbaycan xalqı xınayaxdını icad edib və bu adət cilalanaraq əsrdən-əsrə keçib, günümüzədək gəlib çatıb, şuxluğunu, təravətini itirməyib. Sən malik olduğun "üstün yetənəklərinlə" bu adətə maraqlı nə əlavə edə bilərsən ki? Olsa-olsa, xınayaxdının orijinallığına xələl gətirərsən, hələ yaxşı halda.

Əlbəttə, Rəqqasə Fatimə elə rəqqasəliyi ilə kifayətlənsəydi, əziyyət çəkməklə qazandığını sərmayə yatıraraq qurduğu bizneslə öyünməsini də ona bağışlamaq olardı, təvazökarlıqdan uzaq replikalarını da. Ancaq öz personasına layiq olmadığı ziyalılıq donunu geyindirməsi nəyə lazım?

İndi isə sənətçinin bu sadalanan paradoksal səylərinin, qeyri-ordinar hərəkətlərinin haradan qaynaqlandığını təxmin etməyə çalışaq. Bildiyimiz kimi, xoreoqrafiya sənətçiləri yaşları ötəndən sonra özləri istəsələr belə, gücləri çatmır ki, səhnədə fəaliyyətlərini davam etdirsinlər. Digər tərəfdən də səhnə gənclik tələb edir. Yaş həddini keçdikdən sonra balet artistlərinin, rəqqasların oynaqlarında, dizlərində müxtəlif zədələr meydana gəlir. Öz yaşlarından qat-qat cavan görünsələr də, fiziki qüvvələri tükənir. Zənnimcə, rəqqasə itirdiyi gəncliyi ilə, enerjisinin tükənməsi ilə barışmadığından, onların yerini başqa məziyyətlərlə doldurmağa çalışır. Bəzən də haqq etmədikləri ilə.


Mahir
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024