Mobil versiya
Dilim-dilim edilmiş dilimizin dilçəyi
Tarix: 23-01-2018 | Saat: 15:25
Bölmə:Yazar3 | çapa göndər

Dilim-dilim edilmiş dilimizin dilçəyi


Xalid KAZIMLI

Orfoqrafiya lüğətinin yenilənməsi arı yuvasına uzadılmış çubuq effekti verib.

Mediada, sosial şəbəkələrdə minlərlə adam lüğətə yeni sözlər əlavə edilməsini, bəzi sözlərin yazılış qaydasının dəyişməsinə dair fikirlər bildirir.

Düzdür, bu fikirlərin çoxu mizah-məzhəkə səciyyəsi daşıyır, ironiyadan, lağlağıdan ibarətdir, ancaq yenə də bunu sözün düzünün zarafatla deyilməsi ibarəsinin hikmətinə bağlayaraq ciddiyə almaq olar.

Bu müzakirələr çox faydalıdır. Anlaşılır ki, biz yavaş-yavaş dilimizi unudurmuşuq. Dilçilik İnstitutunun bu təşəbbüsü dilimizi bilən və sevən insanların damarına bərk toxunub.

Nəticədə adi oxuma-yazma bilənlərdən tutmuş ta dilçi alimlərə, sözlə işləyən jurnalistlərə, müəllimlərə qədər xeyli insan dilimizin zənginliyinə dəlalət edən bir kampaniyaya start veriblər.

Kampaniyanın iş mexanizmi sadədir. Hər kəs öz mahalının dialektində olan sözləri sosial şəbəkədə paylaşır.

Bütün yazıları oxuyursan və əmin olursan: ana dilimiz gerçəkdən də zəngindir, içində xeyli ifadəli, maraqlı, gözəl səslənişi olan sözlər var. Sadəcə, biz onları işlətməyə-işlətməyə unutmuşuq.

Nədənsə, bir çoxlarımız elə bilir ki, köhnə sözlərimizi işlətmək geridəqalmışlıqdır, ən yaxşısı savadlı görünmək üçün Avropa dillərindən alınmış sözlərdən istifadə etməkdir.

Əlbəttə, elə sözlər var ki, onlar istər-istəməz arxaikləşib. Məsələn, hazırda cəhrədə yun əyirən yoxdursa, avtomatik olaraq, "cəhrə”, "iy” (cəhrənin oxu), "dürgəh” sözlərini işlədən olmayacaq.

Eləcə də hana quraşdırıb xalça toxuyan yoxdursa, "həvə”, "çeşni”, "kirgit” kimi sözlər getdikcə arxaikləşəcək.

Yəni yüz illərin, min illərin məişət texnikası, qab-qacağı, avadanlığı müasir variantları ilə əvəzləndikcə, bu proses gedəcək. Biz su dispenserinə heç vaxt sərnic deməyəcəyik. Çünki dispenser suyu təkcə sərin saxlamır, həm də isti su verir.

Bu cür misalları xeyli artırmaq olar.

Bir də bizdə yanlış bir düşüncə var. Öz doğulduğumuz mahalda intensiv şəkildə işlətdiyimiz sözləri sırf dialekt kəlmələri hesab edərək ədəbi dildə, yazıda-pozuda işlətmirik. Heç demə, həmin sözlər ölkəmizin bütün mahallarında var və işlədilir.

Məsələn, 15-16 il öncə yazılarımdan birində "incəvara” sözü işlətmişdim. Ertəsi gün mərhum yazıçımız Sabir Azəri zəng edib dedi ki, bala, sən qazaxlısanmı. Dedim, yox, qarabağlıyam. Yazıçımız gülə-gülə dedi, yoldaşım dirəşib ki, yox, o qazaxlı olmalıdır, qazaxlı deyilsə, yazısında niyə "incəvara” sözü işlədib.

Azərbaycan dilinin leksikonunun zəngin olduğu mahalımızda bir xeyli kəlmə var ki, əslində onlar dialekt sözləri olmaqdan çıxıb ümumişlək sözlərə çevrilməlidir (eləcə də başqa mahallara aid şivə sözləri hesab etdiyimiz kəlmələr).

Əslində, o sözlərin çoxu qədim və böyük türk dilində var. Başlıca dilçək türk dilidir, sadəcə, bu dil ora-bura qəlpələnib.

Onlardan bir neçəsini bu yazıda izahlı şəkildə verirəm.

Vayqara - daşı, gülləni, sözü necə gəldi atmaq (Anadolu türkcəsində bu söz " yayqara” kimi işlənir);

Səfsələk -sadəlövh, avam adam (Anadoluda - "saf-salak” kimi işlənir və çox yayğındır);

Şikəbərdilik - fırıldaqçılıq, hiyləgərlik (Anadoluda - "şikə yapmaq”);

Teyxa- bütün, bütöv;

Qızırğalanmaq- xəsislik, cimrilik etmək;

İncəvara - yaxşı ki (Bu, bir çox mahallarda işlənən sözdür);

Çıtızdırmaq- xəbərçilik etmək, çatdırmaq;

Mağıl- barı, heç olmasa;

Sertov- pencək (fransızcada - syurtuk);

Nay- şən adam;

Lavarsaq- şit adam;

Kətəməz- inəyin ilk südündən hazırlnan ağartı növü;

Riçal- tut mürəbbəsi (Anadoluda - reçel);

Qaşqa- alın (bu söz bir çox dialektlərdə var);

Qaranəfəs olmaq- təngnəfəs olmaq, tıncıxmaq;

Şəvkinişik- axşam alatoranlığı (Anadoludakı şevk sözünün feili).

Bu, yaddaşımızı izafi şəkildə qurcalamadan, vayqara yazdığımız sözlərdir. Bu cür kəlmələr yüzlərlədir. Həm də araşdırdıqda ortalığa çıxır ki, bizim dialekt sözləri hesab etdiyimiz kəlmələrin identik qarşılığı bir-iki hərf fərqlə Anadolu türkcəsində, hətta qazax, türkmən və özbək türkcələrində var.

Bunlardan başqa, hər mahalda xeyli zərbül-məsəllər də var. Biz o sözləri, ifadələri yazılarımıza, bədii mətnlərimizə gətirsək, həm dilimiz daha ifadəli olar, həm də "leksikonumuz kasaddır” töhmətindən qurtularıq.

P.S. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun "Qiyamət” romanının ana dilimizdə çıxan variantı ruscasından daha ifadəlidir - ona görə ki, dilimizi gözəl bilən tərcüməçi əsərə xeyli dialekt sözləri daxil edib və roman daha oxunaqlı olub.(musavat.com)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024