Mobil versiya
Atama etdiyim cavabsız zənglər, operatorun insafsızlığı...
Tarix: 23-01-2018 | Saat: 15:21
Bölmə:Yazar1 | çapa göndər

Atama etdiyim cavabsız zənglər, operatorun insafsızlığı...


Lalə Niftaliyeva

Bu gün dəfələrlə atamın nömrəsini yığmışam. Amma balansımda kifayət qədər vəsait olmadığı üçün zəng getmirdi. Bilirəm ki, o nömrə üç ildir işləmir və mən zəng etdiyim vaxt, əgər balansımda vəsait olsa, operator heç acımadan elə bir nömrənin mövcud olmayacağı haqqında məlumat verəcək mənə. Ona görə də "Hörmətli abunəçi, zəng etmək üçün balansınızda kifayət qədər vəsait yoxdur. Lütfən balansınızı artırın” sözlərini eşitmək daha ümidlidir.

Böyüdükcə xatirə adlı bu zad bıçaq olur keçir xirtdəyimizə. Sonra darıx ki, darıxasan. Yanında olanlar, olmayanlar, dağılanlar, tikilənlər hər şey üçün ürəyin göynəyir. Operator xanımın səsinə möhtac qaldığını, bir daha eşitmək istədiyin təsəllini duya bilməyəcəyini başa düşürsən. Yox əşi, nə böyümək? Əksinə o qədər kiçilirsən ki, kainatın zərrəsi belə ola bilmirsən. Yaddaşının qıraq bucağında ilişib qalan, xatırlamağa çalışdığın o səsi bir qızın səsi əvəz edir.

Sonra başlayırsan özün üçün oyun qurmağa. "Hörmətli abunəçi”ni "Nənə, bu gün nə yemisən”lə əvəz edirsən. "Zəng etmək üçün balansınızda kifayət qədər vəsait yoxdur” qulaqlarında "a köpək qızı, gəl bir-iki gün evdə qal, sənin üçün darıxmışam” eşidirsən. Amma səsin tonunu xatırlaya bilmirsən. Əvəzində həmin səsdəki "darıxmaq” güllə kimi dəyir ürəyinin başına. Xatirələr də al qana boyanır, başlayır gözündən axmağa.

Atam özümü tanımağa başladığım vaxtdan boynumun arxasında olan qara xalımdan öpürdü. Sonra da "Qoy qızım ərköyün olsun” deyirdi. A zalımın oğlu, sənə lazım idi mənim ərköyünlüyüm? İndi bir "of” desəm, özümdən böyük "zəhrimar” eşidirəm.

Oxumağı öyrənənə qədər atamın danışdığı lətifələrlə qidalanırdım. Hər axşam işıqların sönməyini gözləyirdim. Çünki neft qoxulu lampanın işığında Molla Nəsrəddini daha yaxşı xəyal edə bilirdim. Odun peçi alışır, hərənin başı bir işə qarışırdı. Atam da dincəlmək üçün divanda uzanırdı. Mən də onun qarnının üstünə çıxıb, hə danış deyirdim. Bəzən eyni lətifələri təkrar-təkrar danışırdı. O hər Molla Nəsrəddin deyəndə gözümün qarşısında balaca boy, üzü nurlu bir kişi gələrdi evimizə. Şam işığında yemək bişirər, pulu olan uşağa tütək alar, oğruları özünə məxsus şəkildə cəzalandırardı. Həmin lətifələri təkrar-təkrar özüm oxumağa çalışıram. Amma nə Molla Nəsrəddin gözümdə canlanır, nə də sənin səsin gəlir.

Bəzən darıxdığımız itirdiklərimiz yox, onların vasitəsilə öz kimliyimizdə tapdığımız xüsusiyyətlər olur. İndi anlayıram ki, uşaqlar böyük, böyüklər isə daha uşaqdır. Atam isə mənim ən yaxşı tərəflərimdir. Və mən o tərəflər üçün çox darıxıram. Elə siz də ömür boyu darıxmağa məhkumsunuz. Yanınızda olanlar üçün yox, olmayanlar üçün darıxmağa davam edəcəksiniz. Çünki sizdən gedən bütün yaxşılar kainatdan bir az daha uzaqlaşmağınıza səbəb olur. Sevdiyiniz yanınızda, özünüz isə uzaqlarda olmağa məhkumsunuz.(qaynarinfo)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024