Mobil versiya
MEHMETCİKLƏR REMBOLARI DİZİNİN ALTINA QOYAR
Tarix: 23-01-2018 | Saat: 15:19
Bölmə:Yazar4 | çapa göndər

MEHMETCİKLƏR REMBOLARI DİZİNİN ALTINA QOYAR



Aqil ABBAS


ABŞ-ın və Avropa dövlətlərinin Türkiyəni parçalamaq istəyini bilmək üçün nə «Tarixi-Nadiri», nə də Yunus Oğuzun «Nadir şah» əsərini oxumaq o qədər də vacib deyil. Elə birinci sinif dərsliyindən iki vur ikini bilmək kifayətdi. Neçə illərdi ha çalışırlar, ha özlərini öldürürlər, ha terror qrupları yaradıb silahlandırırlar başara bilmirlər. İŞİD də yaratdılar, yenə bir zibilə dərman olmadı.

İndi də ABŞ Suriyanın Türkiyə ilə sərhədində 30 minlik bir terror dəstəsi yaratmağa çalışır, əslində yaradıb da və indiyədək də 5 min ton civarında silah-sursat yardımı edib, hətta ən müasir tankvuran, raketvuran təyyarələrlə də təchiz edib. Bundan başqa, terrorçulara təlim keçmək üçün təxminən 2 minə yaxın da missioner rembo göndərib. Bir sözlə, ilanı Seyid Əhməd əli ilə tutaraq Türkiyəyə gizli savaş elan edib.

Kəsəsi, ABŞ-la Türkiyə az qala açıq savaş halına gəlməkdədi. Bir tərəfdən də Türkiyəni təhdid edir ki, sən Suriya torpaqlarında niyə hərbi əməliyyatlar keçirirsən? Deməli, özü on min kilometrdən gəlib Suriya, İraq torpaqlarını bombalaya bilər, milyonlarla insanı bu bombaların qurbanı edə bilər, amma Türkiyə öz təhlükəsizliyini qoruya bilməz. Bir tərəfdən də Fransa hoppanıb düşür. Görünür, ötən il Türkiyə Fransaya az qurbağa göndərib. Nə isə…

Baxıram müzakirələr, mübahisələr gedir ki, Türkiyə ABŞ-ın qarşısında duruş gətirə bilməz. Qardaş Türkiyəyə bir az yuxarıdan aşağı baxırlar.

Qaraçı nəyini tərifləyən kimi, bu ABŞ-ın da gücünü çox tərifləyirsiz ey, dostlar. ABŞ da bu tərifdən şellənib yetənə yetir, yetməyənə də bomba tullayır.

ABŞ indiyədək savaş elan elədiyi, on minlərlə rembo tökdüyü hansı ölkədə qalib gəlib? Deyə bilərsiz? Təkcə Vyetnamda və Koreyada 50 mindən çox əsgər itirdi və sonra da məğlub olub çıxdı getdi. O cümlədən Taylandda, Kambocada məğlub duruma düşdü, neçə ildi Əfqanıstanda savaşır, 6-7 min də rembo itirib, amma ortalıqda bir şey yoxdu. İraqa da girdi, özü tab gətirə bilmədi, İŞİD yaratdı, etnik dava saldı, çıxdı aradan. Suriyada da motrosovlarla rastlaşdı və geri çəkilmək məcburiyyətində qaldı.

Türkiyə möhtəşəm bir dövlətdir, ordusu dünyanın ən güclü on ordusu içindədi. NATO-da ABŞ-dan sonra ən güclü ordu Türkiyə ordusudu. Elə ABŞ-ın özü, Avropa dövlətləri də etiraf edir ki, döyüş qabiliyyətinə və nizam-intizamına görə türk mehmetcikləri NATO-da birincidi. Rembolar pula savaşır, mehmetciklər qeyrətə.

Vətən yolunda, Millət yolunda, Allah yolunda şəhid olmağı özlərinə şərəf bilirlər. Mehmetciyin anası oğlunu savaşa göndərəndə alnına xına qoyur, «səni bu Vətənə qurban deyirəm»- deyib yola salır. Övladı da şəhid olanda ata da, ana da «Təki Vətən sağ olsun!» hayqırır.

Rembolar kinoda olur, mehmetciklər real həyatda.

«Fırat kalkanı» əməliyyatında mehmetciklər qısa bir zaman kəsiyində bu savaşdan qalib çıxdılar və cəmi 72 şəhid verdilər. Onların da əksəriyyəti alçaqcasına ya tuzağa düşürüldülər, ya da uzaqdan snayperlərlə vuruldular.

İmam Hüseyn də Müaviyənin 30 minlik qoşunu ilə vuruşanda 72 kişi ilə düşmən qabağına çıxmışdı və 72 şəhid vermişdi. Qəribədir ki, «Fırat kalkanı»nda da İmam Hüseyndən şəhidlik dərsi almış mehmetcik də 72 şəhid verdi.

Artıq dördüncü gündür ki, «Zeytun budağı» əməliyyatı davam edir. Artıq onlarla kənd və sərhəd boyu on kilometrə qədər ərazi ABŞ-ın təlim keçdiyi və içlərində də rembolar olan terrorçulardan azad olunub. Və cəmi bir şəhidimiz var. Terrorçuların da qırılanı qırılır, sağ qalanları da əfv diləyərək mehmetciklərə təslim olurlar.

Sayın Ərdoğan dəfələrlə bəyan edib ki, bizim heç kimin torpağında gözümüz yoxdur, əmin-amanlıq yaradılandan sonra, terrorçular zərərsizləşdirildikdən sonra mehmetciklər yenidən öz sərhədlərinə çəkiləcəklər.

Kimin və ya kimlərin Türkiyə torpaqlarında gözü varsa, mehmetciklər onların gözlərini oyub ovuclarına tökməyə qadirdir. Türkiyədən əlinizi və gözünüzü çəkin! Başaramazsınız! O mehmetciklər ötən əsrin əvvəllərində bütün Avropanın gücü yetməyən Atatürkün əsgərləridi.

Tanrı Mehmetciyi qorusun!

Tanrı canımız Türkiyəni qorusun!(adalet.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024