Mobil versiya
Dünya çempionunu öldürən azərbaycanlının atası qətlə yetirildi - Qisas, yoxsa...
Tarix: 18-01-2018 | Saat: 17:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Dünya çempionunu öldürən azərbaycanlının atası qətlə yetirildi - Qisas, yoxsa...



Rusiya İstintaq Komitəsinin Xabarovsk əyaləti üzrə İstintaq İdarəsi pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atasının ölümünün qisas olub-olmadığı araşdırır.

aia.az APA-ya istinadən xəbvər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk əyaləti üzrə İstintaq İdarəsinin yaydığı məlumatda bildirilir.

İstintaq İdarəsinin məlumatına görə, Əliyar Allahverənovun yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı açılmış cinayət işi çərçivəsində bütün versiyalar, o cümlədən qisas versiyası araşdırılır.

Məlumatda Ə. Allahverənovun ölümü ilə bağlı məsələnin əyalətin İstintaq İdarəsinin xüsusi işlər üzrə İstintaq Şöbəsi tərəfindən araşdırıldığı da vurğulanıb.

Qeyd edək ki, yerli "AmurMedia" informasiya agentliyi müstəntiqlərin Ə. Allahverənovun ölümü ilə bağlı qisas versiyasını nəzərdən keçirdikləri barədə məlumat yayıb. Lakin, mənbə qisas versiyası ilə bağlı hələlik heç bir sübutun olmadığını bildirib. Anar Allahverənovun vəkili Konstantin Lısenko Ə. Allahverənovun hədələndiyini söyləyib.

Xabarovskdakı Azərbaycan icmasının rəhbəri Nəriman Şükürov isə APA-ya açıqlamasında Ə. Allahverənovun ölümü ilə bağlı bunları deyib: "Yerli mətbuat baş vermiş hadisənin qisas olduğunu yazır. Lakin biz həm müstəntiqlərlə, həm də Anarın vəkilləri ilə danışdıq. Mərhum Əliyar Allahverənov səhər işə gedən zaman piyada keçidinin üstündə avtomobil tərəfindən vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçmayıb. O, hadisə yerinə polis çağırıb. Hazırda hüquq-mühafizə orqanları bu məsələni araşdırır".

N. Şükürov Ə. Allahverənovun meyitinin morqda olduğunu söyləyib: "Meyit ekspertizadan keçirilir, yaxın günlərdə ailəsinə təhvil veriləcək. Bundan sonra meyiti Azərbaycana, Yardımlı rayonuna göndərəcəyik".

N. Şükürov Anar Allahverənovun atası ilə bağlı baş verənlərdən artıq xəbərdar olduğunu deyib: "Anarın baş verənlərdən xəbəri var. Əlbəttə ki, onun üçün çox ağırdır. Xabarovska onların qohum- əqrəbası yaşayır. Anarın əmisi, əmisi uşaqları hamısı burdadır. Biz də Azərbaycan icması olaraq əlimizdən gələn yardımı əsirgəməməyə çalışırıq".

İcma rəhbəri Anar Allahverənovun cinayət işi ilə bağlı da danışıb: "Anarın cinayət işi ictimai rezonans doğurduğundan onun barəsində cinayət maddəsi də bir qədər ağır oldu. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırdılar. Lakin Anar silahla adam öldürməyib. İki nəfər arasında əlbəyaxa mübahisə olub, ehtiyatsızlıq ucbatından ölüm hadisəsi baş verib. Amma yazırlar ki, Anara ömürlük həbs cəzası verilə bilər. Anarın məhkəmədə hüquqlarını üç vəkil müdafiə edir. Onlar əlindən gələni edəcəklər ki, Anarın cəzası yüngül olsun".

Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk şəhərində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. Hadisədən sonra A. Allahverənov qaçaraq bir müddət gizlənsə də, sonda hüquq-mühafizə orqanlarına təslim olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024