Mobil versiya
Vəfalı göyərçin
Tarix: 04-01-2018 | Saat: 12:09
Bölmə:Yazar2 | çapa göndər





Şəcahan Gün



(Dəyərli dostum Böyükağa Mikayıllıya ithaf edirəm.)

Mən sizə şahidi olduğum bir göyərçin yuvası haqqında danışmaq istəyirəm. Qədim zamanlardan sülh quşları hesab edilən göyərçinlərin yaşam tərzi yəqin ki, sizə çox maraqlıdır.

Göyərçinlər orta böyüklükdə, kiçik başlı, qısa boyunlu, qısa qıçlı quşlardır. Olduqca sürətlə uçan bu quşların ayaqları yaxşı inkişaf edib. Arxa barmaqları yerə dəyir. Yer üzündə 300 növ göyərçin var. Onların gözlərini nəinki günəş şüası, hətta lazer şüaları belə qamaşdıra bilməz. Bu heyrətamiz quşlara planetimizin 30 – dan çox ölkəsində heykəllər qoyulub. Göyərçinlər sirli və müəmmalı quşlardır. Tarix boyu onların sirlərini açmaq insanlara maraqlı olub.

Göyərçinlərin özünəməxsus xüsusiyyətləri var. Hər dəfə iki yumurta qoyar, erkək və dişi birlikdə kürt yatar, balalarının da qayğısına birgə qalar, onları meyvə, dənəli və tumlu toxumlarla bəslərlər. Göyərçin ailəsində ədalətli qaydalar hökm sürər. Bundan əlavə onlar bir – biri ilə çox mehriban davranarlar. Həmişə biri digərinin qayğısına qalar.

Adətən bu quşlar ağaclarda və ya qayalıq yerlərdə yuva qurar. Amma bu dəfə onlar bir evin eyvanında yuva qurmuşlar. Və bu ailənin üzvü kimi artıq neçə illər idi ki, burada yaşayırdılar. İldə bir neçə dəfə yumurtlayar, balalarını böyüdərdilər.

Bu eyvanda məskunlaşmış göyərçinlərin heç kəs xətrinə dəyməzdi. Sanki, göyərçinlərlə bu ailə arasında sehrli bir bağlılıq vardı.

Ailə çox sakit və mehriban idi. Evdə iki balaca qız da böyüyürdü. Qızlar göyərçinlərlə dostluq edirdilər. Hər səhər yuxudan oyanan kimi eyvana qaçar, göyərçinlərlə salamlaşar, onlara dən atar, qayğısına qalardılar. Göyərçinlər də qızlara elə bağlanmışdılar ki, qızlar yuxudan bir az gec duranda ora – bura vurnuxar, səs salar, beləliklə qızları yuxudan oyatmaq istəyərdilər:

“Hardasız, darıxmışıq,durun”

Sonra göyərçinlər havaya qalxar, akrobatik hərəkətlər edər, qızları sevindirərdilər. Günəşin istisində, yağmurlu havada belə quşlar əyləncələrindən qalmazdılar. Qızlar da göyərçinlərlə bərabər şadlanar və xoşbəxtcəsinə böyüyərdilər. Beləcə illər keçirdi.

Lakin bir gün...

Payızın əvvəlləri idi. Ailə yeni mənzilə köçməyi qərar vermişdi. Artıq hər şey qablaşdırılmışdı. Bir azdan ailə bu evi tərk edəcək, yeni mənzilə köçəcəkdi. Qızlar həyəcan içində idi. Onlar göyərçinləri qoyub getmək istəmirdilər. Nə edəcəklərini də bilmirdilər. Düşüncələr içində itib batmışdılar...

-Göyərçinləri özləri ilə aparsınlar? Yox, yuvanı boş qoymaq günahdır. Bəs nə etsinlər?...

Elə bu vaxt ata qızları səslədi:

-Gəlin, artıq maşın yola düşür. İnci göyərçinlərə yaxınlaşdı. Pıçıltı ilə:

-Darıxmayın, əzizlərim, səbirli olun, deməli həyatın işi belə imiş. Biz mütləq sizin dalınızca gələcəyik. Hələ gedək yerləşək. Sonra gəlib sizi də yeni evimizə apararıq. Yenidən bizim eyvanda yuva qurarsınız. Göyərçinlər mat – mat İncinin üzünə baxırdılar. İnciyə belə gəldi ki, onların gözləri yaşarıb.

Qızlar maşına doğru getdilər. Qönçə də bacısının yanınca addımlayaraq maşına mindi. Uşaqlar susmuşdular. Hər biri öz dünyasına qapanmışdı... Gözlərini hər kəsdən gizlətməyə çalışırdılar.

Səhər yenicə açılmışdı.Yeni mənzildə hər şey qaydasına qoyulmuşdu. Ailə süfrə başına toplaşmağa hazırlaşırdı. Təkcə göyərçinlər yox idi. Qızlar dərindən köks ötürdülər. Yemək yeməyə iştahları belə yox idi. Elə bu vaxt qapıda göyərçinlər göründü. Sevincdən hamı ayaxa qalxdı. Az qala qışqıracaqdılar. Göyərçinlər havaya qalxaraq akrobatik hərəkətlər etməyə başladılar...

Göyərçinlərin vəfalı olmaqları barəsində neçə - neçə hadisələr tarixdə öz əksini tapıb. Yeni mənzildə dostlarını axtarıb tapmaq da, həqiqətən onların vəfalı quşlar olmasının sübutu idi.

Göyərçinlər eyvanda yeni yuva qurdular...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024