Mobil versiya
Məni ayaqlayan “metro adamlar”
Tarix: 13-12-2017 | Saat: 17:10
Bölmə:Yazar4 | çapa göndər

Məni ayaqlayan “metro adamlar”



Oğuz Ayvaz


Evdən çıxan kimi pillələrlə özümü küçəyə atdım. İş vaxtımın başlamasına bir saat vardı. Ağır-ağır addımlamaq, sükuta bürünmüş məhəlləmizi seyr edə-edə gəzmək pis olmazdı.


Qaş-qabaqlı buludlar şəhərin üstünü örtmüşdü. Metroya çatana qədər bir neçə tələsən adamlar gördüm. Üzlərində ciddi ifadə dolaşırdı. Ürkdüm. Ayaqlarım sürətləndi. Metroya düşdüm. İçimdə deyindim: əşşi, camaat işə gedir də, gərək üzündə mütləq təbəssüm ola?!


Eskalatordan enirəm. Çatanda platformadakı adamların da üzündə ciddi, bədbin ifadəni gördüm. Onlar tuneldən gələn işıqlı qatarı gözləyirlər.


Qatar gecikir. Eynəyimin arxasından gözlərim adamların üzündə dolaşır. Görən üzündə təbəssüm olan bir adam tapa biləcəmmi?


Sısqa bədənli, uzun saçlı bir qızda gözlərim dayanır. Onun solğun bənizində qarışqa misalı gəzirəm. Burnu Buratina kimi uzundu, həm də soyuqdan qızarıb. Dodaqları nazik və büzüşmüş. Qulaqları saçlarının içində isinir. Gözlərindəki həyat eşqini televizor pultu ilə dondurublar sanki. Bir neçə dəqiqə sonra gözləri gözlərimlə toqquşur. Baxışlarıma qəzəblə cavab verir. Gözlərimi qaçırdıram.


Qatar yorğun at kimi fınxırıb dayanır. Qatarın da üzünə baxıram. İşıqları ilə göz vurur gözlərimə. Ancaq gülümsəmir. İçəri keçən kimi hamı bir nəfər kimi boz rəngə qarışmış skamyalarda oturur. Mən isə əyləşmirəm. Bir-bir adamların üzünə baxmağa başlayıram. Lap elə yaxından. Başlayıram ən başda oturanlardan...


Bir neçə cavan oğlan boşluğa baxır. Başlarını kəsdirib onların gözlərinin içinə baxıram. Sonsuz çöl, tikanlar, buludlu hava... Yavaş-yavaş digər skamyalara keçirəm. Əli çantalı yaşlı bir qadın, pudralı qızlar, zırpı boyda, yekəqarın bir kişi. Onlara da bir-bir yaxınlaşıram. Heç biri dilə gələ bilmir ki, nə baxırsan... Əli çantalı qadının gözlərindəyəm: qab-qacaqlar, uşaqlar, qaynar qazan, ev. Pudralı qızların gözləri: universitet, makiyaj, telefon, qulaqcıq, oğlanlar... Zırpı kişi: xəngəl, araq, araq, xəngəl...


Qatar sürətləndikcə müvazinətimi itirirəm. Vaqonun qabaqkı sıralarına tərəf gedirəm. Yenə adamlar gülmür, yenə ciddidirlər.


Qarşıma təbəssüm dolu bir nəfər çıxmayacaq? Heç olmasa bir insan! Aha. O başda bir uşaq ayaqlarını yelləyir, elə bil yellənçəkdə yellənir. Başında papaq boynubükükdür. Qatarın döşəməsinə uzanıb aşağıdan yuxarıya uşağın gözlərinə baxmaq istəyirəm. Amma gözləri qaşların içinə girib. İtib gözləri...


İlan kimi sürünə-sürünə metrodan çıxıram. Minlərcə adam gəlib keçir. Heç biri gülmür. Hamı bir ağızdan susub. Kəlmələr havada donub. Bir topa adamın üstünə qışqırıram: gülün! gülün! Adamlar at ilxısı kimi sürətlə tapdalayıb məni keçirlər. Ayaqlarının altında qalıram. Qalxanda görürəm, eynəyim yerə düşüb, qırıq-qırıq olub. Üst-başım da çirk içində. Elə bil üstümə qum topası atıblar.


Ayağa qalxıb üstümü çırpıram. Toz-torpağa bürünmüşəm. Başdan-ayağa toza dönmüşəm. Tez-tələsik təmizləməyə girişsəm də, xeyri olmur, ləkələr çıxmır, əksinə daha da artır. Bir də görürəm, yaşıl paltom qara rəngə çevrilib. Zoğalı rəngli şərfim də qaralıb. Adamlardan yayınmaq üçün bir daldalanacağa gizlənirəm. Bulanıq görünür gözlərim. Adamların hamısı gülür, rənglər bir-birinə qarışıb. İçimdəki bədbin hisslər yoxa çıxır. Sevinirəm.


Metrodan çıxanda küçələr yağışın qoynunda çimirdi. Gözümü ovuşdurub, qırıq eynəyimlə şəhərə diqqətlə baxıram. Hava boz, buludlu, adamlar qara paltarlı...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024