Mobil versiya
Ortopedik stomatologiya kafedrasında tələbələr üçün aktual mövzuda seminar keçirilib
Tarix: 06-12-2017 | Saat: 11:53
Bölmə:Manşet / Səhiyyə | çapa göndər





Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında müxtəlif aktual mövzularda elmi seminarların keçirilməsi artıq ənənə halını alıb. “Metalsız keramika altında dişlərin yonulması” mövzusundakı növbəti tədbir dekabrın 2-də baş tutub.

ATU-nun ortepedik stomatologiya kafedrasının assistenti Rauf Şahmuradovun sözlərinə görə, seminarın mövzusu təsadüfi seçilməyib. Çünki stomatologiyaya dair Azərbaycan dilli ədəbiyyatda dişlərin müasir metodlarla yonulma qaydaları geniş açıqlanmır: “Bu mövzuda müəyyən qədər boşluq yaranıb. Azərbaycan dilində oxuyan tələbələrimiz təəssüf ki, lazımi məlumatı ala bilmirlər. Müasir dövrdə dişlərin qapaq altı üçün yonulma qaydaları dəyişib. Köhnə qaydalar artıq tarixdə qalmaqdadır. Çünki həm işlətdiyimiz materiallar, həm estetik tələblər dəyişir. Müasir stomatologiyadakı materiallar yeni yanaşma tələb edir. Yeni yanaşmanın bir növü metalsız keramik qapaqlar üçün dişlərin yonulması qaydalarıdır”. Rauf Şahmuradov məhz bu mövzuda seminar iştirakçılarına ətraflı məlumat verib.

Diplomdan sonrakı təhsilini Amerika və Avropada almış, uzun müddət Moskvada çalışan R.Şahmuradov qeyd edir ki, ATU-nun ortopedik stomatologiya kafedrasında dərslərin aparılması, treninqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb: “Kafedra müdirinin təşəbbüsü ilə dərs proqramı yenilənib ki, bu proqramın əsasını müasir metodların təbliği təşkil edir. Yəni, həm bacarıq, həm nəzəriyyə, həm də təcrübəyə önəm verilir. Yeni proqram sayəsində tələbələr seminarda bəhs etdiyimiz mövzunu dərsdə də keçə biləcəklər”.

Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov bu tip seminarların tələbə və rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi: “Bu seminar digər klinikalarda müəllimlər, həkimlər üçün ödənişli olaraq keçirir. Biz isə tələbələrimiz üçün belə bir imkan yaratmışıq ki, müasir stomatologiyaya dair məlumatlarla tanış olsunlar. Hazırda stomatologiya çox inkişaf etməkdədir. Məhz ona görədir ki,

seminara artıq yerlər bir ay öncədən dolmuşdu. Seminarlarımız ayda 2 dəfə olmaqla şənbə günləri, kafedramızın nümayəndələri tərəfindən ən aktual mövzularla əlaqədar keçirilir”.

Tədbirdə ATU-nun stomatologiya fakültəsinin dekanı, assistent Səyid Əhmədov, yuxarı kurs tələbələri və rezidentlər iştirak ediblər. Bir saat davam edən seminarda təlimçilər tələbə və rezidentlərin bütün suallarını cavablandırıblar.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024