Mobil versiya
Rəsulzadənin nəvəsi: “Qızım mənim yolumla getmək istəmədi” - MÜSAHİBƏ
Tarix: 01-11-2017 | Saat: 15:04
Bölmə:Gündəm | çapa göndər

Rəsulzadənin nəvəsi: “Qızım mənim yolumla getmək istəmədi” - MÜSAHİBƏ


Bu gün əməkdar rəssam, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin doğum günüdür. Onun 71 yaşı olub.
Modern.az saytı Rais Rəsulzadədən doğum günü təəssüratlarını öyrənib. Onunla müsahibəni təqdim edirik:

- Rais müəllim, 71 ili necə analiz edib, qiymətləndirərdiniz?

-Sözün düzü, yaşın mənim üçün hər hansı əhəmiyyəti yoxdur. Yəni hər zaman eşq, yaradıcılıq arzusunda olmuşam və elə də qalıram. 71 yaşım olduğunu o qədər də hiss etmirəm. Hər halda rəqəmlərə münasibətim bir az başqa cürdür. Düzdür, yaşıma görə indi çox işləyəndə tez yoruluram, soyuqdəymədən də qorunmaq lazımdır. Digər tərəfdən yaşın başqa məsələlərə müəyyən təsirləri olur. Məsələn, bir qədər səbrli, təmkinli olursan, hadisələri diqqətlə analiz edirsən.

- Atanız Azər Rəsulzadə də rəssamlıqla məşğul olub. Bu baxımdan, rəssam olmağınıza səbəb atanızdır, deyə bilərikmi?

- Bülbül nə üçün oxuyur? Onu oxutduran nədir? Əgər bilsəydi, bəlkə heç oxumazdı. Rəssamlıq da insanlarda belədir. Yəni rəssamlıq daxili tələbatdır, insanın təbiətindən irəli gələn bir şeydir və hər kəs bunun qarşısında təslim olur. Yaradıcı insanlar öz sənətinin əsiri olurlar. Amma elə adamlar var ki, bu peşə ilə məşğul olsa da, başqa sənətlərdə uğurlara imza ata bilir. Yaxud həm diplomat, həm də rəssam kimi fəaliyyət göstərən böyük, yaradıcı insanlar olub. Rəssamlıq Allahdan gələn bir şeydir və bunu inkar etmək olmur. Lakin mühitdən çox şey asılıdır.

- Siz həm də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Gənclərlə işləmək necədir?

- Gənclərlə təmasda olmaq çox maraqlıdır. Mən artıq 35 ildən çoxdur ki, dərs deyirəm. İndiki nəsil keçmiş nəsildən fərqlidir. Yəni onlar daha dinamikdirlər və maraqlı yanaşmalar ortaya qoyurlar. Lakin indiki gənclərin həyata münasibətləri bir az praktikidir, romantik hisslərdən uzaqdırlar.

- Nə zamansa siyasətlə məşğul olmağı düşünmüsünüzmü?

- Profesional siyasətlə məşğul olmaq üçün insan gərək bu sahəyə köklənsin. Bu baxımdan siyasi fəaliyyət böyük məsuliyyət tələb edir. Yəni sən təkcə özünün deyil, həmçinin kütlənin, xalqın, dövlətin taleyini həll edirsən. Müəyyən ideyalarla çıxış edir və camaatla ünsiyyətdə olursan. Onları düzgün yönəltmək üçün gecə-gündüz bu istiqamətdə çalışmalısan. Belə olduğu halda da digər işlərə vaxt qalmır. Ya o yanlıq, ya da bu yanlıq olmalıdır. Mən əgər siyasətlə məşğul olsaydım, o zaman rəssamlığa vaxt ayıra bilməzdim.

- Amma siz həm də Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədrisiniz. Bu istiqamətdə fəaliyyətiniz necədir? Hansı işlər görürsünüz?

- Mənə bu dünyada heç nə lazım deyil. Sadəcə sürgün olan atalarımızı xatırlaya biləcəyimiz, ziyarət edib bir dəstə gül qoya biləcəyimiz bir yerin olmasını istəyirəm. Bir ara bu məsələ qaldırıldı. Heydər Əliyev bunun üçün göstəriş vermişdi, lakin yarımçıq qaldı. Keçmişdə olan səhvləri təkrarlamamaq üçün bu məsələlərə ciddi yanaşmaq lazımdır. Siyasi repressiyalarla bağlı SSRİ məkanında başqa respublikalara nisbətən Azərbaycandan daha çox insan sürgün olunub. Bilirsiniz, Sibirə, Qazaxıstana və başqa yerlərə sürgün edilən vətəndaşlarımız olub.

- Siz özünüz də Qazaxıstanda anadan olmusunuz. Həmin illəri necə xatırlayırsız?

- Bəli, mən də sürügündə anadan olmuşam və bunun necə bir həyat olduğunu bilirəm. Uşaqlıqda, gənclikdə bu cür şeylərə fikir vermirsən. Mən oxuduğum məktəbdə də çeçenlər, almanlar, koreyalılar, belaruslar və ayrı-ayrı xalqların nümayəndələri var idi. Həmin vaxt onların, özümüzün sürgün olunduğunu dərk etmirdik. O vaxt ən çox əziyyət çəkən bizim valideynlərimiz olub. Onlar olduqca ağır həyat tərzi keçiriblər. Biz məktəbli idik və öz qayğılarımız var idi. Məktəbi bitirdikdən sonra başqaları üçün açıq olan yerlər, bizim üçün bağlı idi. Yalnız bundan sonra sürgündə olduğumuzun fərqinə vara bildik.

- Necə düşünürsünüz, Azərbaycan Məhəmməd Əmin Rəsulzadə irsini yaşada bilirmi?

- Rəsulzadəni sevməyən yoxdur. O, bu respublikanın banisidir. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. Rəsulzadə bütün türk dünyasında anılır və onun xüsusi yeri var. Keçmiş illərə nisbətən indi ona münasibət daha da istiləşib. Xalq Rəsulzadəni sevir və yaşadır. Onun mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. Onların dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifələridir.

- İndiyə qədər rəssamlıqda müxtəlif mövzulara, üslublara müraciət etmisiniz. Maraqlıdır, müraciət etmədiyiniz, arzusunda olduğunuz mövzu və ya üslub varmı?

- Bir az təvazökarlıqdan uzaq olsa da, mənim üçün mümkün olmayan bir şey yoxdur. Hər bir üslubda yüksək, profesional səviyyədə işləyə bilərəm. Bu da müəyyən vəziyyətlərdən asılıdır. Məsələn, təbiətdə elə hallar ola bilər ki, onu sulu yox, yağlı boya ilə təsvir etməlisən. Yaxud elə işlər var ki, ona akademik münasibət bəsləməli, yeri gələndə sovet realizmi metodlarından istifadə etməlisən. Gənclik dövründə realist məktəbi ilə yanaşı, Qərb sənəti ilə maraqlanırdım. Sizə deyim ki, bu məndə çox gözəl alınırdı. Həm məna, həm də ifadə üslubuna görə çətinlik çəkmirdim. Bu baxımdan məndə baryerlər yoxdur.

- Deyirlər, insanın adı onun həyatına təsir edir. Sizin də fərqli adınız var. Bu adı sizə kim qoyub?

- Mənim adımı nənəm qoyub. Qardaşıma Ramiz, mənə isə Rais adını verdilər. Adətən məni Rəis kimi də təqdim edirlər. Amma əslində adım Raisdir. “Ra” qədim Misirdə Günəş rəmzi olub. “İs” isə şüa, istilik anlamını verir. Hər halda nadir adlardan biridir. İndi Əli-Vəli adları daha çoxdur.

- Rais müəllim, bizə ailəniz haqqında da məlumat verə bilərsinizmi?

-Ümumiyyətlə Şərqdə bilirsiniz ki, ailə haqqında az danışılır. Mənim də sadə ailəm, həyat yoldaşım və Humay adlı bir qızım var. Hər şey öz qaydasındadır. Qızım həm siyasətdən, həm də rəssamlıqdan uzaqdır. Halbuki, uşaqlıqda çox gözəl rəsmlər çəkirdi və bacarıqlı idi. Ona bu sahədə işləməyi təklif etsəm də, mənim çox əziyyətlər çəkdiyimi bildirib qəbul etmədi. İndiki gənclər öz seçdiyi yolla gedirlər. Belə olsa, daha yaxşıdır. Düzdür, bizdə qadın rəssamlar sayca azdır. Lakin bu sənət çox çətin sahədir. Humayın elektronika, kompüter sahəsinə marağı daha çoxdur.

- Doğum gününüzü necə keçirirsiniz?

- Çox sadə keçirirəm. Yəqin bilənlərdən üç-dörd nəfər gələcək. İndiyə qədər də hardasa 10-15 zəng gəlib, təbrik edənlər olub. Yəni doğum günümü dostlar, tanışlarla qeyd edirəm.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024