Mobil versiya
Azərbaycanı bir daha dünyaya tanıdacaq: “Bakı-Tibilisi-Qars”
Tarix: 27-10-2017 | Saat: 15:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanı bir daha dünyaya tanıdacaq: “Bakı-Tibilisi-Qars”


Oktyabrın 30-da Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu ilk sərnişinlərilə birlikdə Bakıdan Qarsa doğru yol alacaq. Rəsmi açılışda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezident Georgi Marqvelaşvilinin iştirakı gözlənilir.

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Ahmet Arslan BTQ-nin əhəmiyyətindən danışarkən bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi Marmaray layihəsi ilə birlikdə Avropanı Asiya ilə birləşdirən dəmiryolu dəhlizini əmələ gətirəcək.Ə.Arslan üç ölkənin dövlət başçılarının iştirak edəcəyi səfərin Bakıdan start götürəcəyinini bildirib.

Nazirin sözlərinə görə, 3 ölkə arasında qatar səfərinin başlanması bölgənin taleyini müsbət istiqamətdə dəyişəcək:

"Bu layihə reallaşdırılandan sonra yüklər Londondan maneəsiz şəkildə Pekinə göndərilə biləcək. Aktau və Türkmənbaşı limanları vasitəsilə yükləri Çinə, Hindistana, Pakistana, Əfqanıstana çatdırmaq mümkün olacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir MirkişiliModern.az-a deyib ki, layihənin reallaşması daha çox Azərbaycan prezidenti İlham Əliyevin siyasi gücü və iradəsilə reallaşır:

"Avrasiya məkanında dünyanın 2 iqtisadi güc mərkəzi yerləşir: Qərbdə Avropa Birliyi, Şərqdə isə Çin. Bu iki nəhəng iqtisadi mərkəz arasında olan ticarət əlaqləri, yük daşımaları hər il genişlənir. Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tondan çoxdur. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Şimal dəmir yolu marşurutu əsasən siyasi cəhətdən Avopa Birliyi ölkələri ilə sabit münasibətəri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşurutu ilə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranıb. Məhz 2007-ci ildə prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı.
Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Hətta bu layihənin bəzi hissələri də hazır idi. Ancaq Azərbaycan dövlətinin gücü, prezidentinin nüfuzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. Bir neçə gündən sonra istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Ümumilikdə dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq”.

Komitə üzvünün sözlərinə görə, Bakı-Tibilisi-Qars dəmir yolu böyük iqtisadi fayda verəcək:

"Hazırda Qazaxstan Respublikası Aktau limanın yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanın da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. HazırdaTürkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaq. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək. Xatırlamaq lazımdır ki, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsidir ki, onun Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024