Mobil versiya
Mingəçevir yeni mövqeylərə çıxır
Tarix: 25-10-2017 | Saat: 16:31
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Mingəçevir yeni mövqeylərə çıxır



Sənaye, idman və turizmin inkişafı ölkənin əsas energetika mərkəzinin yeni potensiallarını üzə çıxarır

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazlrda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici və daxili siyasətin nəticəsi olaraq, Azərbaycan artıq mövcud olduğu regionun lider dövlətinə çevrilmişdir. Bu mövqey istər ölkəmizin iqtisqdi inkişaf göstəricilərində, istər Azərbaycanın hərbi potensialında, istərsə də əhalinin durmadan yüksələn rifah halında özünün təzahürlərini tapır. O cümlədən, paytaxt Bakımızla yanaşı ölkəmizin bütün regionlarında müşahidə olunan dinamik iqtisadi-sosial inkişaf da Azərbaycanda gedən mütərəqqi proseslərin bir göstəricisi kimi çıxış edir. Xüsusilə son illər respublikanın sənaye, idman və turizm mərkəzlərindən biri kimi, özünün yüksək inkişaf dinamikası ilə diqqəti cəlb edən bölgələrindən biri də Mingəçevir şəhəridir.

Ölkənin dördüncü sənaye mərkəzi




Hələ 2013-cü ilin aprel ayının 16-da Ölkə Prezidenti cənab İlham Əliyev Mingəçevirə səfəri zamanı bu şəhərin növbəti illər üçün inkişaf strategiyasını belə müəyyənləşdirmişdi:“Biz gərək Mingəçeviri böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı xüsusi göstəriş vermişəm. Əslində, Azərbaycanda üç böyük sənaye mərkəzi müəyyən olunubdur - Bakı, Sumqayıt və Gəncə. Mingəçeviri də biz bu siyahıya əlavə etməliyik. Sovet vaxtında burada çoxlu müəssisələr fəaliyyət göstərirdi. Sonra onların bir çoxu bağlandı. Biz Mingəçeviri yenidən böyük sənaye mərkəzinə çevirməliyik. Buna nail olmaq üçün artıq hökumətə müvafiq göstərişlər verilmişdir. İndi işlər gedir ki, Mingəçevirdə texnologiya parkı yaradılsın. Dövlətin dəstəyi ilə burada bir neçə iri müəssisə yaradılsın ki, iş yerləri çoxalsın. Bilirəm, baxmayaraq ki, son illərdə Mingəçevirdə iş yerləri ilə bağlı böyük işlər görülübdür, amma hələ də işsizlər vardır. Biz gərək şərait yaradaq ki, onlar işlə təmin olunsunlar və öz maddi vəziyyətlərini yaxşılaşdıra bilsinlər. Ona görə Mingəçevirin gələcək inkişafı sənayenin, turizmin inkişafı ilə bağlı olacaqdır. Əlbəttə ki, sosial infrastrukturun yaradılması və müasirləşdirməsi istiqamətində də işlər gedəcəkdir.”

Yeni nailiyyətlərə doğru



Qeyd edək ki, həmin səfər zamanıdövlət başçısı o zaman yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, “Gənclər evi”nin açılışında iştirak etmiş, “Dostluq” və “Sahil” parklarında aparılan yenidənqurma işləri, Mingəçevir Su Elektrik Stansiyasının və su anbarının yeni texnologiya əsasında qurulmuş təhlükəsizlik sistemi ilə tanış olmuşdu. Şəhərdə aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləriÖlkə Prezidenti tərəfindənyüksək qiymətləndirilmişdi.
Lakin həmin vaxt dövlət başçısının bu tarixi səfəri həm sıravi vətəndaşlar, həm də şəhərin rəhbərliyi üçün yeni nailiyyətlərin əldə olunması baxımından yeni stimul rolunu oynadı. Dövlət başçısının səfər zamanı verdiyi tapşırıq və tövsiyələr Mingəçevir Şəhər İcra Hakimiyyətinin də növbəti illər üçün fəaliyyət proqramına çevrildi. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bu barədə belə demişdi: “Ölkə üçün Mingəçevirin böyük strateji əhəmiyyətə malik bir bölgə olduğu hər kəsə məlumdur. Odur ki, dövlət başçısı Mingəçevirin inkişafına, yüksəlişinə daim böyük önəm verir. Bu davamlı dəstək və diqqətin nəticəsi olaraq Mingəçevir son illər yeni inkişaf dövrünə qədəm qoymuşdur. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ayrılan maliyyə vəsaitləri şəhərin inkişafını sürətləndirir, sakinlərin firavan həyatını təmin edir, irili-xırdalı sosial problemlərin həllinə imkan yaradır, aparılan tikinti, abadlıq-quruculuq işlərinə ahəng verir...” Təbii ki, nəticələr də özünü çox gözlətmədi. Artıq keçən ilin sentyabr ayının 21-də Mingəçevirə növbəti səfəri zamanı Ölkə Prezidenti Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Qeyd edək ki, dövlət başçısının Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunda əsas məqsəd isə, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Parklar şəhəri




Migəçevirin xüsusi özəlliklərindən biri də bu şəhərin başdan-başa yaşıllıqlara qərq olunmasındadır. Əbəs yerə deyi ki, əslində ölkənin energetika mərkəzi olan Mingəçeviri parklar şəhəri adlandırırlar. Ümumiyyətlə, ərazisinə görə çox da böyük olmayan şəhərdə ondan çox park var.Bu parklardan ən böyüyü isə “Sahil” parkıdır. Şəhərin Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkının ərazisi 380 metr uzunluqda genişləndirilib. Ötən ilin aprel ayında başlanmış inşaat işləri beş ay ərzində başa çatdırılıb. Daxili imkanlar hesabına həyata keçirilmiş tədbirlər nəticəsində parkın genişləndirilmiş sahəsi 1,2 hektara çatdırılıb. Genişləndirilmiş parkda 3500 kvadratmetr sahəyə dekorativ tamet tavaları döşənib, 30 dekorativ işıq dirəyi quraşdırılıb, yeni oturacaqlar və digər lazımi avadanlıqlar qoyulub. Parkın ərazisində 1000 ağac, 5000-ə yaxın gül kolu əkilib. Yamac boyu 1860 kvadratmetr yaşıllıq sahəsi salınıb, 940 kvadratmetr sahədə çay daşlarından bərkitmə işləri aparılıb. Yeni su təchizatı şəbəkəsi yaradılıb, 1,2 hektar sahəyə su xətti çəkilib. Ümumiyyətlə şəhərin bütün parkları çox gözəl abadlaşdırılıb və hər biri özünəməxsus dizayna malikdir.




İdman ənənələri davam etdirilir

Əlbəttə ki, Mingəçevirdən söz açarkən“Kür” Olimpiya Tədris-İdman Mərkəzindən danışmamaq olmaz. Qeyd edək ki, bu mərkəz hələ SSRİ dövründə ölkənin əsas avarçəkmə bazalarından biri kimi məşhur idi. Bu gün də, demək olar bütün keçmiş sovet respublikalarından peşəkar idmançılar yığma komandaların tərkibində təlim-məşq toplantılarını keçirmək üçün Mingəçevirə gəlirlər. Bir tərəfdən əlverişli iqlim göstəriciləri, digər tərəfdən də idmançılar və qonaqlar üçün yaradılmış, yüksək standartlara cavab verən şərait “Kür” Olimpiya Tədris-İdman Mərkəzini ilboyu akademik avarçəkmə, baydarka və kanoe üzrə məşqlərin, habelə beynəlxalq turnirlərin keçirilməsi üçün ən münasib, həm də bütün MDB məkanında analoqu olmayan bir məkana çevirir.Kompleksin tərkibinə 8 üzmə zolağına malik 21х50 metr ölçüdə üzgüçülük hovuzu, 391 tamaşaçı tutan idman zalı, NBA standartlarına cavab verən döşəmə, gəmini xatırladan 6 mərtəbəli 149 nəfərlik 4 ulduzlu mehmanxana, avarçəkmə klubu, tennis kortu, qayıqların saxlanması üçün anqar, restoran və digər obyektlər daxildir. Burada mütəmadi olaraq peşəkar turnirlər, o cümlədən avarçəkmə üzrə ənənəyə çevrilmiş, hər ilin mart ayında başlanan “Prezident Kuboku” beynəlxalq reqatası, noyabr ayında isə “Mingəçevir reqatası” keçirilir.




Bütün bu deyilənlər sözsüz ki, ilk növbədə Mingəçevir Şəhər İcra Hakimiyyəti rəhbərliyinin regionların inkişafına dair qəbul olunmuş dövlət proqramlarının icrasına tam məsuliyyətlə yanaşmasının bir göstəricisidir. Yalnız belə olan halda şəhər və bölgələrimizdə dinamik inkişafa, insanların yaşayış səviyyələrinin yüksəlməsinə nail olmaq mümkündür. Yeri gəlmişkən, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasına dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun öz çıxışlarından birində ifadə etdiyi fikirlər də, bu gün Mingəçevirdə hökm sürən işgüzar ab-hava barədə aydın təəssürat yaradır: “...Dövlət başçısı xalqın xidmətçisi olduğunu uca səslə, həm də qürurla bəyan edirsə, bir məmur olaraq bizim fəaliyyətimizin istiqaməti aydın olmalı, səlahiyyətlərimizdə müəyyən edilmiş sərhədləri aşmamalıyıq. Şəhər icra hakimiyyəti olaraq, biz adamların arasında daha çox olmağa, onları narahat edən problemləri onların öz dilindən eşitməyə üstünlük veririk. Keçən il şəhərin müxtəlif məhəllələrində 44 səyyar qəbul-görüş keçirmişik. Şəhər sakinləri ilə canlı ünsiyyət, açıq dialoq çox mətləblərə aydınlıq gətirir. Belə görüşlər zamanı şəhər sakinləri tərəfindən edilən 364 müraciətin böyük əksəriyyəti operativ qaydada öz müsbət həllini tapmışdır. Heç bir müraciət, heç bir təklif diqqətdən kənarda qalmamışdır...”



Heç şübhə yoxdur ki, regionların inkişafına dair qəbul olunan bütün dövlət proqramları bundan sonra da Mingəçevirdə yüksək səmərəliliklə həyata keçiriləcəkdir.

aia.az
Samir Qurbanov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024