Mobil versiya
Vərəmə yoluxmaq Hacı Məmmədovu keçmiş MTN-dən qurtarıb - Qanqsterdən yeni xəbər var
Tarix: 12-10-2017 | Saat: 11:49
Bölmə:Cəmiyyət / Manşet | çapa göndər

Vərəmə yoluxmaq Hacı Məmmədovu keçmiş MTN-dən qurtarıb - Qanqsterdən yeni xəbər var


Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır.
Modern.az-ın əldə etdiyi məlumata görə, o, hazırda 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Saytımıza verilən məlumatda qeyd edilir ki, H.Məmmədov 2016-cı il aprelində səhhətindəki problemlə bağlı 11 il saxlanıldığı hazırki Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Müalicəsi bitdikdən sonra 3 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və hazırda orada saxlanılır.

Məlumatda deyilir ki, KİV-lərdə 3 saylı cəzaçəkmə müəssisəsi işgəncə məkanı kimi təqdim olunsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə dünyada vərəmli məhkumların müalicəsində 1-ci yeri tutan müəssisə sırasına çıxıb. Qanuna əsasən, ömürlük məhbus vərəm xəstəsidirsə, hətta sağalıbsa belə, həmin müəssisədə saxlanıla bilər.

Məsələ ilə bağlı Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, qanun cəza çəkən məhkumların saxlanma yeri və PX daxilində hərəkəti barədə KİV-də məlumatların verilməsini cəzanı icra edən orqana qəti qadağan edir:

“Hətta buna görə inzibati məsuliyyət də nəzərdə tutulub. Bu barədə məlumat yalnız məhkumun öz razılığı ilə ailə üzvlərinə və vəkilinə verilir. Həmin şəxslərin istəyinə əsasən bu barədə məlumat ictimailəşir”.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ozamankı Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə nəfər ömürlük azadlıqdan məhrum edilib. Hacı Məmmədov istisna olmaqla, digərləri Qobustandakı qapalı həbsxanaya köçürülüb. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin dekabrında ləğv edilib, bu nazirliyin yerində iki yeni struktur - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024