Mobil versiya
TRANSPLANTASIYA
Tarix: 10-10-2017 | Saat: 15:07
Bölmə:Yazar1 | çapa göndər

TRANSPLANTASIYA


Nicat Novruzoğlu

Yaradanın bizə bəxş etdiyi orqanların dəyişdirilməsidi bu. Bir azda aydınlıq gətirsək və elmi yanaşsaq toxuma və orqanların bir orqanizmdən başqasına, yaxud orqanizmin özündə bir nahiyədən başqa nahiyəyə köçürülməsidi.

Yaxşı bir şeydir. Hansı orqanın xarab oldusa bir az babatını tapıb transplantasiya edirsən, işlər düzəlir. Olursan qoz kimi. Bəzən də elə olur ki, heç orqanın ağrımasa da onu transplantasiya edirsən. Ağrımıyan orqanını transplantasiya edənlər adətən ya kişilikdən bezib özlərini qadın edənlərdir, ya da ki, qadınlıqdan bezib kişi olmaq istəyənlər. Bu gün həm xəstəlikdən, həm də kefindən transplantasiya etdirənlər kifayət qədərdi. Və yəqin ki, nə vaxtsa Milli oftalmologiya, onkologiya mərkəzlərimiz olduğu kimi Milli Transplantasiya Mərkəzimizdə olacaq. Bu mütləqdi. Çünki burda həm sağlamlıq, həm də azadlıq olacaq. Kişilikdən bezib qadın olmaq istəyənlərin və qadılıqdan bezib kişi olmaq istəyənlərin azadlığı. Ən əsası bu azadlıq mərkəzini Avropa da yüksək qiymətləndirəcək. Məncə biz belə bir mərkəzi açmaqda çox gecikirik. Tələsmək lazımdı.
Mən öz dünyamda Milli Transplantasiya Mərkəzimizi açmışam. Hələ ora getmişəm də, üstəlik transplantasiya da elətdirmişəm. Amma bu transplantasiya mənə çox baha başa gəlib.
Bir gün eləmədim tənbəllik, dedim gedim görüm burda nəyi dəyişirlər. Getdim gördüm ki, boş-boş şeylərlə məşğuldurlar. Böyrək dəyişirlər, ciyər dəyişirlər və s.
Soruşdum: "Vicdanı dəyişirsiz?”
Adının Mübadil olduğunu söyləyən həkim eynəyini uzun burnunun üstündən azacıq aşağı düşürdüb gülümsədi: "Yox. Vicdanını niyə dəyişirsən ki?”
- Mən dəyişmirəm. Mənimki hələ ki, normal işləyir. Dedim görüm, dəyişirsinizsə, vicdanı xarab olmuş məmurlar var, bəlkə bir kampaniya keçirib onların vicdanını dəyişək. Savabdı, camaatımız üçün.
Həkim ciddiləşsə də nə cavab verəcəyini bilmədiyi üçün fikrə getdi. Handan-hana özünü ələ aldı və suyu üfürə-üfürə içən adamlar həngi dilləndi: -Vicdan dəyişilmir.
Nə qədər acı olsa da həzm elədim bu cavabı.
- Bəs insafı necə, dəyişmək olur?
- Yox. Onu da dəyişmək olmur.
- Niyə?
- Çünki gözlə görünməyən bir zadı necə dəyişmək olar ki? Götürək ağılı. Beyini nə qədər də parçalasan onun içində olan ağılı tapmaq mümkün deyil. Çünki ağıl gözə görünmür, UZİ-yə düşmür.
- Deməli, ağılsızlara da ağıl köçürdə bilmərik?
- Mümkün deyil.
- Bəs neynəyək bu vicdansız, insafsız məmurları?
- Gəl onlara toxunmayaq. Heç bilmək olmaz ki, onlara yeni vicdan yerləşdirsək bədənləri onu qəbul edər, ya yox.
- Qəbul etmiyə də bilər?
- Əlbəttə. İstəyirsən sənə bir başqa adamın orqanını yerləşdirim gör yaşaya bilərsən?
- Yaşaya bilməyəcəmsə niyə dəyişək ki?
- Yox, məni düz başa düşmədin. Yaşayacaqsan, sadəcə, gör başqasının orqanı ilə necə yaşayırlar. Sözün məcazi mənasında yaşaya biləcəksinmi?
Maraq bürüdü məni. Doğurdan da, başqasının orqanı mənim bədənimdə özünə necə yer tapa bilər? Həkim gözlərini gözümdən çəkmirdi. Cavab gözləyirdi. Ehtiyatla soruşdum:
-Hansı orqanımı dəyişəcəksiz?
Bu sual həm də razılıq cavabım idi. Tezcənə sualımı cavablandırdı: "Qoy, bu sənin üçün sirr qalsın. Yaşayarsan, xoşun gəlməz sonar öz orqanını qoyaram yerinə.
Razılaşdıq. Jurnalist üçün bundan gözəl araşdırma ola bilməzdi.
Hər şey çox qısa vaxtda baş verdi. Anestezioloq yaxınlaşdı və mən bir də gözümü açanda artıq hər şey hazır idi.
Ürəyimi dəyişmişdilər. Məmur övladının ürəyini qoymuşdular ürəyimin yerinə. Bunu mənə deyəndə çox sevindim. Bundan sağlam ürək hardan tapa bilərdim ki? Saat kimi vururdu.
Mübadil işini başa vurmuşdu. Mübadiləsi bitmişdi. Ürəyimi xüsusi qabda –kantenerdə etibarlı yerə qoymuşdular. Dedilər get, yaşaya bilsən sənin ürəyini də verərik başqa birinə, bilməsən gələrsən ürəyini qoyarıq öz yerinə.
İlk günlər hər şey yaxşı idi. Döyüntülər, təzyiq hər biri əlak səviyyədə. Lakin zaman keçdikcə...
Əvvəlcə döyüntülər artdı. Ambulator həkim bildirdi ki, bu aclığın nəticəsidir. Gərək özünə baxasan. Yoxsa ürəyin getdikcə döyünmə sürətini artıracaq.
Biz nə yeyirik ki, səhər bir az yağ-pendir, günorta kolbasa çörək, ya da dönər, axşamda qarnımızı yüngül midilənmə ilə aldadırıq. Beləcə günü və mədəni yola veririk. Qələm əhlinin yeməyi budu. Ayda bir-iki babat məclis olardı ki, o da qalıb keçmiş zamanlarda. İndi nə tapırıqsa ona da min şükür.
Başladım bir az yeməyimə fikir verməyə. Yağla pendirin böyrünə yumurta da qoydum, günortalar arada qazan yeməkləri də yedim, axşamlar da bir az çox midiləndim. Xeyiri olmadı.
Düşündüm ki, əgər bu ürək Milli Transplantasiya Mərkəzindən çıxıbsa yapışım başqa "millilərimizdən”, bəlkə köməyi ola. İlk öncə üz tutdum Milli Parka. Yeri ki, yeriyəsən. Dənizə bax ki, baxasan. Milli Parkda nə qədər milli havamızı və iyimizi uddumsa da xeyri olmadı.
Üz tutdum Milli Muğam Mərkəzinə. Zal dolu, gözəl musiqi insanı aparır bir sakit dünyaya. O dünyanın rəngarəngliyinə bu dəfə həsrət qaldım. Ürəyim az qaldı çıxsın yerindən. Bildim ki, yox, bu ürəyin muğuamla heç arası yox imiş.
Bəlkə, Milli Konservatoriyamız kömək edə. Mümkün olmadı. Döyüntülər artırdı.
Gəldim Milli Dram Teatrımıza. Ürək burda teatr durquzdu ki, gəl görəsən.
Milli Kitabxanamız da köməyimə çatmadı. Daha doğrusu ürəyimi sakitləşdirə bilmədi.
Yəqin döyüşmək üşün çırpınır bu məmur balasının ürəyi. Özümü verdim Milli Orduya. Az qalməşdı ürəyim güllələsin məni.
Artıq bu döyünütü səsi qulağımın içini də dağıdırdı. Başımı da ürəyimi də götürüb iri-iri addımlayırdım. Bilmirdim hara gedirəm. Bu gedişlə bir xeyli yol getdim. Və birdən hiss etdim ki, ürəyimin döyüntüsü bir az azaldı. Başımı qaldırıb gördüm ki, şəhərimizin bahalı butiklərindən birinin qarşısındayam. Dəbdəbəli və zadəgan görünüşlü obyekt idi. Başqa vaxt olsaydı içəri girməyə ürək eləməzdim. Bu dəfə isə hansısa bir ilahi qüvvə mənə elə bir sərbəstlik verdi ki, buraya rahatca içəri daxil oldum.
Ürəyim bir az sakitləşmişdi. Pərt olmamaq üçün asılmış paltarlara baxırdım. Çox yaraşıqlı bir pencək gözümü tutdu. Götürüb keçirdim əynimə. Yaraşırdı. Ən əsası isə o idi ki, ürəyim artıq saat kimi işləyirdi. Sevindim. Ürəyimin dərdi bu imiş. Həzm edə bilmirmiş əynimdəki köhnə paltarları. Necə həssas ürək imiş. Qərar verdim ki, alım bu pencəyi. Qiymətini 3 dəfə soruşdum. Çünki hətta üçüncüdə də qulaqlarıma inanmadım. 5000 manat.
Çıxdım dükandan. Başladım yoluma davam etməyə. Ürək yenə yerindən çıxırdı. İndi anladım ki, mənim orqanlarımla, mənim yaşayışımla, mənim qidamla yaşaya bilmir bu ürək.
Hirs və fikir məni boğurdu. Qalmışdım bir ürəyin əlində. Bir məmur balasının ürəyinin əlində.
Yalnız içki məni sakitləşdirə bilərdi. İçməli idim. Beynimdəki fikirləri, içimdəki hirsi atmaq üçün içməli idim.
Qarşıma çıxan ilk kafeyə atdım özümü. 200 qramı birbaşa içdim. Ürəyim döyünürdü. Artıq mən onu anlayırdım. O 200 qramı 2 manata araq görmüşdü? Bilmirdim ürəyi qınayım, ya özümü? Amma qınamaq artıq gec idi. Bir 200 qram da atıb çıxdım bayıra. Gözüm maşınımı axtarırdı. Maşın sürmək istəyirdim. Özü də sürətli.
Tapdım maşınımı. Sür ki, sürəsən. Hələ maşınımda belə ürəkli oturduğum, onu belə ürəkli sürdüyüm olmamışdı. Və birdən hiss elədim ki, artıq camaatın üstünə sürürəm. Tapdalamaq istəyirəm onları. Əzib keçmək istəyirəm onları. Ürəyim istəyirdi bunu. Var gücümü topalayıb saxladım maşını. Düşüb qapıdan üz tutdum qaçmağa. Dayanmadan, fikirləşmədən qaçırdım...
Artıq Mübadil həkimin otağında idim. O qədər qaçmışdım ki, ürəyim ağzımdan çıxırdı. Elə özüm də ona kömək olurdum ki, çıxsın ağzımdan. Yalvara- yalvara:
- Qaytar mənim ürəyimi. O jurnalist ürəyimi. O zülümlərə dözmüş, o xislətlər çəkmiş, o ac qalıb səsini çıxartmayan, o kasıbçılıq çəkən, ona dözən, fəryad etməyən ürəyimi. Məni yaşadan ürəyimi.
Mübadil yenə eynəyini burnun üstündə sürüşdürüb azacıq təbəssümlə dedi:
-Nooldu, nə tez gəldin? Elə bilirsən dəyişdirdin, vsyo? İndi başa düçdünmü ki, kiməsə vicdan yerləşdirməklə onu vicdanlı etmək olmur. Gərək bütün vücudda o vicdana ehtiyac yarana ki, bir şey alına. Get bala, get gir cərrahiyə otağına. Götür öz ürəyini də çıx get burdan. Otur bufetdə peraşkini ye.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə