Mobil versiya
“Azərbaycan dilinə hörmət qoymayan şirkətləri boykot etmək lazımdır” - TƏKLİF
Tarix: 04-10-2017 | Saat: 19:16
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan dilinə hörmət qoymayan şirkətləri boykot etmək lazımdır” - TƏKLİF


Ölkədə fəaliyyət göstərən bəzi xarici şirkətlər var ki, Azərbaycan dilinə hörmət etmirlər. Həmin şirkətlər əksər hallarda müştərilərinə 2 dildə - rus və ingilis dillərində xidmət təklif edir. Bu isə hər hansı bir xarici dil bilməyən Azərbaycan vətəndaşının çətinlik çəkməsi ilə nəticələnir.

Məsələ ilə bağlı Modern.az saytına danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyeva deyib ki, bu, çox ciddi nöqsandır, hər zaman müzakirə olunur.

“Bununla bağlı hər hansı cəza nəzərdə tutulmur, amma ümumilikdə baxanda biz bunu dəfələrlə qeyd etmişik ki, hər bir şirkət hansı ölkəni təmsil etməyindən asılı olmayaraq yerləşdiyi ölkənin dövlət dilinə, qanunlarına hörmətlə yanaşmalıdır. Əgər Azərbaycanın dövlət dili Azərbaycan dilidirsə, bütün rəsmi və özəl qurumlar Azərbaycan dilində fəaliyyət göstərirsə, şirkətlər də bunu nəzərə alaraq Azərbaycan dilinə üstünlük verməlidir. Xarici şirkətlər fəaliyyətlərini öz dillərində davam etdirirsə, ən azı reklam lövhələrində, vətəndaşlarla ünsiyyətdə, xüsusilə də tanıdıcı lövhələrdə Azərbaycan dilindən istifadə etməyə diqqət yetirilməlidir. Təşkilatın qapısının önündə birinci yerdə Azərbaycan dili yazılmalıdır, daha sonra digər dillər tərcümə kimi yazıla bilər”.
Millət vəkili bildirib ki, hər hansı bir şirkətin Azərbaycan dilində fəaliyyət göstərməsi ilə bağlı məcburiyyət ola bilməz.
“Ümumişlək beynəlxalq dil var - ingilis dili, xarici şirkətlər də ingilis dilində fəaliyyət göstərir. Amma onlar Azərbaycan vətəndaşları ilə təmasda olduqlarına görə, vətəndaşların rahatlığının təmin olunması üçün mütləq Azərbaycan dili, xarici dillərlə paralel şəkildə istifadə edilməlidir. Ölkənin digər atributları kimi dövlət dilinə də hörmətlə yanaşılmalıdır”.

Xalq şairi Sabir Rüstəmxanlı da problemə münasibət bildirib:


“Azərbaycanda fəaliyyət göstərən hansısa şirkət Azərbaycan dilində cavab vermirsə, həmin şirkəti boykot etmək lazımdır. Mən bu məsələdə millətin radikal addım atmasını istəyirəm. Bu necə olar ki, Azərbaycanda fəaliyyət göstərəsən, amma başqa dildə cavab verəsən. Bu gün dilimizə hörmətsizlik edənlər, sabah digər atributlarımıza eyni cür yanaşacaqlar. Vətəndaşlar bununla bağlı hansısa addım atmalıdırlar. Azərbaycanda fəaliyyət göstərən hansısa şirkət müştərilərinə Azərbaycan dilində cavab vermirsə, vətəndaşın haqqı var ki, məhkəməyə versin. Çox təəssüf ki, hüquqla vətəndaşlara verilən yollardan istifadə edən yoxdur. Mən bir hal ilə qarşılaşmamışam, əgər qarşılaşsam, dərhal məhkəməyə müraciət edərəm. Heç kimin Azərbaycan dilinə hörmətsizlik etməyə haqqı yoxdur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024