Mobil versiya
İlham Əliyev: "Azərbaycanda idmanın inkişafı çox uğurla gedir"
Tarix: 04-10-2017 | Saat: 11:31
Bölmə:İdman / Manşet | çapa göndər

İlham Əliyev: "Azərbaycanda idmanın inkişafı çox uğurla gedir"


Azərbaycanda idmanın inkişafı çox uğurla gedir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 3-də Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyəti ilə görüşündə deyib.

Nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.
Dövlətimizin başçısı çıxışında qeyd edib: "Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, Azərbaycan sizin Konvensiyanın iclasına ev sahibliyi edir. Kiyev meri Vitali Kliçko ilə görüşdükdə qeyd etdiyim kimi, biz bu məsələni müzakirə etdik və dedik ki, bu Konvensiyanın Bakıda keçirilməsi yaxşı ideya olardı. O, sizinlə əlaqə saxladı, siz qərar verdiniz".

İlham Əliyev bildirib ki, Azərbaycanın bu qədər məşhur insanların iştirakı ilə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi bizi çox şad edir və fərəhləndirir: "Dünya idman əfsanələri Azərbaycandadır. Düşünürəm ki, çoxlarınız üçün bu, ölkəmizə ilk səfərdir. Siz burada bir neçə gün qalacaqsınız, beləliklə, xalqımız, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəksiniz. Əlbəttə ki, ölkəmizdə keçirilən bu Konvensiya Azərbaycan üçün, sizi tanıyanlar, sizin döyüşlərinizi, qələbələrinizi televiziyada izləyənlər üçün mühüm tədbirdir. Bir daha xoş gəlmisiniz və Konvensiyanın işinə uğurlar arzulayıram.
Sizin hamınızın bir neçə gün Azərbaycanda olacağınız məni çox sevindirir. Bu, Azərbaycanda boksun inkişafına müsbət təsir göstərəcək. Qeyd etdiyiniz kimi, həvəskar boks yarışlarında yaxşı idmançılarımız var. Bu il boksçularımızdan biri üçqat dünya çempionu adına layiq görülüb. Olimpiya Oyunlarındakı boks yarışlarında da medallar qazanmışıq, zənnimcə, bürünc medallarımız olub. Hesab edirəm ki, boksçularımızın peşəkar boksçu olması üçün potensial mövcuddur, çünki boks Azərbaycanda çox məşhur idman növüdür".

Prezident vuğrulayıb ki, ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı çox uğurla gedir:
"Mən Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə sizi gördüm. Biz həqiqətən də uğurlu fəaliyyət göstərmişik, tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi önəmli idman tədbirlərini Azərbaycanda təşkil etmişik. Çünki bütün digər qitə oyunları artıq dəfələrlə təşkil olunub, məsələn, Amerika, Asiya və Afrika Oyunları, lakin Olimpiya Hərəkatının başladığı Avropanın özünəməxsus oyunları olmamışdı. Beləliklə, ilk Avropa Oyunları iki il bundan əvvəl burada təşkil edildi".

Dövlət başçısı xatırladıb ki, bu il Azərbaycanda minlərlə atletin iştirakı ilə İslam Həmrəyliyi Oyunları da keçirildi: "Bir neçə gün əvvəl voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirildi. Bizim komanda medal qazanmağa çox yaxın idi və dördüncü yerdə qərarlaşdı. Əlbəttə ki, digər müxtəlif idman yarışları da keçirilmişdir. Onların sırasında Formula-1 şəhər halqası da var və Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarındakı nəticələrimiz də. Riodakı Yay Olimpiya Oyunlarında biz 18 medal qazandıq və ümumi medal sayına görə dünyada 14-cü yerdə qərarlaşdıq. On milyon əhalisi olan və cəmi 25 il bundan əvvəl müstəqilliyini bərpa etmiş bir ölkə üçün bu, böyük bir nailiyyətdir. Hər dəfə Bakıya nüfuzlu idmançılar təşrif buyurduqda biz idmanın inkişafının şahidi oluruq. Əminəm ki, səfərinizdən sonra çoxlu uşaqlar sizin kimi məşhur olmaq üçün idman seksiyalarına, idman komandalarına yazılacaqlar".
Azərbaycan Prezidenti əlavə edib: "Məşhur atletlər uğurla çıxış etdikdən və karyeralarına son qoyduqdan sonra uğurlu biznesmen, siyasətçi olurlar. Vitali çox uğurla fəaliyyət göstərən bir merdir. Mənə gəldikdə isə mən də bu vəzifəyə Olimpiya Komitəsindən gəlmişəm. Çünki 20 il bundan əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti və yalnız ondan 6 il sonra Azərbaycan Prezidenti seçildim. Beləliklə, mən də idmanı təmsil edirəm, mən də sizin ailənizin bir üzvüyəm".

Gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın böyük rolunun olduğunu bir daha vurğulayan İlham Əliyev deyib:
"Azərbaycanda biz həmişə deyirik ki, gənc nəsil idmanda çox fəal olmalıdır. Çünki idman nizam-intizam, ləyaqət deməkdir, idman insanlara yaxşı hisslər aşılayır. Həqiqi idmançı heç vaxt özündən zəif olana hücum etməz, xüsusilə çox güclü fiziki imkanlara malik olan boksçular, karateçilər, güləşçilər kimi idmançıları nəzərdə tuturam. Məşhur idmançıların davranışı gənc nəsil üçün yaxşı örnəkdir. Mən ölkəmizdə həmişə atletlərimizə dəstək olmağa çalışıram, çünki onlar buna layiqdir, onlar yaxşı medallar qazanır, bayrağımızı ucaldır, həm də gənc nəslə örnəkdirlər. Çünki idman gənc nəsli yaxşı əməllərə cəlb etmək, onları küçələrdən, narkotiklərdən, spirtli içkilərdən, pis vərdişlərdən, cinayətdən ayırmaq üçün ən yaxşı vasitədir. Əfsuslar olsun ki, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonrakı ilk illərdə tam xaos, yoxsulluq və anarxiyaya görə bir çox idmançılar qeyri-qanuni fəaliyyətlə məşğul idilər. Buna görə də 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdə mənim əsas məqsədim idmançıları yenidən idmana qaytarmaq idi və bu, baş verdi".

Dövlət başçısı bildirib ki, bu gün idmançı Azərbaycanda çox hörmətli adamdır: "Hökumət onlara mükafat, çoxlu imtiyazlar verir, dövlət səviyyəsində keçirilən təşviqat kampaniyalarında biz onların təkcə necə döyüşdüyünü yox, həm də necə davrandığını, gənc nəslə necə münasibət göstərdiklərini nümayiş etdiririk. Həqiqətən də cəmiyyətin maariflənməsi və sağlamlığı üçün idmanın çox böyük təsiri var. Siz etdiklərinizi təkcə idman naminə etmirsiniz, bunu dünya üçün, sülh üçün edirsiniz. Ailəniz çoxmillətli, müxtəlif etnik mənsubiyyətli, çoxkonfessiyalıdır. Siz sülhsevər, eyni zamanda, çox güclü, həmişə özünü, ətrafındakı insanları müdafiə etmək iqtidarında olan, lakin gücündən və döyüş qabiliyyətindən yaxşı əməllər üçün istifadə edən insanlar kimi dünyanın necə fəaliyyət göstərməli olduğunu nümayiş etdirirsiniz. Ona görə, mən sizi təbrik etmək istəyirəm. Ümidvaram ki, gələcəkdə də Bakıda görüşəcəyik".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə