Mobil versiya
BƏRZANİ ÜÇÜN ATƏT-in MİNSK QRUPU
Tarix: 27-09-2017 | Saat: 10:15
Bölmə:Yazar2 / Karusel | çapa göndər

BƏRZANİ ÜÇÜN ATƏT-in MİNSK QRUPU


Aqil ABBAS

Şimali İraqdakı Kürdüstan Muxtar Vilayəti heç kimi vecinə almadan ayın 25-də öz müstəqilliyi üçün referendum keçirtdi. Və əhalinin təxminən 94 faizi müstəqilliyə «əvət» dedi.

Bu da təbiidi. Hər bir xalq, hər bir millət istər ki öz dövləti olsun. Dağlıq Qarabağdakı 70-80 min ermənidən beş, on, on beş milyonluq kürdün nəyi əksikdi ki?
Bir də ki dünya Dağlıq Qarabağa gözün üstə qaşın var demirsə, Bərzaniyə heç deməyəcək.
Yəqin ki, Kürd dövlətinin yaranmasına rəvac verən ABŞ və Avropa dövlətləri bir dənə də ATƏT-in Minsk qrupunu Bərzani üçün yaradacaqlar, üç-dörd dənə də ipləmə həmsədr onlar üçün tapacaqlar. Bu ipləmə həmsədrlər də bir 20-25 il, bəlkə də bir az çox İranda, İraqda, Türkiyədə yeyib-içib kef eləyəcəklər, pay-pürüşləri də öz yerində. Üç dənə də qu tükündən yastıq düzəldib birini Türkiyəyə, birini İraqa, birini də İrana verəcəklər.
Sonra Lissabon anlaşması, nə bilim Minsk sözləşməsi, Brüssel sövdələşməsi… müzakirələr başlayacaq ey.

Sonra dünyanın müxtəlif ölkələrində nümayəndəliklərini açacaqlar. Dünən oxudum ki, artıq bir amerikalı diplomat qeyri-rəsmi də olsa Ərbildə səfir kimi fəaliyyət göstərir. Sonra ABŞ-ın senatorları gələcək, Avropanın deputatları gələcək , Fransanın şəhərləri «Kürdüstanın» şəhərləri ilə bacı-qardaş olacaq, onlar üçün də yağı üstündə qəttəzə baronessa kokslar ortaya çıxacaq, lapşinlər gedib məqalələr yazacaq, bir sözlə, at gəldi örkən apardı, it gəldi çarıq .
Yadımdan çıxmışdı, monitorinq qrupları yaradacaqlar, onlar da həftə səkkiz mən doqquz İranla, İraqla və Türkiyəylə sınırlarda sülənəcəklər ki, atəşkəs pozulub, pozulmayıb.

Düzdür, Türkiyə bir az çox əsəbləşəcək (istədim yazım atılıb-düşəcək, dedim yaxşı deyil), onun da səmmini alacaqlar, deyəcəklər Avropanın qapılarını açırıq sizin üçün, siz də onların qapılarını açın. Təbii ki, qardaşlarımız da axıb gedəcək. ABŞ da, Avropa da Türkiyənin yumurtasını çoxdan vurub dişinə.
İraq mərkəzi hökuməti də yaman özündən çıxıb. İraq Mərkəzi Hökuməti! Bunu eşidəndə gülməyim gəlir. İraqda hökumət var ki, mərkəzi də ola? Bu Mərkəzi Hökumət heç Bağdada yiyəlik edə bilmir, onda ki Ərbilə yiyəlik edə. İraqda barmaq sayından çox başqa dövlətlərin qoşunları var, kim nə istəyir edir, kim kimi istəyir öldürür, kim hansı kəndi istəyir yandırır. İraq Mərkəzi Hökuməti! Yox bir Amerika Birləşmiş Ştatları.
ABŞ başda olmaqla Avropa dövlətləri az qala yüz ildi bu planın üstündə işləyirlər, İran, İraq, Türkiyə indi xəbər tutub?
Belə bir lətifə vardı. Müharibədən sonra bizim dağ camaatından bir qrup gedir Stalinin görüşünə. Deyirlər:
- Səndən küsmüşük.
Stalin təəccüblə soruşur:
- Niyə?
- Beş ildi müharibə olub bizə xəbər eləməmisən.
İndi yüz ildi qız evində toydu, İranın, İraqın, Türkiyənin xəbəri yoxuymuş?! Əslində bu da bir nağıldı. Və bu nağılda göydən üç alma düşmür. Üç dənə daş düşür, özü də bu daşlar yana-yana düşür, meteorit kimi. Biri İrana, biri Türkiyəyə, biri də İraqa. Və bu meteoritin qəlpələri qonşu ölkələri də vura bilər.
Baxıram hər üç ölkə «vuraram ha!» deyir. Vuran oğul ABŞ-a güvənməz, öz millətinə, öz dövlətinə güvənər. Vuraram ha! Nəynən, Alış?
Kef elə, Bərzani! Yaşasın ATƏT-in Minsk qrupu! Yaşasın Birləşmiş Millətlər Çayxanası! Ura! (adalet.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə