Mobil versiya
Prezident İlham Əliyev: "Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb"
Tarix: 25-08-2017 | Saat: 14:58
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev: "Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb"









"Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb".

Aia.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir".

İlham Əliyev vurğulayıb ki, bu tarixi qələbə eyni zamanda ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan "Qarabağ" komandası qazanıb:

"Qarabağ" komandası Qarabağ adını daşıyır. "Qarabağ" komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə də sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi deyil. Bu, dövlətimizin qələbəsidir. Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydanlarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdilər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayır, qurur, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".

Prezident bildirib ki, bu qələbə eyni zamanda Azərbaycanda futbolun inkişafının təzahürüdür: "Mən çox şadam ki, dünyanın ən populyar idman növü olan futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafı çoxdan gözləyirdik. Futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Və hesab edirəm ki, bu gün bunun şahidiyik. Çünki həm klublar, həm də milli yığma komandamız yaxşı nəticələr göstərir, ləyaqətli oyun göstərir, əzmkarlıq, iradə, vətənpərvərlik göstərir.

Ona görə mən hesab edirəm ki, ölkəmizin futbolu gələcəkdə daha da sürətlə inkişaf edəcək, həm klublar, həm də yığma komandamız ölkəmizi ləyaqətlə təmsil edəcək. Əlbəttə ki, bu qələbə ölkəmizdə son illər ərzində idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir, bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropa, istər dünya çempionatlarında, istərsə də Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda 2015-ci ildə və bu il keçirilmiş Avropa və İslam oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Komanda hesabında Avropa Oyunlarında 2-ci, İslam Həmrəyliyi Oyunlarında isə 1-ci yerə layiq görüldük. Bu, tarixi qələbədir. Eyni zamanda, ötən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmış, medalların sayına görə dünya miqyasında 14-cü yeri tutmuşlar".

Dövlət başçısı əlavə edib ki, bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir: "Çox şadam ki, Azərbaycanda ən məşhur, ən populyar idman növü olan futbol da inkişaf edir. Yeni stadionlar yaradılır, bizim tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Yeni, dünyanın ən gözəl stadionlarından biri olan Olimpiya Stadionu tikilib, burada təxminən 70 min tamaşaçı yerləşir. Digər stadionlar, bölgələrdə stadionlar, idman qurğuları tikilir. Çünki idmanın inkişafı əlbəttə ki, idman infrastrukturunun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm də Bakıda ən müasir idman infrastrukturu yaradılıb. Əminəm ki, bu qələbədən sonra futbol bölmələrinə uşaqların axını daha da artacaq, futbolçu olmaq istəyənlərin sayı artacaq, sizə oxşamaq istəyənlərin sayı artacaq və əlbəttə ki, bu sizin üzərinizə əlavə məsuliyyət qoyur. Çünki indi sizi Azərbaycanda demək olar ki, tanımayan yoxdur. Sizə olan diqqət artacaq və siz necə ki, bu günə qədər həm idmanda, həm də məişətdə özünüzü ləyaqətlə aparmısınız, əminəm ki, gələcəkdə də gənclər üçün, gənc idmançılar üçün nümunə olacaqsınız.

Onu da qeyd etmək istəyirəm ki, dünənki qələbə təsadüfi qələbə deyil. Siz bu qələbəyə doğru neçə il idi ki gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, həm də Avropa Liqasında qrup mərhələsində neçə il iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Və onu da xatırlayıram ki, o vaxt da mən bunu qeyd etdim, hətta ədalətsizliyə baxmayaraq, özünüzü ləyaqətlə, təmkinlə apardınız. Ədalət öz yerini tapdı. Bu gərgin, açıq və ədalətli mübarizədə siz sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə də sizin qələbəniz təbiidir və ədalətlidir. Bu münasibətlə mən ilk növbədə klubun rəhbərliyini, xüsusilə klubun rəhbəri Tahir Gözəli təbrik etmək istəyirəm. Mən bilirəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, böyük ürəklə yanaşır və bu gün bəlkə də ən çox sevinən elə Tahirdir. Səni, bütün köməkçilərini təbrik edirəm. Mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov həm futbolçu kimi, həm məşqçi kimi özünü futbolda təsdiqlədi, həm də peşəkar, bilikli, vətənpərvər insan kimi özünü təsdiqlədi. Eyni zamanda, yəqin ki tamaşaçılar da mənim fikrimə şərik olarlar, Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə bir güc verir.

Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fədakarlıq tələb edir. Əfsuslar olsun ki, futbolçular gənc yaşlarından zədələrlə üzləşirlər, əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Həmçinin futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər".

İlham Əliyev qeyd edib ki, bu gün "Qarabağ" futbol klubu Avropanın aparıcı klubları ilə yarışır, yarışacaq: "İndi bütün xarici kütləvi informasiya vasitələrində artıq Azərbaycanın "Qarabağ" klubu haqqında xəbərlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız o arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Və hər bir qələbə, istənilən sahədə hər bir uğurumuz o günü yaxınlaşdırır. Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə bilər və bu gün hərbi potensial bizə imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək.

İdmanda da belədir. İdman sevincini isə idmançılar bizə bəxş edir. Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıbdır. Və çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbəyə imza atdı. Mən sizi bir daha təbrik edirəm. Gələcək uğurlar arzulayıram və əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz. Sağ olun".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024