Mobil versiya
Qondarma “Dağlıq Qarabağ”ın “müdafiə naziri” Azərbaycanı hədələdi
Tarix: 23-10-2015 | Saat: 20:43
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Əgər müharibə başlayarsa...”

Rusiya prezidenti Vladimir Putin Suriyadakı hərbi avantürasında getdikcə dərinə getdiyi bir vaxtda onun öz sərhədləri yaxınlığında köhnə müharibənin yenidən alovlanması qorxusu getdikcə artır.

Aia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Bloomberg” agentliyinin Dağlıq Qarabağ münaqişəsinə dair təhlilində deyilir.

Agentlik qeyd edir ki, hazırda təmas xəttində vəziyyət I dünya müharibəsini xatırladır. Bir-birlərindən cəmi 300 metr aralıda mövqe tutan erməni və azərbaycanlı əsgərlər onları ayıran sıx minalanmış ərazidən bir-birlərini binoklla diqqətlə izləyirlər.

“Bu günlərdə onlar daha güclü silah arsenalının tətbiq olunması nəticəsində çoxsaylı itkilərin şahidi olublar” - məqalədə deyilir.

Münaqişə zonasında gərginlik getdikcə artsa da analitiklər tammiqyaslı müharibənin başlayacağını düşünmürlər.

“Bu münaqişənin tammiqyaslı müharibəyə qədər eskalasiyası indiki vəziyyətdə çətin ki, baş versin” - deyə Londonda mənzillənmiş anlitik, Qafqaz araşdırmaları üzrə jurnalın baş redaktoru Lourens Broers bildirib.

Bununla belə analitik deyir ki, risklər həddən artıq yüksəkdir.

“Bloomberg” ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupunun münaqişənin nizamlanmasına yönələn səylərinin nəticə vermədiyini xatırladır. Ermənistan bildirir ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququ var, Azərbaycan isə onun ərazi bütövlüyünə hörmət edilməsini tələb edir.

Agentlik bildirir ki, Azərbaycanın neft gəlirləri sayəsində vəziyyət dəyişib. Prezident İlham Əliyev Bakını parlaq göydələnlərin ucaldığı və bahalı butiklərin sıralandığı paytaxta çevirib, eyni zamanda öz ordusunu yenidən qurub. Azərbaycanın hərbi xərcləri ötən 10 ildə 30 dəfə artıb və 2015-ci ildə 4,8 milyard dollara çatıb. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur.

Məqalədə deyilir ki, Azərbaycanın hərbi qüdrətinin artması deyəsən, erməniləri qorxutmur və “Dağlıq Qarabağ”ın “müdafiə naziri” sentyabrın 30-da müharibə başlayarsa, təmas xəttinin 50 kilometrliyindən keçən Bakı-Tiflis-Ceyhan kəmərini hədəf alacaqlarını jurnalistlər qarşısında bildirib. Habelə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycana qarşı “hərbi-siyasi tədbirlər görməklə” hədələyib.

“Risk bundan ibarətdir ki, orada çox pis insident baş verə və biz son nəticədə qəfil, o qədər də böyük olmayan müharibənin şahidi ola bilərik” - deyə Qarabağ münaqişəsi üzrə nüfuzlu ekspert Tomas de Vall agentliyə bildirib.

Onun sözlərinə görə, həmsədrlər hazırda ancaq atəşkəs rejimini saxlamağa çalışırlar və münaqişənin nizamlanması şansına getdikcə daha az adam inanır.

“Gərginlik həm də ona görə artır ki, insanlar danışıqlarda irəliləyiş görmürlər. Hərçənd ki, Azərbaycan və Ermənistan liderləri qərar verməsələr, təmas xəttində vəziyyət nəzarətdən çıxmayacaq”- bunları isə Londondakı “Chatham House”dan Rusiya və Avrasiya proqramları üzrə analitik Zaur Şiriyev deyir.

“2008-ci ildə Gürcüstanla müharibə edərək Rusiyanın Qafqazdakı keçmiş sovet respublikaları üzərində nəzarətini saxlamaq niyyətinin necə ciddi olduğunu göstərən Putin isə uzaqdan tamaşa edir. O, ötən ilin avqustunda Azərbaycan və Ermənistan prezidentlərini Soçiyə dəvət edərək “açıq fikir mübadiləsi” aparmışdı. Bildirmişdi ki, tərəflər münaqişəni həll etmək üçün səbr, müdriklik və bir-birinə hörmət nümayiş etdirməlidir”- məqalədə deyilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə