Mobil versiya
Azərbaycan ekranında erməni bayrağı
Tarix: 03-07-2017 | Saat: 15:30
Bölmə:Yazar3 | çapa göndər

Azərbaycan ekranında erməni bayrağı



Yaşlı kişi kanalizasiyaya düşür. Nə qədər çabalasa da, bataqlıqdan çıxa bilmir. Bataqlıq onu yavaş-yavaş aşağı dartır. Kişi qışqırmağa başlayır: "Yanğın, yanğın. Köməyə gəlin, yanırıq".
Çox keçmir ki, yanğınsöndürən maşınlar gəlib çıxır. Kişini tapıb xilas edirlər. Xilasdan sonra kişidən niyə "yanğın" deyib car çəkdiyini soruşurlar. Dayının cavabı məntiqli olur: "..xdayam deyib qışqırsaydım, hansınız köməyə gələrdiniz?"
Dedilər kino var, getdik.

Adı "Üçüncü günün adamı" . Rejissoru Babək Şirinsifət.

Soyadından məlum olduğu kimi rejissor İrandangəlmədir, anadangəlmə Qarabağdan xəbəri yoxdur. O da məlumdur ki, İrandan başqa ölkəyə, illah da Azərbaycana hər rejissor gələ bilməz. Gəlirsə, film istehsalı sahəsində geridən də geri qalmış ölkəni yuxuda görüb, təsadüfi gəlmir. Rejissorun İrandan gəlməsi, Qarabağ mövzusunu hiss etməməsi ayrı mövzudur.
"Üçüncü günün adamı" deyilənə görə, Qarabağ haqqındadır. Odur ki, kinoşünas, rejissor olmadan da film haqqında hər bir vətəndaş yaza bilər və yazmalıdır.

Qəhrəman iki il Əfqanstanda əsir olmuş, heç kimə məlum olmayan səbəblərdən mükafatlandırılmış və kimsənin bilmədiyi səbəbdən 17 il həbs həyatı yaşamış kəlbəcərlidir.

Həbsdən çıxdığı gün Kəlbəcərdən olan məcburi köçkünlərin sıx yaşadığı Gəncəyə gedir. Yolda tanış olduğu kişinin sayəsində icra hakimiyyətindən bir kişi ilə tanış olur. Yeyib-içmək ərəfəsində öyrənir ki, kişinin qohumu olan həmyaşıdı ötən il Kəlbəcərə gedib. 17 il həbs yatmış qəhrəman və təsadüfi tanışı gecə ilə bir-birinə qoşulub, Kəlbəcərə gedir. Elə bu yerdə məlum olur ki, film nəinki hərbi ekspertin nəzarəti ilə çəkilib, hətta yaradıcı qrupun içində bircə nəfər də olsun əsgəri xidmətdə olmayıb. İki nəfər əlini-qolunu sallayıb, işğal olunmuş Kəlbəcər torpağına keçir. Bu ərəfədə Azərbaycan postları gözə dəymir. Onları kimsə saxlamır. Əksinə, erməni tərəfi ayıq-sayıq təsvir edilib. Quşun uçmağına belə reaksiya göstərirlər.

Komediya qarşıdadır. Erməni komandiri obrazını canlandıran Kamran Ağabalayev filmdə yeganə yaraşıqlı aktyordur. Erməni komandiri qorxmazdır, yaraşıqlıdır, əzmkardır. Əsgərini qabağa vermir, ən çətin məqamlara özünü atır. Gizli mağarada gizlənən "düşmənləri" özü axtarmağa düşür. Filmə baxan nabələd xarici tamaşaçı erməni əsgərinə aşiq olar, onun işğalçı dövlətin yox, öz ərazisini canla-başla qoruyan ordunun nümayəndəsi kimi tanıyar.

Erməni komandir ekranda görünər-görünməz qolundakı erməni bayrağı, və "Armenia" yazısı Nizami Kinoteatrının ekranlarını bəzəyir. Kameralar hər dəfə bu bayrağı və bu ləkəli dövlətciyin adını fokuslayır. Başqa rakursdan çəkmək mümkün olanda belə, operator bu əski parçasını azərbaycanlı tamaşaçısının gözünə soxur.

Filmdə həbsxana, dəmiryol vağzalı, icra hakimiyyəti kimi əhəmiyyətli və hər tərəfindən bayraq asılmış dövlət qurumları görünür. Lakin bir dəfə belə kadrlarda Azərbaycan bayrağını ekranda göstərməyi lazım bilmirlər.

Kəlbəcərdə illər sonra evini görən qəhrəman qətiyyən həyəcanlanmır. Uşaqlığının, yeniyetməliyinin keçdiyi evə daş parçası kimi baxıb, uzaqlaşır.

Filmboyu mənə məlum olmayan səbəblərdən işğal olunmuş Azərbaycan ərazisindən hər tindən bir azərbaycanlı çıxır. Bunun mənası nədir? Biz xarici tamaşaçılara nə demək istəyirik? Arada məhdudiyyət yoxdurmu? Azərbaycanlılar istədikləri vaxt gedib-gələ bilirmi? 25 ildir, işğal olunmuş ərazilərimizdə azərbaycanlılar sağ-salamat yaşayırmı?

Kəlbəcərdə iki azərbaycanlı kişi daxmada bir qadına rast gəlir. 25 il Kəlbəcərin bir kəndindən kənara çıxmayan qadın skripkada ifa edir. Əynində isə Pull&Bear markalı cins şalvar. Həmin qadın filmboyu azərbaycanlı kişilərin qollarını, ağzını ürəklə bağladığı yeganə obrazdır. Həmin qadın Kəlbəcərdə doğulan, Kəlbəcərdə böyüyən iki azərbaycanlı kişiyə anasının azərbaycanlı, atasının isə erməni olduğunu deyir. Onlardan heç biri təəccüblənmir. Azərbaycan qadının erməni kişisinə ərə getmədiyini dilinə gətirmir. Bu məqamda ssenari müəllifindən bütün bunların təsadüfi olmağına məni inandırmasını təvəqqe edirəm.

Filmi çəkənlər nəinki əsgəri xidmətdə olub, heç xarici müharibə filminə də baxmayıblar? İki azərbaycanlı mağarada gizlənib. Erməni silahlı dəstəsi isə mağaranın düz üstündə dayanıb. Qəfil partlayış səsi gəlir. Belə çıxır ki, ermənilər özləri dayandıqları yerə qumbara atıb.

Filmdə qəhrəman kimi təsvir edilən erməni komandir əsgərlərini mağaraya girməyə qoymur. Şəxsən özü mağaraya enir. İki əliyalın azərbaycanlı isə onu ələ keçirir. Ələ keçirilən komandirin Azərbaycan ordusuna təhvil verilməyini təklif etsə də, Əfqanıstanda əsirlikdə olmuş, müharibədə 17 il döyüşmüş "igid" qeyd edir ki, əsla olmaz:" Sən Allah, uzaq elə. Bizimkilərə təhvil versək, onu buraxıb bizdən yapışacaqlar".

Yaradıcı heyət erməni komandirini sağ buraxır. Film qanunları bir tərəfə, hərb qaydalarına görə düşmənə acımaq vətənə xəyanətə bərabərdir.

Filmin qəhrəmanı sonda Kəlbəcərdə qalmaq qərarına gəlir. Bunun üçün isə ilk növbədə silahını suya atır. Silahsız düşmənin üstünə getməyin bir adı var, o da düşmənə təslim olmaq. İkinci də biz 25 ildir ki, Qarabağı geri qaytarmaq eşqi ilə yanıb-tutuşuruq. 25 ildə orduya milyardlar xərclənib. O silahlar müharibə olmasa belə, Azərbaycan sərhədlərinin qorunması üçün bizə həmişə lazımdır. O silahları suya axıtmaq haqqını bizə kim verib?

Silahını suya atan qəhrəman bunu belə izah edir: "17 il ömrümü həbsxanada yandırdım. Daha bəsdir". Nə zamandan bəri həbsxana həyatı düşmənlə mübarizə ilə eyni ölçülür?

Rejissor sonadək dincəlmir. Kəlbəcərdə qalan qəhrəman geriyə qayıdan yol yoldaşını tənbehləyir: "Ehtiyatlı ol, bizim postlardakılara ilişməyəsən". Sona qədər rejissor Azərbaycan ordusunu öz vətəndaşına düşmən kimi tanıtmağa cəhd edir.

Anlayıram. Bir zamanlar telefon satışı ilə məşğul olan tanışım hazırda film çəkir. Bizdə hər şey ola bilər. Onu da anlayıram ki, hamı çəkdiyinin xarici festivalların qapısının ağzına qədər gedib çıxmasını istəyir. Bunun üçün isə film istehsalçıları filmlərində gizli xaç işarələrini "oyuncağa" çevirib. Yaxud da, anti-müharibə, Qarabağ mövzusu film istehsalçılarının yeminə çevrilib. Başqa mövzular da tapmaq olar. Məsələn, geylərin, lezbiyanların həyatından film çəkib, asanlıqla Avropada film festivallarına qatıla bilərsiniz. Qarabağ sizə istifadə predmeti ola bilməz.

Anti-müharibə ideyalarına gəlincə, əraziləri işğalda, vətəndaşları əsirlikdə olan millətin anti-müharibə film çəkmək kimi lüksü olmamalıdır. Bütün dünyada anti-müharibə film ənənəsi var. Lakin heç bir millət anti-müharibə filmi çəkərkən nə ordusunu alçaldır, nə sərhədini. Nə də bayrağını gizlədir. Hansi erməni filmində 1 saat ekranda Azərbaycan bayrağı görə bilərsiniz? Bu, mümkündürmü?

Sizə elə gəlir ki, anti-müharibə filmi çəkirsiniz. O filmlə xarici film festivallarını darmadağın edəcəksiniz, pul qazanacaqsınız. Qazanın. Lakin həmin pulun ilk gəliri ilə Şəhidlər Xiyabanına ekskursiyaya gedin. Onlardan halallıq istəyin. O pulları Şəhidlər Xiyabanında yatanların sayəsində qazanırsınız. Onların qisası isə hələ alınmayıb.

Yaradılmışlardan heyvanın yaddaşı yoxdur, heyvanların keçmiş anlayışı olmur. İnsanların isə keçmiş, tarix anlayışı var. İnsanlar bu keçmişlərə görə həyatlarını qurar, keçmişlərinə görə gələcəklərini planlayarlar. Bizim də bir keçmişimiz var. Azərbaycan torpağı işğala məruz qalıb. Hələ də əsirlikdə olan yüzlərlə insanlar var. Odur ki, biz hər şeyə əsirlikdə olanların gözü ilə baxmalıyıq. Çünki hələ ki öz gözlərimiz kordur. Gələcək üçün düzülən minaları görmürük. Əminəm ki, filmə baxan kəlbəcərlilər və digər məcburi köçkünlər etirazlarını açıq şəkildə bildirəcək.

Mənə "Film var, gəl" demişdilər...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024