Mobil versiya
ELDAR BAXIŞ, O DÜNYADA NƏ VAR, NƏ YOX?!
Tarix: 22-06-2017 | Saat: 18:12
Bölmə:Yazar2 | çapa göndər

ELDAR BAXIŞ, O DÜNYADA NƏ VAR, NƏ YOX?!

Həmişə o dünyanın varlığına inanmağa çalışmışam. Ona görə yox ki, göydən gələn kitablar belə yazır, ona görə ki, ürəyim belə istəyir. Bu fani dünya, yuxu kimi gedib-gələn dünya, pəncərədən baxıb-keçdiyimiz dünya ağrısıyla-acısıyla nə qədər gözəl olsa da bir andı, bəlkə də Tanrı üçün andan da kiçikdi.
Ağcabədidə dini dərindən bilən dörd kişi olub: Sərçə Qasım, Molla Misir (Azərbaycanın tanınmış şair və yazıçıları Ənvər Əhmədin, Əhməd Elbrusun, Əbülfət Misiroğlunun və Yusif Misiroğlunun ataları), Dəllək Abbas və Zəfər əmi. Çox qəribədi ki, Dəllək Abbas və Zəfər əmi dinin ən dərin qatının dərinliklərinə qədər bilsələr də və qatı dindarlar olsalar da mollaları, seyidləri sevməzdilər. Və qəribədi ki, onlar Axundova, Mirzə Cəlilə daha yaxındılar. Dəllək Abbasın oğlu

Azərbaycanın görkəmli yazıçısı İsi Məlikzadə idi. İsi əmi də televiziyada bir veriliş aparırdı, veriliş də daha çox ateizmə yaxın idi, həmişə o dünyanı inkar edirdi. Bir gün Abbas əmi İsiyə deyir:
- Ə, dünən yenə nə sarsaqlayırdın ki, o dünya yoxdu?
- Qağa, vallah, yoxdu.
- Var-yoxdu, nə işinə qalıb? Hamımız bir gün öləcəyik. Gedib görərəik o dünya var kef edərik, olmasa oğluyun…
O yazılası mümkün olmayan bir söz deyib.
Amma mənə elə gəlir ki, o dünya var, amma bu dünyada kef eləməyənlər, yəni o cümlədən isiməlikzadələr və eləcə də əmioğlum eldarbaxışlar bu dünyada kef eləyə bilmədikləri kimi, heç o dünyada da kef eləmirlər, lap cənnətdə olsalar da belə. Eləcə də nizamilər, füzulilər, nəsimilər, axundovlar, mirzəcəlillər və sair və ilaxır. Çünki bu dünyadakı ağrıları, acıları, dərdləri özləri ilə götürüb aparıblar o biri dünyaya və dünyanın ən müqəddəs ağacı olan əncir ağacının altında yenə bizlərin dərdini çəkirlər. Eləcə də Eldar Baxış.

Səhər-səhər «Kulis»də Ayxan Ayvazın (atası Eyvaz Əlləzoğlu da Eldar Baxışın yanındadı və müqəddəs əncir ağacının altında həm bizim dərdlərimizi çəkirlər, həm də övladlarının) Eldar Baxışla bağlı yazısını oxudum. Çox kövrəldim, hətta ağladım. Eldar Baxışın bacısından müsahibə götürmüşdü. Heç demə, iyunun 22-si əmioğlum Eldar Baxışın (Eldar Baxışla heç bir qan qohumluğum yoxdu, amma əvvəla, bir-birimizə «əmioğlu» deyirdik, ikincisi də ki Eldar Baxış kimi bütün şair və yazıçılar elə hamısı bir-birinə əmioğludu də) doğum günüymüş və 70 yaşı tamam olurmuş. Bu mənim huşumda deyildi. Bu basabas dünyada, ATƏT-in həmsədrlərinin süləndiyi dünyada, Suriyada, İraqda müsibət yaşanan dünyada… Qarabağın «yeddi ermənini bir dərədə tək görən» türk dünyasında evi-eşiyi yandırılmış, nəslinin yarısı qırılmış biri kimi heç ad günüm də yadımda deyil. Ona görə də Eldar Baxış məni bağışlasın ki, 22 iyunda onun 70 yaşı tamam olduğunu bilməmişəm.
Nə yaxşı ki Ayxan Ayvaz bunu bizlərə xatırlatdı.

Təxminən olar bir 13-14 il əvvəl Eldar Baxışdan bir yazı yazmışdım. Arxivimi axtardım tapa bilmədim, heç internet də kömək eləyə bilmədi. Deyəsən adı beləydi ki: «Eldar Baxış lay divar idi». Yəqin ki, tapıb çap edəcəm. Çünki mən orda Eldar Baxışı təsvir edə bilmişdim.
Qarabağda yaxşı oğlanlara, ləyaqətli oğlanlara, qeyrətli oğlanlara lay divar oğlanlar deyirdilər. Ola bilər ki, həmin adamlar heç də boylu-buxunlu olmasın, amma gördükləri işlər boy-buxunlu olsun. Amma Eldar Baxış həm gördüyü işlərlə, həm də fiziki anlamda lay divarıydı.
Universitetdə təzə oxuyuram, az-çox da istedadım var. Təbii ki, oturub-durduğum uşaqlar da özümüzünkülər, davakar Ağdam uşaqları. Sırf təsadüfən Eldar Baxışla tanış oldum. O vaxtlar yaradıcı insanlara bilirsiniz necə baxırdılar…

Düz 46 il bundan əvvəl Eldar Baxış da məni davakar çayxana mühitindən ayırdı və başqa bir dünyaya apardı. Sonra o dünyada mən Vaqif Cəbrayılzadəni görəcəkdim, Ramiz Rövşəni görəcəkdim, Seyran Səxavəti, Nüsrət Kəsəmənlini, Sabir Rüstəmxanlını, Çingiz Əlioğlunu… Allah-Allah, o dünya nə imiş. Və əslində bu saydıqlarım və saymadıqlarım elə o dünyanın adamlarıdılar. Bu dünyaya ona görə gəliblər və gəlmişdilər ki, bu dünyaya bir düzən versinlər. Və bu dünyanın düzənini pozanlar elə pozmayıblar ki… Amma peyğəmbərlərdən sonra gələn şairlər (şair deyəndə yaradıcı insanlar, rəssamlar, bəstəkarlar, memarlar, çox böyük sərkərdələr) bu kainatı qaytarıb yerinə qoya bilsinlər, amma onlar bu kainatı az-çox qaytarıb yerinə qoymaq üçün hətta diri-diri soyuldular, güllələndilər, asıldılar, Sibirdə çürüdülər və Eldar Baxış kimi də zəhərləndilər.

Vaqif Cəbrayılzadə deyir ki, çərx başına gəlməyənləri, çərlədin, çərlədin, öldürün. Çərlədə bilmədiklərinizi də Eldar Baxış kimi zəhərləyib öldürün.
Və Eldar Baxış, o dünyada nə var, nə yox ey?! Müqəddəs əncir ağacının altında Sokratla, Aristotellə, Dədə Qorqudla, Nizamiylə, Füzuliylə, Axundovla, Mirzə Cəlillə oturub nə söhbət edirsiz? Və ümumiyyətlə, səni Nizami, Fuzuli olan məclisə buraxırlar, yoxsa orda da bir bölgü var?
Eldar Baxış, Akif İslamzadənin səsi sizinlədi?! Bizim Qədir nətəhərdi? Rüstəmov Qədiri deyirəm.

Eldar Baxış, görən bizləri də ora buraxacaqlar, sizləri doyunca görə bilək? Bu dünyada vaxtınız çatıb deyə bilmədiklərinizi heç olmazsa o dünyada eşidək.
İmkanın olsa bizdən Akif İslamzadənin səsinə salam de. Və onu da Füzuliyə deynən ki, yenə rüşvət deyil deyin şairlərin salamını alan yoxdu.

Adalet.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024