Mobil versiya
Kim ki yüz il yaşamırsa... - Ürəyinizin istəklərinə qarşı çıxmayın
Tarix: 15-06-2017 | Saat: 14:18
Bölmə:Media / Seçilənlər-4 / Aia TV | çapa göndər

Kim ki yüz il yaşamırsa... - Ürəyinizin istəklərinə qarşı çıxmayın


Biz ürəyimizdən daha çox şey istəyirik, xüsusilə də sağlam və uzun ömür. Bəs ürəyimizin bizdən istədiklərini ona veririkmi?

Bu suala cavablandırmaqdan əvvəl ürək haqqında bəzi maraqlı faktlara nəzər yetirək.

Beləliklə, Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

Ürək təxminən bir dəqiqədə 72 dəfə, sutka ərzində 100 min dəfə, il ərzində 36 milyon, insanın bütün həyatı boyu isə orta hesabla 5 milyard dəfə döyünür.

Cəmisi 300 qram çəkisi olan ürək sutka ərzində 2 min litr qan ötürmək gücünə malikdir ki, bu ötürülən qan 90 min kilometr məsafəlik qan damarlarından keçir.

Ürək öz fəaliyyətinə hələ ana bətnində olarkən, mayalanmanın dördüncü həftəsindən başlayır.

Gözün buynuzlu qişasını çıxmaq şərtilə ürək orqanizmin 75 trilyondan artıq hüceyrəsini qanla təmin edir.

Ürəyin bir günlük sərf etdiyi enerji avtomobilin 32 kilometr məsafəni qət etdiyi zaman sərf etdiyi enerjiyə bərabərdir.

Göründüyü kimi ürək gücə-gündüz dayanmadan öz gərgin fəaliyyətini yaşamağımıza həsr edir. Ancaq bu təbii mühərrikə vaxtlı vaxtında qayğı göstərməyəndə onun da işində problemlər yaranır.

Statistik göstəricilərə görə son illər insan ölümlərinin əsas səbəblərindən biri ürək xəstəlikləri ilə bağlıdır. Narahatedici faktlardan biri də odur ki, ürək xəstəlikləri artıq cavan insanların da həyatına daxil olur. Bu xəstəliklərin yaranmasının səbəblərindən biri insanın öz sağlamlığına, öz ürəyinə olan laqeyd münasibətidir. Təəssüflər olsun ki, ömrümüzün sonuna qədər yükümüzü çəkən ürəyimizə qarşı çox vaxt amansız oluruq. Bu amansızlığımız nədən ibarətdir, ürək xəstəlikləri nədən yaranır?

Hərəkətsizlik, saatlarla kompüterin və televizorun qarşısında oturmaq, ən kiçik məsafələri avtomobillə qət etmək qərarı, düzgün qidalanmamaq, piylənmə, artıq çəki, yuxu rejiminin pozulması, siqaret və alkoqollu içkilər, stress, fiziki və zehni gərginlik, ekoloji problemlər və s.

Məhz bu və digər səbəblərdən ürəyimizin normal fəaliyyətinə problemlər yaradırıq və belə halların davamlı olması ciddi ürək xəstəlikləri ilə nəticələnir.

Belə xoşagəlməz hallarla rastlaşmamaq üçün sadəcə ürəyin istəklərini nəzərə almaq lazımdır. Əgər biz ürəyimizin səsinə qulaq assaq görərik ki, ürək öz sahibinin qarşısına çox da ağır şərtlər qoymur və çox şey istəmir.

Nədir ürəyimizin bizdən istəyi?

İlk növbədə ürək istirahət istəyir. İstirahət zamanı ürək-damar sisteminin üzərinə düşən gərginlik aradan qalxır və ürəyin işi normallaşır.

Ürək öz sahibindən normal yuxu tələb edir. Çünki yuxusuzluq ürəkdə kifayət qədər problemlərin yaranmasına səbəb olur.

Ürəyin digər bir istəyi təmiz havadır. Çirkli hava kütləsi ürəyin normal fəaliyyətinə mane olur.

Ürək bir çox insanlardan fərqli olaraq spirtli içkiləri sevmir. Çünki alkoqol ürək əzələsini zədələyir. Bu zədə nəticəsində əzələlər zəifləyir və ürək çatışmazlığı yaranır.

İnsan daha çox yedikcə, ürək daha çox narahat olmağa başlayır. Çünki çəki artdıqca ürək xəstəliyinə tutulma riski də artır.

Ürəyin öz sahibindən ən böyük təmənnası açıq havada idman və piyada gəzintidir.

İnsanlar kimi ürək də gülüşü sevir. Çünki insan gülən zaman qan damarları genişlənir, ürəyin işi asanlaşır.

Saatlarla manitorun və televizor ekranının qarşısında əyləşməyin. Təsəvvür edə bilməzsiniz ki, bu saatlar ərzində ürəyiniz nə qədər əziyyət çəkir.

Bəlkə də siz siqaret çəkəndə “zövq” alırsınız. Amma nəzərə alın ki, siqaret çəkərkən ürəyiniz içəridə boğulur.

Yemək yeyərkən bir az insaflı olun. Qida rasionunuza ürəyin sevdiyi qida məhsullarını da, təbii meyvə şirələrini, tərəvəzləri, balıq məhsullarını, yağlılıq dərəcəsi az olan ağartıları da əlavə edin.

Hər adi şeyə əsəbləşməyin, çalışın stressdən uzaq olun. Siz əsəbləşəndə ürəyiniz üçün də xoş olmur.

Nəhayət, ürəyinizdə narahatlıq, ağrı hiss edəndə ilk ağlınıza gələn dərmanı götürüb qəbul etməyin. Ürək belə özbaşınalığı sevmir. Çünki ürək mütəmadi olaraq kardioloqlarla ünsiyyətdə olmağı daha çox sevir.

Ürəyinizin istəklərinə qarşı çıxmayın, axı, o da bir gün sizin sağlam və uzun ömür adlı istəyinizə qarşı çıxa bilər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə