Mobil versiya
Tərtər və Daşkəsəndə içməli su təchizatı yenidən qurulur - FOTO
Tarix: 19-10-2015 | Saat: 18:44
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Bütün abunəçilər smart sayğacla təmin olunacaq.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” ASC tərəfindən bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir.

“Azərsu” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Tərtər və Daşkəsən şəhərlərində tikinti-quraşdırma işləri sürətləndirilib.

İcrasına bu ilin may ayında başlanılmış “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı 11 kəndin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən Tərtər rayonunun 47 min nəfər sakini faydalanacaq.

Yeni layihəyə əsasən, Tərtər şəhərinə və ətraf kəndlərə içməli su subartezian quyulardan veriləcək. Bu məqsədlə layihələndirilmiş 9 ədəd subartezian quyusunun 4-də qazıntı işləri davam etdirilir. Bununla paralel olaraq Tərtər şəhərində ümumi tutumu 10 min kubmetr olan su anbarı və buradan şəhərə qədər 3,6 km uzunluğunda magistral su xətti inşa edilir. Tikinti-quraşdırma işləri başlanandan ötən müddət ərzində Tərtər şəhərində 110 km uzunluğunda paylayıcı su şəbəkəsinin 15 km-lik hissəsi tikilib və 700-ə yaxın ünvana birləşmə verilib. Ümumilikdə 2959 ünvan yeni şəbəkəyə qoşulacaq və bütün abunəçilər smart sayğacla təmin olunacaq.

Layihə çərçivəsində ilk dəfə Tərtər şəhərində kanalizasiya sistemi yaradılır. İnşası nəzərdə tutulan 104 km uzunluğunda kanalizasiya şəbəkəsinin 22 km-lik hissəsində işlər başa çatıb.

İslam İnkişaf Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulur. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə bu layihədən 17,8 min sakin faydalanacaq.

Daşkəsən şəhərini, Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilib. Hazırda Qarainək su mənbəyində sugötürücü qurğunun tikintisi həyata keçirilir. Su mənbəyindən şəhərə qədər 20 km uzunluğunda magistral su kəmərinin inşası yekunlaşmaq üzrədir. Şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 4500 kubmetr olan 4 ədəd anbarın 3-də və nasos stansiyalarında da tikinti quraşdırma işləri davam etdirilir. Layihədə nəzərdə tutulmuş 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsinin 4,2 km-lik hissəsində işlər başa çatıb. Ümumilikdə 2560 ünvan yeni yaradılan şəbəkəyə qoşulacaq və abunəçilər smart sayğacla təmin olunacaqlar.

Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılır. Bu məqsədlə layihələndirilmiş 13,5 km uzunluğunda kanalizasiya şəbəkəsinin 3 km-lik hissəsi inşa edilib. Daşkəsən şəhərində yaranan tullantı suların təmizlənib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Layihənin icrasının 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Tərtər və Daşkəsən şəhərləri ilə yanaşı, Gədəbəy, Astara, Qazax, Samux şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti-quraşdırma işləri davam edir, Qazax və Samux şəhərləri üzrə layihələrin icrasına isə hazırlıq görülür.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə