Mobil versiya
...Biz yaşayırıq, ana!
Tarix: 12-06-2017 | Saat: 11:11
Bölmə:Yazar3 | çapa göndər

...Biz yaşayırıq, ana!



(esse)

Ana! Müqəddəs varlıq. Elə ona görə də Ana Vətən! Ana dili! Ana yurdu! — deyirik. “Ana ürəyi” şerində deyildiyi kimi ana, qadın müqəddəsliyi hər şeydən ucadır!

Necə rəhmlidir, necə amansız,

Nəcə mehribandır qadın ürəyi!

Sən onu sındırsan bilki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

Güldürsən ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O zərif duyğundur, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

Bu ucalığı, bu müqədəsliyi qəlbimizdə yaşatdığımız ən çətin və üzüntülü günlərimizdə qardaş dağı, atasız qalan nəvələrinin ah-naləsı, üzüntülü anlarımızda bizə təsəlli verən insanların dünyasını dəyişməsi ən çox anama təsir etdi. Fəryadlı anama! O başına gələn müsibətlərdən üzüldü, bu dünyada özünə yer tapa bilmədi. İtkilərin böyüklüyü, faciələrin təsir gücü yaşamaq eşqini qırdı. Anam Şəkər dünyasını dəyişdi. Üzüntülərimizə bir üzüntü də əlavə olundu. Anasız günlərimizi yaşamağa başladıq.

İstedadlı şairimiz, qələm dostum Sədaqət Vəlioğlu dəfn günü “Uyu sən qoynunda ana Vətənin” şeri ilə təsəlli verdi bizə.

Səxavət, qəmlisən bu gün qardaşım,

Gəlibdi hayına dostun, tanışın.

Dərdinə şərikəm mən də ürəkdən,

Bilmirəm heç necə dinim-danışım.

Tapşırdın torpağa Şəkər ananı,

Halına ürəkdən gizlin yananı.

Bacar ürəyinlə səbirli ol sən,

Ana uzaq gedir qoyub balanı.

Ana! Ey müqəddəs ana! Sən dərdlərinə qalib gələ bilmədin, faciələrinlə baş-başa yaşamağa tab gətirmədin. Üzüldün və fəryad içində əbədiyyətə qovuşdun. Sənsiz günlərimiz başladı. Övladların, nəvə-nəticələrin, el-oba və bütün tanıyanlarin hörmətli şairimiz Sədaqət Vəlioğlu kimi halına yandı. Yaxşılıqların, nurlu əməllərin dilə gəldi. Faciələrinin sonunda sarsıntıların, üzüntülərin yaşandı...

...Biz yaşayırıq, ana! Səninlə olan günlərimiz, nəvazişlərin, qayğıların, nəsihətlərin ən əziz, ən müqəddəs günlərimiz imiş. O günlər xatirələrə döndü, yaddaşlara hopdu. O günlər bizim ən xoşbəxt günlərimiz imiş. O günlərin ağıllı

məsləhətləri yolumuza işıq salır indi. Uğurlara nəaliyyətlərə aparır bizi. Nurlu siman, işıqlı çöhrən gözümüzdə bitib, ana! Ey müqəddəs ana! Sənli günlərimiz sənsiz günlərimizə təminat oldu! Qançəkərlərini sevdiyin kimi sevdik onları. Torpaq, yurd, Vətən sevgisi də alovlandırdın qəlbimizdə. “Qayğısız qaldı”— dediyin, nəvələrin boy atdı, ərsəyə yetdi. Hər iş öz yerini tapdı. Acılı-şirinli günlərimizdə yerin görünür ana, ey ana!

...Adını qoyduğun bir nəvən boy atır. Şəkər! Çox möcüzəli və ecaskar bir qızdır. Tez-tez hesabat istəyir, atasından-anasından və bizdən. Düşünürəm: Bu hökm hardandır onda?! Cavabı da sadədir: Uşaqkən ana kimi dinlədik, ana kimi saydıq onu... Təki həmişə belə olsun, ay ana! Sənin adınla şirin Şəkər balamız hökm etsin bizə!

Ana, sənsiz günlərin təzadları niyə?! Sən qardaşını-bacını, onların övladlarını nə qədər sevirdin, istəyirdin?! Bu sevgini, istəyi bizə də aşıladın. Onunçün can deyib, can eşidirik. Bir-birimizə güzəştə getmək elmini nə yaxşı öyrətdin bizə. Nə yaxşı...

Ən çox məhəbbətin olan qardaşın oğlu Tahir idi. İlahi bir sevgi, istək yaşamağı öyrəndik səndən ona, ay ana! Nə yaxşı, yanılmamışıq, nə yaxşı, onlar bu sevgiyə, bu istəyə laiq imiş. Nə yaxşı, Tahir ata yurdunda, eldə-obada fəxarəti ilə seçilirmiş, nə yaxşı... Onun tək oğul övladı Sənanın vətənpərvərlik hissi şanlı Lələtəpə sevincində tamamlandı. Milli Ordunun polkovnik-leytenantı doğulub boya-başa çatdığı Füzuli rayonu ərazisində şəhidlik zirvəsinə yüksəldi. Qəhrəmanlığı dil-dil gəzən Sənanın itkisi tanıyan hər bir kəsin üzüntüsü oldu...

Ana, durna qatardan ayrılan kimi insanlar ayrılır bizdən. Hansını deyim. Bacın Zibanı son mənzilə yola salanda sənin də dərdini ağılayıb, ağlayırdı əzizlərin... Əliyar, Solmaz, Qəmər, Güldəstə, Əfifa... Dilim tutmur deməyə Təhməzin faciəsini. Nə gözəl bir insan, bir qohum, bir vətəndaş dünyadan getdi. Onunla hər söhbətimiz, hər görüşümüz bir aləm idi. Doymaq olmurdu ondan. Ağılı, düşüncə tərzi, sədaqət hissi valeh etmişdi bizi. Həyat yoldaşı— qardaşın qızı Nuridənin gözünə baxa bilmədim. Ona deyəcəyim ürəyimdə qaldı. Allah Təhməzə qəni-qəni rəhmət eləsin!

... Ay ana! Ey müqəddəs insan! Soruşma məndən Aqilə nə oldu?!Aqil qardaşının istəkli övladı eldən uzaq, gözdən uzaq bir yerdə--İsraildə dünyasını dəyişdi. Şaxtalı bir qış günündə --bu yazını yazdıgım bir vaxta bu xəbər qəlbimizə hakim kəsildi. Şüəndə dogmalarının içində səsin gəldi qulagıma. Elə andım ki, Aqil faciəsi, Aqil itkisi sənində qanını dondurur, sənində vücüdunu susdurur. Görəsən o səs kimin səsi idi... Nuridənin,Aidənin(bacıları),həyat yoldaşı Nazilənin ... yoxsa sənin qızların Rozanın, Sumuzərin, Şailənin.....

....Orxan , Günel ata itkisinə necə dözsün?! Necə?!

Xeyir-şərmizin yaraşığı bacın Zibadan alırdıq sənin qoxunu. Onun öyüd-nəshiəti yapışıqlı gəlirdi bizə. Köçkünçülük həyatı yaşamasına baxmayaraq, mənəvi dayanıqlığı ilə bərabər, istəyrdi ki, iqtisadi yardım da göstərsin balalarına. Bəlkə də buna o özü də çətinlik çəkirdi, ancaq mənəvi kamilliyi içindən gələn daxili istək, yanğı bu fikirə yönəldirdi onu. Biz birmənalı şəkildə sevirdik Zibanı! Onun övladları Afiq, Afət, və Şölə bizim üçün necə əzizdir. Bu qəmli misraları ağ kağıza köçürərkən qeyri-ixtiyari olaraq uşaqlıq illərinin

xatirələri düşdü yadıma, ay ana! Bir dəfə səninlə bacın Zibagilə Füzuli rayonuna getmişdik. Zibanın düşdüyü ailədə kamli bir ağsaqqal, qoca yaşayırdı – Sirac baba. Həyat yoldaşı Miniş xanım! İlk görüşümüzdən yanılmadım ki, onlar bu dünyanın ən müdrük insanları sırasındadırlar. Bacın, onlar səni necə sevirdi, necə əzizləyirdi, ana!

Ziba haqq dünyasına qovuşdu. Ana nəslimin ağbirçəyi, bizim yaxşılı-pisli günlərmizin ümidgahı olan Ziba!

Ana! Nə yaxşı bacın Ziba Şölə balasının isti yuvasındakı kədəri, qəmi görmədi. Şölənin həyat yoldaşı Fizuli necə diqqətcil, mehriban və qonaqpərvər oğlan idi. Qəbri nurtla dolsun! Onun övladları – Samirlə Sirac ata itkisindən necə xiffətlənirdilər, ay ana!

Bacınqızı Şöləyə başsağlığı verəndə, üz-gözündəki kədər, üzüntü məni boğdu. Siması səni xatırladırdı. Elə bil fəryadlı Şölə sənsən – Şəkər ana!

Ana, biz yaşayırıq! Toy-bayramlar, üzüntülü günlər də bizimlədir. Bacın uşaqlarının evində toy-büsat görmək istəyində olduğumuz bir məqamda əzizin, yaxın qohumun Əbülfət müəllim zəng vurdu ki, bacın Zibanın həyat yoldaşı, əzizimiz Arif dünyasını dəyişib. Arif də köç etdi bu dünyadan. O da əbədiyyətə qovuşdu. Onun da işığlı çöhrəsi bizimlədir, qəlbimizdədir.

Bacın evində onun gül balaları, nəvələri böyüyür. Ata ocağının işığı onların varlığıdır. Afiq evin tək oğlu, nə yaxşı ki, Tünzalə xanım kimi yatımlı , dəyərli bir müəllimə ilə ailə həyatı qurub. Onların himayəsində həyata vəsiqə alıb övladları – Leyla, Ülvü, Vasif! Hər üçü də ali təhsilli. Həmişə xətrin əzizdir onlar üçün, ay ana!

Ana, sənin Şəkər adını nəvən daşıdığı kimi, bacın Zibanın da adını öz nəvəsi - qızı Afətin yeganə övladı Ziba yaşadır. Zibayla Şəkər necə gözəl, yaraşığlı, ecazkar qızlardır. Hər biri də öz nənəsi kimi gözəl, yatımlı və ağıllı.

... Ay ana! Sənsiz kecən günlərimizdə nə qədər gözəl –göyçək nəvələr, nəticələr gəlib bu dünyaya. Şəbinəm, Zeynəb, Leyla, Çinarə, Vüsal, Tuncay, Nəzakət, Ərşad, Kənan, Elçin, Lamiyə, Səlim, Sevinc, Türkan, Nihad, Tacir, Nərmin, Oktay, Eltun, Rəşad, Aytac, Əlyar, Kənan, Nərgiz... Hamısı da bir-birindən gözəl, göyçək. Faciələrimizlə baş-başa qaldıgımız anlarımızda sən özünü yandırıb- yaxırdın. Görünür bu dünyanın işləri belə imiş, bir yandan dolub, bir yandan boşalmaq.

Ustad şairimiz demiş :

Bir də görürsən ki, acılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat,

Əldən-ələ kecir vəfasız həyat,

Biz gəldi- gedərik,sən yaşa dünya!

... Əlimdə qələm ikən, dogma hisslərlə bu yazını yazarkən ”Ay dünya” hekayəsi ərsəyə gəldi, işıq üzü gördü. ” Ey...Ay dünya! Sənin o qədər qəribə və təzadlı işlərin var ki! Nə deyək, nə edək bu işlərə. İşinə əl uzada bilmədiyimiz

Ulu Tanrının hökmümü,həyatın yazılmamış qanunlarımı,İlahi bir ecazkarlıgın sehrimi, fani dünyanın nagılbazlıgımı, nəmi?! Bilmirəm!...Onu bilirəm ki,bütün qanunlar deformasiya olur, bir il, iki il... on il...yeniləşmə tələb edir, içtimai farmasiyalara uygunlaşdırılır, məzmun və mahiyyətcə cəmiyyətə inteqrasiya olunur. Sənin qanunların, sənin işlərin əbədidir, əzəlidir, ay dunya!... ”

Ay ana! Hər axşam ruhun bizimlədir. Biz nurlu ruhun qarşısında hesabatlıyıq.Çalışırıq ki, ata ocagının işıgını elə yandıraq ki, o ocaqda elə övladlar tərbiyə edək ki, nəsillərin ənənəsini qoruyub saxlaya bilsin.O nəsillərin ki , Ulusun Dədə Qorquddan tutmuş babamız Hacı Cəfər Taglara kimi qəhrəmanlıq səlnaməsini qəlbimizdə yaşada bilsin.Bizi təmiz əməlləri, aydın və işıqlı ideyaları ilə sevindirsin.Bu sevgini nəsillərdan-nəsillərə ötürə bilsin...

Ruhuna and icirəm, ana! Ey Ana! Sizdən öyrəndiyimiz təmiz və paklıgı, yaxşı bildiyimiz hər nə varsa onu son nəfəsimizədək qoruyub saxlayacağıq. Haqq-ədalət, şərəf hissi, ən sadə adi insanlıq normaları belə bizim fəaliyyətimizin əsasını təşkil edəcək. Şəriətdə qadagan olunmuş, qanunlarımıza zidd olan hər nə varsa bizdən uzaq olacaq. Biz övladlarımızı da bu ruhda böyüdürük. Günay, Yasin və Şəfəq ata yurduna necə sadiqdirlər, nənə-baba sevgisi, nəsihəti həmişə onları işıqlı gələcəyə səsləyir. Hərdən sorgu- suala tuturlar bizi:

---- Niyə bizə Taglar nəsli deyirlər?

---- Hacı Cəfər Tagların şerlərini ver oxuyaq.

---- Millilik nədir ?

---- Adət-ənənələrimizə sadiqlikdə hansı meyarlar öndə olmalıdır? və. s.

Sorgularını cavablandıra-cavablandıra gedirik belə. Hər sözlərində, hər əməllərində hikmət gördükcə rahatlıq tapıram. Sizsiz illərim beləcə qalır arxada. Mən özüm oldum baba, həyat yoldaşım Aidə xanım oldu nənə. Nənə -baba kimi Şəbnəmlə Zeynəb əzizdir bizə, ay ana! Sənsiz günlərimizin ən əziz, ən müqəddəs illəri beləcə qalır arxada... İllər nə yeyin kecir. Heç özümüzdə bilmirik. Uşaqlıq, gənclik, qocalıq bir-birini əvəz edir. Təki hər kəs təbii yaşayaydı bu illəri... Həyatdan doydum deyəni görmədim. Gördüklərim, bildiklərim, yazdiqlarım hər nə varsa olsun sizsiz kecən günlərimin bir elegiyası.

Səxavət Tağlar

Əməkdar müəllim, yazıçı-publisist.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024