Mobil versiya
Deputatın oğlundan prezidentə şikayət olundu
Tarix: 19-10-2015, 15:24 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Deputatın oğlundan prezidentə şikayət olundu


“Elmira Axundovanın övladı həyatımızı cəhənnəmə döndərib”

Deputat Elmira Axundova və oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışdığı haqda məlumat vermişdik.

Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır. “Yeni Müsavat”a müraciət edən Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov deyirlər ki, Həbib Axundovun dostu Elnur İbrahimovla yaratmış olduqları maliyyə fırıldağı piramidasının qurbanlarıdır.

Onlar redaksiyamıza təqdim etdikləri müraciətdə qeyd edirlər ki, Həbib Axundov və Elnur İbrahimovun əməlləri nəticəsində Ziya Vəliyevin 205 min, Elvin Vəliyevin 202 min, Sabir Ağayevin 115 min, Şahin Məhərrəmovun 70 min, Fərman Məmmədovun isə 575 min məbləğində pulları əllərindən çıxıb. Müraciət müəllifləri yazır ki, onlar əvvəlcədən planlaşdırılan dələduzluq cinayəti ilə üz-üzə qalıblar. Məhz Həbib Axundovun vasitəsi və zəmanəti ilə birbaşa onun özünə və hazırda CM-nin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur İbrahimova pul verdiklərini iddia edirlər.

Şikayətçilərin ailə üzvləri Bakı şəhər sakinləri Zeynəb Xeyrulla qızı Məmmədova, Sədaqət Əlisaab qızı Vəliyeva, Şərafət Tahir qızı Məmmədova, Aybəniz Qüdrət qızı Abdullayeva, İradə Tanrıverdi qızı Hüseynova, Aynur Əhəd qızı Vəliyeva, Tamarə Yusif qızı Abdullayeva, Ramin Elşad oğlu Vəliyev, Elşad Əbdülhəmid oğlu prezident İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova və ombudsman Elmira Süleymanovaya müraciət ediblər.

Müraciət müəllifləri yazır ki, təxminən 3 il əvvəl xırda alverlə məşğul olan Elnur İbrahimov adlı bir şəxs, Həbib Axundov adlı bir gömrük işçisi ilə əlbir olaraq “geniş biznes şəbəkəsi” qurmaq planı işləyib hazırlayıblar. Qısa müddət ərzində bu cütlük plana uyğun olaraq yaxından tanıdıqları adamların etibarından istifadə edərək, onların hər birinin külli miqdarda pulunu ələ keçiriblər. Aldadılmış həmin şəxslər hətta heç nədən şübhələnməyib və fikirləşiblər ki, Həbib Axundov və onun dostu pul qoparmaq naminə Həbib Axundovun anası, Milli Məclisin üzvü Elmira Axundovanın nüfuzunu güdaza verməz.

Müraciət müəllifləri yaxınlarının yanıldığını və bu gün aldadılanların sayının onlarla olduğunu qeyd edirlər: “Çox keçməyib ki, Həbib Axundov – Elnur İbrahimov cütlüyünün bəd əməlləri iflasa uğrayıb. Qəzetlərin də verdiyi məlumatlara görə bunlar təxminən 8 milyon manat pul mənimsəyiblər. Zərərçəkmişlər Elnur İbrahimovu istintaq orqanına vaxtında təqdim etsələr də, Həbib Axundov və onun havadarları məqsədli şəkildə faktla bağlı cinayət işi başlamayıb, Elnur İbrahimov qaçırılaraq respublika hüdudlarından kənara göndərilib. Yalnız bundan sonra faktla bağlı cinayət işi başlanmış. Elnur İbrahimov təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun olduğu yer məlum olmadığından cinayət işi üzrə icraat dayandırılıb, Həbib Axundov isə anasının qanadı altında əməllərini davam etdirir.
Aldadılmış, müflis olmuş insanların əzab-əziyyəti də elə həmin gündən başlayıb. Anası Elmira Axundovanın əlaqələrindən, polis generalının adından sui-istifadə edən Həbib Axundov polis orqanlarında çalışan tanış-bilişlərini ayağa qaldırıb. Yüz minlərlə pul itirmiş, müflis olmuş insanlar isə polis müstəntiqlərinin əlində oyuncaq olublar. Məkrli niyyət aydındır; Elmira Axundovanın nüfuzunu qorumaq, oğlunun da dələduzluğunu ört-basdır etmək üçün zərərçəkənlər o qədər incidilib get-gələ salınmalıdırlar ki, onlar özləri boğaza yığılıb tələblərindən əl çəksinlər. Biz yaxşı bilirik ki, ölkənin yüksək rütbəli dövlət xadimlərinin məmur övladı və onun dəstə üzvlərinin bu mənfur əməlləri barədə xəbərləri yoxdur. Bütün varlığımızla əminik ki, hüquq-mühafizə orqanlarımız heç kimin əlində alət olmayıb, bundan sonra da olmayacaq. Onu da bilirik ki, bir-iki müstəntiq eyhamlı, ikibaşlı suallarla zərərçəkənləri dolaşdırmaq, fikirlərindən döndərmək üçün canfəşanlıq edirlər.

Bunlar camaatın pulunu mənimsəmiş dələduz Elnur İbrahimovu və cəzalanmayacağına tam arxayın olduqları Həbib Axundovu nəyin bahasına olursa-olsun qıraqda saxlamaq, məsuliyyətdən yayındırmaq istəyirlər. Doğmalarımız səksəkə içərisindədirlər. Hər dəfə dindirilməyə dəvət ediləndə bilmirlər müstəntiqlər daha hansı pəstahları açacaqlar. Bundan da böyük rəzalət olar? Var-dövlətimiz əlimizdən getməklə yanaşı kreditorların qarşısında aciz qalmışıq. Hər gün borc aldığımız şəxslərdən hədə dolu sözlər eşidirik. Qəsdən aradan çıxarılmış Elnur İbrahimovun saxlanılıb sorğu-suala çəkilməsi üçün istintaq orqanı tərəfindən konkret olaraq heç bir iş görülmür. Deputatın oğlu Həbib Axundov isə heç bir şey baş verməmiş kimi kefindədir. Ona güldən artıq söz deyilmir. Biz nə vaxta qədər dələduzları min bəhanə ilə məsuliyyətdən uzaqlaşdırmağa cəhd edən qərəzli müstəntiqlərin həqarətlərinə dözməliyik? Belə çıxır ki, susmalıyıq, əzizlərimiz halal pullarından əl çəkməlidirlər, təki deputatın adı orda-burda hallandırılmasın?”

Müraciət müəllifləri deputat oğlunun onlardan alınan pullar hesabına aldığı əmlakların siyahısını da təqdim edirlər: “Möhtərəm Cənab Prezident! Millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundov dələduzluq yolu ilə övladlarımıza olmazın əzabını yaşatmaqla bahəm, bütün ailə üzvlərimizin həyatını cəhənnəmə döndərib. Həmin pullar hesabına Bakı şəhərinin A. Alı 45 ünvanında 5 mərtəbəli möhtəşəm bina, Nəsimi rayonu N.Rəfibəyli küçəsi 72 ünvanında 6 mərtəbəli ofis binası inşa etdirən Həbib Axundov qiyməti yüz min manatlarla ölçülən 4-5 ədəd bahalı avtomaşınlarda gəzməklə, London, Dubay, Türkiyədə kef məclisləri qurmaqla ”Port Baku” yaşayış kompleksində 235 kv.metrlik lüks evində dəbdəbəli həyatını yaşayır. Dövlət Gömrük Komitəsində aylıq maaşı 486 manat olan bu şəxs hansı vəsait hesabına yuxarıda qeyd etdiyimiz obyekt və avtomaşınlara, villalara və daha nələrə sahiblənib? Əlbəttə ki, bizim övladlarımızın və daha onlarla insanlardan dələduzluq yolu ilə aldadıb aldığı pullar hesabına. Sizdən xahiş edirik ki, bizim müraciətimizi nəzarətə götürüb, Həbib Axundovun və onun havadarlarının qanun qarşısında cəzalandırılması və bizim övladlarımıza vurduğu maddi ziyanın ödətdirilməsi üçün aidiyyəti strukturlara göstəriş verəsiniz”.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.



5618 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930