Mobil versiya
Bakıda 1 hektar ərazidə ağaclar yanaraq məhv oldu
Tarix: 09-06-2017 | Saat: 18:33
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda 1 hektar ərazidə ağaclar yanaraq məhv oldu



Bu gün saat 12 radələrində Badamdar yaylasında, yüksək maili ərazidə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016-cı ildə salınmış yaşıllıq sahəsində yanğın hadisəsi baş verib.

ETSN-in mətbuat xidmətindən AİA.Az-a verilən xəbərə görə, ərazidə əsən külək nəticəsində yanğın qısa müddət ərzində yayılaraq 1 hektar ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində tam lokallaşdırılaraq söndürülüb. İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb yoldan keçən avtomobillərdəki ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş siqaret kötüyünün yerə atılması olub:

"Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 24 Eldar şamı, 19 ayland, 9 akasiya, 5 oleandr, ümumilikdə 57 ədəd ağac yanaraq məhv olub, 288 ədəd ağaca isə ziyan dəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində min bir əziyyətlə yetişdirilmiş ağaclar məhv olub, yaşıllıq sahəsinin bir hissəsi yanıb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan siqaret kötüyünü yerə atır və yaşıllığın yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq bərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa və xalqımızın milli sərvəti olan meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024