Mobil versiya
Azərbaycanda dini filmlər çəkməyə nə və kimlər mane olur ...
Tarix: 08-06-2017 | Saat: 18:36
Bölmə:Gündəm / Aia TV | çapa göndər

Azərbaycanda dini filmlər çəkməyə nə və kimlər mane olur ...



Hazırda dünyada öz səviyyəsinə və inkişafına görə fərqlənən İran kinematoqrafiyası bir-birinin ardınca dini motivli filmlər ortaya çıxarmağı bacarıb.

Bu filmlərin bir qismi böyük əks-səda doğurub. Bir çoxu da müsəlmanların rəğbətini qazanıb.
İranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbərdən bəhs edən “Məhəmməd – Allahın elçisi” filmi də maraqla qarşılanıb.
Bəs Azərbaycanda nə üçün dini mövzuda çəkilən kino yoxdur? Rejissorlarımız bu mövzuya müraciət etməyi düşünürmü?

Modern.az saytı bu suallarla rejissorlara müraciət edib.

“Dini mövzularda film çəkmək asan deyil”

Kinorejissor və ssenarist Şamil Əliyev din mövzusuna müraciət etməyi düşünmür:
“Dini mövzuda film çəkmək yönümündə heç vaxt düşünməmişəm və düşünmürəm. Gələcəkdə nə baş verəcək, psixofiziologiyamda hansı transformasiya olacaq, onu deyə bilmərəm. İranda bu tip filmlər çəkilir və çəkilməlidir. Bilirsiniz ki, İran şəriət qaydaları ilə idarə olunur. Biz sivil dövlətik. Bizdə də dini mövzuda kimlərsə sənədli film, hətta bədii film də çəkə bilər. Amma bu mövzuda film çəkərkən çox ehtiyatlı olmaq lazımdır.

Yəni hər bir filmin, əsərin məqsədi olur ki, mən bu filmi niyə çəkirəm? Son məqamda nəyə nail olmaq istəyirəm? Bu suallara cavab tapandan sonra kimlərsə dini mövzulara müraciət edə bilər. Amma dini mövzularda film çəkmək asan məsələ deyil.

Adətən belə filmlərin kinematoqrafik dəyəri olmur. Çünki sənətkar müəyyən çərçivə daxilində hərəkət etməyə məcburdur. Burada dini fəlsəfə, şəriət qaydaları, qanunlar çərçivəsindən kənara çıxa bilməzsən. Rejissor müəyyən mənada yaradıcı şəxsdir. Hər bir filmdə ortaya müəyyən fikir atmalıdır. Hər rejissor sadə illüstrasiya etməyə razı ola bilmir. Yaradıcı münasibət bəsləyəndə də müəyyən təxəyyülə varmış olursan. Bu və ya digər şəkildə dini qaydalardan, hətta şəriət qaydalarından kənara çıxmış ola bilərsən”.

“Dini filmlər müsəlman dünyasında məzhəb qarşıdurmasına gətirib çıxara bilər”

Rejissor “Məhəmməd – Allahın elçisi” filminin fonunda dini filmləri çəkməyin çətinliyindən də söz açıb:
“Türkiyə kanalında “Məhəmməd-Allahın elçisi” filmi verildi. Filmin rejissoru Məcid Məcidinin yaradıcılığına fikir versəniz görərsiniz ki, bu film indiyə kimi çəkdiyi bütün filmlərdən tamam fərqlənir.

Rejissorun bu filmə qədərki filmləri daha çox xoşuma gəlirdi və onların kinematoqrafik dəyərləri daha dərin idi. Amma bu film müəyyən çərçivə daxilində idi. Məcid Məcidi çərçivədən kənara çıxmaqda müəyyən cəhdlər etsə də, birmənalı qarşılanmamışdı. Bəzi müsəlman ölkələri hətta bu filmi qəbul etməmişdi.
Elə film çəkə bilərsən ki, bu, müsəlman dünyasında məzhəb qarşıdurmasına gətirib çıxara bilər. İran əsasən şiə məzhəbinə inanan dövlətdir. Sünni məzhəbli dövlətlər filmə qıcıqla yanaşdı, hətta Məhəmməd peyğəmbərin şəxs kimi göstərilməsini qəbul etmədilər. Filmdə Peyğəmbər arxadan göstərilir və səsi gəlmir, subtitrlərdan istifadə edilirdi.

Mən rejissor kimi Məcid Məcidiyə sual verərdim ki, Məhəmməd peyğəmbəri arxadan göstərmək nə verdi sənə? Sən kinematoqrafik qanunları, montajın tələblərini kobud şəkildə pozmusan. Əgər o kinematoqrafiyanı irəli aparsa, estetik bir yozum olsa biz ona hörmət edərik”.

“Azərbaycan kino sənayesi hələki belə filmlər çəkməyə hazır deyil”

Ş.Əliyev Azərbaycanda dini motivli filmlərin olmamasının səbəbindən də bəhs edib:

“Kinonun da, dinin də öz qanunları var. Burada sənətkar tam azad deyil. Hansısa estetik müdaxilələr etmək, yenilik gətirmək mümkün deyil. Onda sən dinin qanunlarına müəyyən xələl gətirmiş olacaqsan.

Bu da müsəlmanlar arasında qarşıdurmaya səbəb ola bilər. Hər bir əsər müəyyən mənada insanları birləşdirməli, sülhə çağırmağa xidmət etməlidir. Mənim aləmimdə belədir. Sənətkar var ki, cəmiyyəti yerindən oynadan qaşınmayan yerdən qan çıxaran film çəkmək istəyir. Amma dini mövzularla belə eksprimentlər etmək olmaz. Burada nə kinematoqraf estetikası, nə də dini fəlsəfə qazanan tərəf olur. Din də, incəsənət də ictimai şüurun formalarından biridir.

Digər tərəfdən hətta İran kimi kino infrastrukturu olan ölkə Hollivudun kino sənayesinə üz tutmalı olmuşdu. Azərbaycan kino sənayesi hələki belə filmləri çəkməyə hazır deyil. Sadəcə illüstrasiya formasında nəsə çəkmək olar. Dini motivli kinolar çəkmək üçün yüz ölçüb bir biçmək lazımdır. Teoloqlar, dini alimlər, tarixçilərlə məsləhətləşəndən sonra nəsə etmək olar. Buna da bizim kino sənayemiz hazır deyil.

Məsələn “Əli və Nino” filmini çəkdik. O proyektin arxasında Leyla Əliyeva dayanmışdı. O olmasaydı, biz bu layihəni ərsəyə gətirə bilməzdik. Yaxud cənab prezident “Dədə Qorqud” filminin çəkilməsi ilə bağlı sərəncam verib, hətta ssenari də hazırdır. Amma biz bu filmi çəkə bilmirik. Artıq bir “Dədə Qorqud” filmimiz var. Buna görə də daha sanballı film ortaya qoymalıyıq. Kino sənayemiz formalaşandan sonra “Dədə Qorqud”u da, dini mövzulu filmləri də çəkə bilərik.

Məsələn, mənim “Xalı” adlı tammetrajlı filmimin ssenarisi hazırdır. Üç il bundan qabaq nazirliyə təqdim olunub, bədii Şurada müzakirə edilib və müsbət fikirlər bildirilib. Hətta cənab nazir Əbülfəz Qarayev də bu proyektə dəstək verib. Amma üç ildir gözləyirəm, hələ də istehsalata girə bilmirəm. Bilirsiniz ki, xalı maddi-mədəni irsimizdir. Bu haqda sıradan film çəkməyə ixtiyarımız, mənəvi haqqımız yoxdur. Nazirlik də proyektim ətrafında resurslar axtarır. Burda həm maddi, həm də yaradıcı potensialdan söhbət gedir. Ağır mövzu olduğu üçün çətindir. Bu dini mövzulara da aiddir”.

“Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən dəstək və təşşəbbüs olmalıdır”

Tanınmış rejissor Kənan Mahmudov (Kənan M.M) dini mövzulu filmlərin çəkilməsi fikrinə hər zaman açıq olduğunu bildirib:
“Düşünmək artıq vacib amillərdən biridir. Çünki din və ya qeyri mövzular olsun - sənətimiz budur. Filmin tərkib hissəsi təkcə komediyadan ibarət deyil. Düzdür, dini filmlər çəkmək nə qədər çətin olsa da, vacib işlərdən biridir.

Müsəlman ölkəsi olduğumuz üçün borcumuzdur. Düşünürəm ki, Qafqaz Müsəlmanlar İdarəsindən buna bilavasitə dəstək və təşşəbbüs olmalıdır.

Mən belə şeylərə hər zaman açığam. Məsələn, bir insanın Kərbəlaya gedib gəlməsi, onun həyatının dəyişməsi haqqında Şahin Zəkizadənin də fikirləri var idi. Çox təəssüf ki, ömrü vəfa etmədi.

İmkan yaratsalar, dəstək olsalar niyə də çəkməyək. Belə filmlər kommersiya filmi deyil, ona görə də heç kim risk edib pul qoymaq istəmir. Qəlb, könül məsələsidir. Amma təkcə sevgi ilə filmi ərsəyə gətirmək olmur, həm də maddi dəstək lazımdır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024