Mobil versiya
Messi Ronaldu haqda: "Bizi üz-üzə qoymaq..."
Tarix: 08-06-2017 | Saat: 12:27
Bölmə:İdman / Karusel | çapa göndər

Messi Ronaldu haqda: "Bizi üz-üzə qoymaq..."




Həm Ronaldu, həm də mən bir-birimizin oyunundan əlavə güc alırıq. Bizi üz-üzə qoymaq istəyənlərdən xəbərdarıq və bundan narahat deyilik.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi deyib.

Sabah Braziliya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Argentina millisi qarşılaşmanın hazırlıqlarını Çində keçirib. "Tanqoçular"ın kapitanı jurnalistlərə müsahibəsində əvvəlcə "Real"ın hücumçusu Kriştianu Ronaldu ilə müqayisəsinə münasibət bildirib.

O, portuqaliyalı superulduzla rəqabət aparmaqdan məmnun olduğunu söyləyib: "Aramızdakı sağlam rəqabətdən bezməmişik. Ronaldu da, mən də açıqlamalarımızda bir-birimizə hörmətlə yanaşdığımızı demişik. Varlığımız oyunumuzu daha da qüvvətləndirir. Hər il komandamızın uğurlu nəticələr qazanması üçün əlimizdən gələni edirik. Bu da çox önəmlidi. O, fenomenal və yüksək keyfiyyətə malik futbolçudu. Bütün dünya bilir ki, bu xüsusiyyətlərinə görə, Ronaldu dünyanın ən güclü oyunçularından biridi".

2016-17 mövsümündə elə də uğurlu nəticələr göstərməyən "Barsa" yalnız İspaniya Kral kubokunu qazanmaqla kifayətlənib. 30 yaşlı futbolçu bu uğursuzluğu unutdurmağa çalışacaqlarını vurğulayıb: "Hər yeni mövsümün əvvəlində başa çatmış mövsümdən daha yaxşı olmağa çalışırıq. Hər il daha çox qələbələr qazanmaq, titullar əldə etmək, La Liqanın qalibi olmaq və Çempionlar Liqasına qatılmaq istəyirik. Ötən mövsüm çox çalışdıq, amma olmadı. Yalnız Kral kubokunu qazandıq. Ümid edirik ki, bu, gələn mövsümün startında daha uğurlu çıxış etməyimizə kömək olacaq".

Leo "Barselona" ilə yeni uzunmüddətli müqaviləni razılaşdırması ilə bağlı yayılan xəbərlərə də toxunub. O, karyerasını Kataloniya klubunda başa vurmaq arzusunu növbəti dəfə dilə gətirib: "Bu gün şəxsi həyatda yalnız bu günümü və "Barselona" ilə gələn mövsümümü düşünürəm. Maksimum nəticələr əldə etmək və mümkün qədər çox kuboklar qazanmaq arzusundayıq. Futbolda bir il sonra nələrin baş verəcəyini təxmin etmək çətindi. Bu üzdən təmkinli olmağı sevirəm. Yenə "Barselona"da qalıram və bu, mənim həmişəki arzumdu. Hər zaman demişəm ki, karyeramı bu klubun heyətində bitirmək istəyirəm. Bunun belə olub-olmayacağını zaman göstərəcək".

Messi Çində çıxış edən həmyerlisi Ezekyel Lavezzi ilə bu ölkə barədə tez-tez söhbət etdiyini deyib və Çin çempionatının inkişafda olduğunu sözlərinə əlavə edib: "Dostum Lavezzi ilə tez-tez Çindəki həyat tərzi və bu ölkənin futbolu barədə söhbət edirik. Ezekyel orda necə yaşadığından və futbolun durumundan bəhs edir. Çində bir çox müsbət dəyişikliklərin baş verdiyini onun şərhlərindən eşidirəm. Çin futbolunun inkişafda olduğunu və elit səviyyəyə çatdığını düşünürəm. Bir neçə dəfə bu ölkədə olmuşam. Düzdü, hər dəfə bir neçə gün qala bilirəm. Başımız məşqlərə və oyunlara qarışdığı üçün çox gəzmək imkanımız olmur. Bununla belə, az da olsa gördüklərim məndə müsbət fikirlər formalaşdırır".

Qeyd edək ki, sabah keçiriləcək Braziliya - Argentina matçı Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024