Mobil versiya
Azərbaycanlı aparıcı: "Yüz minlik maşına görə həyatımı..."
Tarix: 07-06-2017 | Saat: 15:03
Bölmə:Dünya / Karusel | çapa göndər

Azərbaycanlı aparıcı: "Yüz minlik maşına görə həyatımı..."



"Bakıdan geyim almıram. Xarici ölkəyə gedəndə bir illik geyimlərimi alıram. Xaricdə geyim Bakıdan çox ucuzdur. Bakıda geyim həddən artıq bahadır. Bu da mənim imkanım xaricindədir".

AİA.Az bildirir ki, bunu ailem.az-a açıqlamasında aparıcı Rövşanə Ağasəfqızı deyib. O, əsasən özümə yaraşan geyimə üstünlük verdiyini bildirib. Lakin aparıcı xanımın özünə məxsus stili də var: "Daha çox dizdən ətəklər geyinirəm. Bu stildə geyimləri, bir də klassik şanel üslubunu sevirəm. Tədbirlərdə bu üslubda geyinirəm, qısa, qara ətəklər. Dizdən olan ətəklərə meylliyəm. Nadir hallarda şalvar geyinirəm. Gündəlik idman üslubunda oluram, çünki rahatdır. Tələbəlik dövrümüzdə iri hündürdaban ayaqqabılarda gəzirdik. İndi fikirləşirəm ki, görəsən necə gəzmişik? Tədbirə, məclisə dəvət alanda geyinim deyə maşınımda hər zaman hündürdaban ayaqqabı olur. Amma idman geyimi mənə daha rahatdır. İdman üslubu həm də insanı yaşından gənc göstərir".

Aparıcı yaşlanmaqdan qorxmadığını etiraf edib. Deyir ki, qadını cavan saxlayan onun gözündəki işıqdır: "Yaşımı heç vaxt gizlətmirəm. 38 yaşım var, bunu rahatlıqla deyirəm. "Sənə bu yaşı heç vermək olmaz", "bu yaşda nə böyük qızın var" deyəndə sevinirəm. Ruhum cavandır, içimə kin-küdurət hissini qoymuram. Kimsə bahalı maşın sürürsə, bunu özümə dərd etmirəm. Yüz minlik maşına görə həyatımı fəda edə bilmərəm. Qismətimdə nə varsa, barışıram. İçimdəki hüzuru saxlamağa çalışıram".

Rövşanə öz gözəlliyini genetikasına borclu olduğunu bildirir. O, hər zaman gənc və təravətli görünməyin sirrini enerjinin pozitivliyində görür: "Qadını cavan saxlayan onun gözündəki işıqdır. Gözümdə işıq olacaqsa, yenə də cavanam, gözələm. Əgər gözümün işığı, nuru 30 yaşımda da yoxdursa, elə qocayam, 70-80 yaşlı qadınam. Əsas odur ki, ruhum, enerjim qocalmasın. Bir də, əvvəllər idmanla çox məşğul olurdum. Son illər vaxtım yoxdur. Desəm ki, yemirəm, yalan olar. Çünki mən qurmanam. Yeməyi, mətbəxi, bişirib-düşürməyi sevirəm. Mənim üçün gözəl istirahət dostlarım, rəfiqələrimlə süfrə arxasında keçirdiyim vaxtdır. Nəslimizdə xanımlar da köklüyə meylli deyillər. Mənim çəkim hər zaman dəyişməz qalır. Yediyimin qarşısında kökəlmirəm. İstənilən vaxt, könlüm çəkirsə, yeyirəm, özü də rahatlıqla. Mən yemək yeyəndə xoşbəxt oluramsa, niyə bundan imtina edim? Sevən onsuz da məni belə sevəcək. Yalnız xarici görünüşüm gərəkdirsə, mənə o sevgi lazım deyil".

Xanım aparıcı son illər xanımların özünü arıqlatmağının dəb halına düşdüyünü və heç vaxt özünü arıqlatmaq kimi bir qayğı yaşamadığını da etiraf edir: "Baxıram bəzi xanımlara, ürəyim ağrıyır. Sanki bir savaş gedir, hər kəs arıqlamaq uğrunda savaşır. Bilik, təhsil uğrunda o cür savaş getsəydi, bu gün dünyanı fəth edərdik. Ancaq arıqlamaq uğrunda hər kəs bir-biri ilə yarışır. 20-30 il əvvəl belə bir savaş yox idi. Onda sevgi, qadınlıq yox idi? Bu dəbi kim yaradıb ki, yalnız arıq qadınları sevirlər? Bu, insanların özlərinə qoyduqları mənasız qanunlardır. O vaxt qadınlar arıqlamırdı sevgi, gözəllik yox idi? Arıqlamaq qadınlıq etalonu deyil. Sümükləri görünən qadın kimə və nəyə lazımdır? Yalnız "qreçka" ilə yaşamaq olar?".

R. Ağasəfqızı heç bir qidadan imtina etmədiyini də bildirdi. O, bir neçə mətbəx sirrini də açdı: "Sözsüz ki, hər kəs yediyi-içdiyinə fikir verməlidir. Bu da sağlamlıq üçündür. Zərərli şeyləri yemək olmaz. Məsələn, heç vaxt fast-food yemirəm, mürəbbə sevmirəm, kompot içmirəm. Çörək az yeyirəm. Şirniyyata isə "yox" demirəm. Biş-düşü sevirəm, mətbəxdə xoşbəxt oluram. Bütün yeməkləri dadlı bişirirəm. Ən çox da dolmanı dadlı hazırlayıram. Bişirdiyim yarpaq dolmasına söz ola bilməz. Mal ətindən istifadə etmirəm, yalnız qoyun əti və kərə yağı. Mal əti ilə yemək bişirəndə dadlı alınmır. Bir dəfə oxumuşdum ki, mal əti qoyun ətindən daha ziyanlıdır. Dədə-babadan qoyun əti yemişik. Yemək nə qədər yağ aparırsa, o qədər istifadə edirəm. Avropa yeməklərini və salatları o qədər də sevmirəm. Yalnız paytaxt salatı salatların şahıdır. Yeməklərin şahı milli yeməklərimizdir. Hər bir yeməyə qadın öz fantaziyasını qatır. Eyni ərzaqları bir neçə qadına verin, fərqli dad ortaya çıxaracaq. Dolmaya bir qaşıq mayonez əlavə edirəm, bir qaşıq qatıq və quru nanə. Öz fantaziyam olur. Fantaziyam olmasa, yeməyim dadlı olmaz. Qızım da qurmandır. Hər zaman məndən fərqli yeməklər gözləyir. Bir yeməyi ona ikinci dəfə yedizdirə bilmərəm".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə