Mobil versiya
Başçı prezidentə şikayət edən sahibkarı tutdurdu
Tarix: 18-10-2015 | Saat: 17:00
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Başçı prezidentə şikayət edən sahibkarı tutdurdu
Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkar Rasim Hərriyevi həbs etdirib.

TİA.AZ xəbər veri ki, sahibkar bir neçə gün əvvəl digər sahibkarlarla birgə Bakıya gələrək Prezident Adminstrasiyasına yollanıb.

Musavat.com-a daxil olan məlumatda deyilir ki, sahibkarlar ölkə rəhbərliyinə icra başçısı Ramiz Yediyarovun əməllərindən cana doyduqlarını söyləyiblər. Qeyd ediblər ki, icra başçısı öz biznes şəbəkəsini genişləndirmək üçün onlara divan tutur. Dövlət qurumlarının gücündən onların bizneslərinin çökdürülməsi üçün istifadə edir.

Sahibkarlar Gədəbəyə dönəndən sonra icra başçısı xəbər yaydırıb ki, Bakıya gedənlər ən sərt şəkildə cəzalandırılacaq. Belə də olub. R.Hürrəyev Gədəbəy İcra Hakimiyyətinə dəvət olunaraq ondan Bakıya digər sahibklarların təhriki ilə getməsi haqda izahat yazması tələb olunub. Sahibkar isə bundan imtina edib. Deyib ki, şikayətə üzləşdiyi haqsızlıqlardan cana doyduğu üçün gedib. Sahibkarı ələ almaq üçün ona biznes fəaliyyətinə köməklik ediləcəyini, güzəştli vergidən faydalanması üçün şərait yaradılacağı bildirilib. Lakin R.Hərriyev təklifi qəbul etməyib. Həbs olunacağı ilə hədələnən sahibkar İcra Hakimiyyətindən çıxıb evinə gedərkən provakasiyaya çəkilib. Onu elə icra hakimiyyətinin qarşısında döyüblər. İcra hakimiyyətinin binasındakı pəncərələrdən sahibkarın döyülməsini müşahidə edənlər olub. Döyülən R.Hərriyevi icra hakimiyyətinin qarşısında saxlayaraq olayı protokollaşdırıblar. Gədəbəy məhkəməsinə aparılan sahibkarı 15 sutka azadlıqdan məhrum ediblər. Guya icra hakimiyyətinə çağırılan R.Hərriyev oradan çıxandan sonra xuliqanlıq edib.

Sahibkarlar deyirlər ki, R.Hərriyev şərlənib. Bununla onların gözünü qorxutmağa, əllərindən alınan bizneslərini tələb etmələrindən əl çəkmələrinə nail olmaq istəyirlər: “Biz cana doymuşuq. İşimizi əlimizdən alıb. Ramiz Yediyarov 3 ildir ki, başımıza oyun açır. Gələn kimi rayondakı iş adamlarının obyektlərini söküb qoydu yerə. Adını da qoyub ki, guya abadlıq işləri görür. Həmin əraziləri bizim obyektlərimizdən təmizlədi, özünə obyektlər tikdirir. Bizim ümidimiz Prezident Adminstrasiyasınadır. Bəlkə haqq sözümüzü prezidentə çatdırdılar. Artıq cana döymuşuq, kütləvi şəkildə icra hakimiyyətinin qarşısında özümüzü yandırmaq haqda düşünürük”.

Bir neçə gün əvvəl musavat.com Gədəbəyli sahibkarların Bakıda Fəxri Xiyabanın qarşısına yığışaraq oradan Prezident Adminstrasiyasına getmələri haqda yazı təqdim etmişdi. Həmin yazıda sahibkarlardan biri olan Vaqif Səfərovun fikirləri yer almışdı. Demişdi ki, icra başçısı Ramiz Yediyarov ona məxsus olan torpağı zəbt edib. Oradakı obyektlərini söküb, yerində ticarət mərkəzi, obyektlər tikdirib: “Söküntü zamanı mənə söz verdi ki, buranın ağsaqqalı sən olacaqsan. Amma iş bitəndən sonra verdiyi sözə əməl etmədi. Əslində mən söküntü zamanı buna qarşı çıxmalı idim. Amma o, rayonun icra başçısıdır. Nə edə bilərdim ki? Ailəmi düşünüb, susdum”.

Sahibkar Oktay Əliyev də Ramiz Yediyarovdan ziyan görən sahibkarlardan biri olduğunu demişdi. Demişdi ki, özü Bakıda müalicədə olduğu bir vaxtda dükanın içində ərzağı, soyuducuları ola-ola Ramiz Yediyarov obyekti sökdürüb. O, Bakıdan dönəndən sonra şikayət üçün Ramiz Yediyarovun qəbuluna getdiyini və başçının kabinetindən çıxan kimi tutularaq 15 sutka həbsə salındığını açıqlamışdı.

Qeyd edək ki, sahibkarlar Bakıya planlaşdırdıqları növbəti səfərlərini ertələdiklərini də bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024