Mobil versiya
İlham Əliyevin müraciəti: “Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib”
Tarix: 06-06-2017 | Saat: 11:40
Bölmə:Gündəm / Manşet | çapa göndər

İlham Əliyevin müraciəti: “Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib”



Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanlarının III görüşü keçirilir.

AzVision.az-ın məlumatına görə, görüşdə Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İACA dekanı və icraçı katibi Martin Kreutner, o cümlədən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavinindən ibarət nümayəndə heyəti, digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iclasda çıxış edərək dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğunu vurğulayan baş prokuror bu baxımdan üçüncü iclasın əhəmiyyətini xüsusi qeyd edib. Zakir Qaralov bildirib ki, Azərbaycanın 1992-ci ildə üzv olduğu ECO 2004-cü ildən korrupsiyaya qarşı mübarizə sahəsində də səmərəli fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd olunub ki, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası dialoqun qurulmasına böyük əhəmiyyət verir:

"Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi ili”nin elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın İslam dəyərlərinə və müsəlman aləmində birliyə verdiyi önəmin təzahürüdür. Ümumi tarixə, mədəniyyətə və dinə malik olan ölkələrin üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının korrupsiyaya qarşı mübarizəyə və insan hüquqlarının müdafiəsinə həsr edilmiş bu tədbirin ölkəmizdə keçirilməsi müsbət haldır.

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olmaqla onun iki Zirvə görüşünə ev sahibliyi etmiş, o cümlədən 2012 və 2017-ci illərdə təşkilata sədrliyi həyata keçirmişdir. Sədrliyi dövründə ölkəmiz təşkilatın inkişafına və əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr vermişdir".

Müraciətdə bildirilib ki, bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişafa nail olan müasir bir ölkədir: "Biz siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə etmişik. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi qurulmuşdur, demokratik institutların fəaliyyəti, insan hüquq və azadlıqları təmin edilmişdir. Beynəlxalq tələblərə uyğun qanunvericilik, ixtisaslaşmış institusional qurumların səmərəli fəaliyyəti və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi antikorrupsiya siyasətimizin uğurlarındandır. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üzrə beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir".

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Ələvi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək Azərbaycanın ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. ECO-nun tarixindən və keçdiyi inkişaf yolundan danışan Ə.Səbzivari deyib ki, təşkilatın üzvləri olan ölkələrin ərazisi 8 milyon kvadratkilometrdən çoxdur. Qlobal cəmiyyətin inkişafına təkan verən ECO növbəti 25 il üçün öz qarşısına bir sıra mühüm məqsədlər qoyub. Təşkilat üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün qarşılıqlı işbirliyinin genişləndirilməsinə çalışır. Antikorrupsiya tədbirləri məhz bu prosesdə mühüm rol oynayır. Buna görə də antikorrupsiya fəaliyyəti ECO-nun işində vacib istiqamətlərdən birini təşkil edir. Üzv dövlətlər arasında bu sahədə sürətli inkişaf müşahidə olunur. Azərbaycan da bu baxımdan xüsusilə seçilir. Bu ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində vahid və qətiyyətli məram nümayiş etdirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024