Mobil versiya
Aqil ABBAS: 10 YAŞLI UŞAQ: İNTİHAR, YOXSA…
Tarix: 05-06-2017 | Saat: 18:07
Bölmə:Yazar1 | çapa göndər

Aqil ABBAS: 10 YAŞLI UŞAQ: İNTİHAR, YOXSA…


Aqil ABBAS

Bilmirəm nə yeyib-içirik və ya bizə nə yedirib-içirirlər, hər gün bir neçə intihar xəbəri oxuyuruq. Böyüklərə və gənclərə, yeniyetmələrə bir don geyindirmək olar. Bu ayrı bir mövzu. Amma uşaqların, 10-14 yaş arası uşaqların intiharına heç bir don geyindirmək, hansısa bir səbəb tapmaq mümkün deyil.

Və bir də bu günədək kiminsə intihar həddinə çatdırmaq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyinin də şahidi olmamışıq. Belə çıxır ki, intihar edənlər öz keflərindən, tut ağacından sallanmaqdan xoşları gəlir deyin özlərini tut ağacından asırlar, ya da bir neçə saniyə uçmaq eşqiylə özlərini binaların təpəsindən atırlar. Sinələrini düşmən gülləsinə sipər etməkdən çəkinməyən əsgərlərimiz də həyatlarına ona görə qəsd edirlər ki, sevgililərinin onları atıb İbn Səlama ərə getmələrinə dözə bilmirlər. Və sair və ilaxır…

İntihar xəbərlərini də elə təqdim edirik ki, elə bil toy-bayram xəbəri yayımlayırıq: şəkilləri – anasıyla, qardaşıyla, övladı ilə, nə bilim dostlarıyla çay süfrəsi arxasında; yas yerindən reportajlar – qonşuların, sinif yoldaşlarının, tələbədirsə – tələbə dostlarının, müəllimlərinin xatirələri; telefon mesajları, statusları…
Türkiyənin kanallarında nümayiş edilən filmlərdə bir detala fikir vermisiz? Siqaretin və alkoqolun üstünü vururlar. Sağ olsunlar, düz edirlər, müsəlman ölkəsidi, istəmirlər uşaqlar və yeniyetmələr pozulsunlar. Amma baxırsan ki, narkotikanı necə bişirirlər, sonra necə şpritsə doldururlar, qollarını necə rezinlə sıxır, sonra o narkotikanı damarlarına necə ləzzətlə vururlar! Lap adamın tamahı düşür. Biz də intihar xəbərlərini beləcə «ləzzətlə» mətbuatda təqdim edirik, sosial şəbəkələrdə paylaşırıq, təmtəraqlı şərhlər də ki…

Elə bu yaxınlarda çox sevdiyim istedadlı bir gənc yazıçının intiharını elə bərli-bəzəkli yazırdıq ki, (hələ yazırıq da) qorxurdum digər gənc yazarlar onun şöhrətinə paxıllıq eləyib özlərini öldürələr. Elə bir şair dostumuz sosial şəbəkədə intihar edəcəyi ilə bağlı bir status paylaşıb telefonunu da söndürmüşdü, ədəbi camiyə də dəymişdi bir-birinə. Şükür ki, axırı yaxşı qurtardı.

Bazar günü daha bir bomba partladı: on yaşlı bir uşaq intihar edib! Özü də intihar etməmişdən əvvəl həyətlərinin hasarına da yazıb ki, «intihar etməyə gedirəm». Sonra gedir özünü atır kanala, özünü suya atmamışdan qabaq ayaqqabısının birini çıxarıbmış?!
Bir psixoloq, bir mütəxəssis buyursun görək 10 yaşında bir uşaq intihar etmək gücündə, intihar etmək ağlındadımı?! Hələ bir hasara da yazsın ki, «intihar etməyə gedirəm». Buna siz inanırsınızmı?!

Atası velosiped almayıbmı?! Müəllim «2»mi yazıb?! Sevdiyi qız başqasına vurulub?!
Hasardakı yazını o uşaqmı yazıb, ekspertlər onun xətti olduğunu dəqiqləşdiriblərmi?! Hüquq-mühafizə orqanları bir son nəticəyə gəlibmi?!
Tanrı o uşağın ata-anasına səbr versin, çox ağır bir faciədir, çəkiləsi dərd deyil. Onlar da övladlarının ölüm səbəbini (mənim subyektiv fikrimcə, intihar yox – ölüm səbəbini) bir araşdırsınlar.

Və əgər doğrudan da o uşaq intihar edibsə, Tanrı biz qələm sahiblərinə də bir az insaf versin, yoxsa yazdıqlarımızı özümüz yaşamalı olarıq!
(adalet.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024