Mobil versiya
Şirvanda içməli su təchizatı yaxşılaşdırılır
Tarix: 16-05-2017 | Saat: 19:01
Bölmə:Gündəm | çapa göndər

Şirvanda içməli su təchizatı yaxşılaşdırılır



“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AİA.az-a verilən məlumata görə, respublikanın sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, içməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb. 2013-cü ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinə başlanılıb.

Belə ki, Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülür. “Azərsu” ASC-nin daxili imkanları hesabına Şirvan şəhərinin mərkəzi hissəsində 2 kilometr uzunluğunda yeni magistral su xəttinin çəkilməsi 134 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb.

Eyni zamanda, relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Hazırda şəhərin 1 may, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədilə 3 kilometr uzunluğunda yeni xəttin inşasına başlanılıb.

Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Şirvan şəhərinin Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatını yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 kilometr su xətti çəkilib və paylayıcı şəbəkə qurulub.

Həmçinin Çılpaqlı qəsəbəsinə 6,1 kilometr magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib.

Ümumilikdə isə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Əhalinin digər hissəsinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan rejimlə verilir. Şəhərdə magistral su xətlərinin tikintisi yekunlaşdıqdan sonra Şirvan şəhərinin bütün abonentlərin su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Diqqətə çatdırılıb ki, təxirəsalınmaz tədbirlər çərçivəsində Şirvan şəhərində çoxmənzilli binaların zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması işləri də həyata keçirilir. Bakı şəhərindən göndərilmiş xüsusi briqadaların köməyilə 14 binanın zirzəmisi sulardan təmizlənərək, su və kanalizasiya xətləri yenilənib.

Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin kompleks şəkildə yenidən qurulması yeni icra olunacaq layihə çərçivəsində həyata keçiriləcək.

2012-ci ildə təməli qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi 2013-cü ildə istifadəyə verilib. 2013-cü ildə magistral kəmərdən Şirvan, Hacıqabul, Biləsuvar, 2016-cı ildə isə Salyan şəhərinə içməli suyun verilməsi təmin edilib. Gələcəkdə bu mənbədən kəmərin marşrutu boyu yerləşən 121 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 470 min nəfər faydalanacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024