Mobil versiya
Vüqar Səfərli: "Mənzillərin verilməsində obyektiv seçim aparılacaq"
Tarix: 16-05-2017 | Saat: 13:50
Bölmə:Gündəm / Manşet | çapa göndər

Vüqar Səfərli: "Mənzillərin verilməsində obyektiv seçim aparılacaq"


"Obyektiv seçim olması üçün namizədlərin sayı artırılıb". APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri, jurnalistlər üçün tikilmiş binada mənzillərin verilməsi üçün qayda və şərtləri müəyyənləşdirən Komissiyanın sədri Vüqar Səfərli deyib. O bildirib ki, keçən dəfə kütləvi informasiya vasitələrinə həmin KİV-ə veriləcək mənzillərin sayı qədər namizədlərin müəyyənləşdirilməsi səlahiyyəti verilib:

"Bu dəfə isə obyektivlik üçün namizədlərin sayı artırılıb. Ancaq bu, o demək deyil ki, KİV-in namizədliyini irəli sürdüyü şəxslərin hamısına mənzil veriləcək. Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq. Bizim Komissiyanın işi sadəcə, sənədləri toplayıb, Prezident Administrasiyasına təqlim etməkdir".


Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qaydalarda televiziya və radio yayımçılarına 10 namizəd irəli sürülməsinin əksini tapdığını xatırladıb: "Ancaq mən də qeyd etmək istəyirəm ki, 10 namizədin irəli sürülməsi o demək deyil ki, 10 namizədin hamısına mənzil veriləcək".

V.Səfərli deyib ki, jurnalistlərə yeni binada mənzil verilməsi üçün qayda və şərtləri müəyyənləşdirmək üçün Komissiya yaradılıb.

Komissiyaya KİVDF, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının hər birindən 3 nəfər daxil edilib. KİVDF-dən Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, MTRŞ-dən Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev Komissiyaya daxil edilib.

Komissiyanın sədri V. Səfərlidir.

Bugünkü mətbuat konfransında yeni binada mənzillərin verilməsi üçün namizədliyi irəli sürüləcək əməkdaşlardan tələb olunan sənədlər açıqlanıb.

Həmin KİV namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonu da olmalıdır) təqdim etməlidir.

Təqdimatlarda namizədin mənzil-şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır. Jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək.

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimat verilə bilər.

Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV təqdimat verə bilməz.

Sənədlər may ayının 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir. Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.

İyulun 22-də binanın açılışı gözlənilir.

Qeyd edək ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024