Mobil versiya
İlk Bakı Şopinq Festivalı uğurla başa çatdı
Tarix: 11-05-2017 | Saat: 16:35
Bölmə:Gündəm / Karusel | çapa göndər

İlk Bakı Şopinq Festivalı uğurla başa çatdı



Azərbaycan tarixində ilk dəfə təşkil edilən şopinq festivalına ötən gün yekun vurulub. Aprelin 10-dan mayın 10-dək keçirilən birinci Bakı Şopinq Festivalı gözlənildiyindən də uğurlu alınıb.

Festivalın təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə birgə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb.
Festival barədə danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında qeyd edib ki, Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub. Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da Festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib.

Qeyd edək ki, Festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar üçün bir çox güzəşt və kampaniyalar tətbiq edildi, həmçinin mağazalar 30 faizdən 70 faizədək endirimlər etdilər. Bundan başqa turistlər və Azərbaycan vətəndaşları üçün təqdim olunmuş xüsusi ƏDV qaytarılması proqramı bütün alıcılar tərəfindən razılıqla qarşılandı.

Xarici vətəndaşlar üçün Tax Free sistemi 300 manatdan yuxarı alış-verişə şamil edilirdisə, Festival zamanı məbləğ 100 manatadək endirildi. Digər tərəfdən xarici turistlər Tax Free məbləğini həmişəki kimi, hava limanında deyil, şəhərdə geri ala bildilər. Bununla yanaşı, dünyada ilk dəfə olaraq yerli əhali də ƏDV qaytarılma prosesindən istifadə edə bildi.

Festival dövründə hər gün müxtəlif bədii və əyləncə proqramları təşkil edilib. Xüsusən də paytaxtdakı ticarət mərkəzlərində və Bakıya gələn turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə alıcıların, şəhərin sakinlərinin və turistlərin maraqla qarşıladığı əyləncə proqramları təşkil edilib. Bakı Şopinq Festivalının fəxri qonaqları – dünya şöhrətli ulduzlar Canluka Vakki və Vera Brejneva, eləcə də digər tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanıb.
Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-lərin də diqqət mərkəzində oldu. Bakı Şopinq Festivalı artıq bir brendə çevrilib və Festivalın gələcəkdə ənənə halını alması üçün önəmli addım atılıb. Uğurla başlanan Bakı Şopinq Festivalı növbəti dəfə bu ilin sonuna yaxın keçiriləcək.
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi 2017-ci sonuna nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024