Mobil versiya
İlham Əliyev Pirallahıda açılışlar etdi - Yenilənib (Fotolar)
Tarix: 11-05-2017 | Saat: 13:26
Bölmə:Gündəm / Manşet | çapa göndər

İlham Əliyev Pirallahıda açılışlar etdi - Yenilənib (Fotolar)



Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

AİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxdılar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, dövlətimizin başçısının “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin iyulunda imzaladığı Sərəncama əsasən qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib.



Uzunluğu 8 kilometr olan 4 zolaqlı yolun yenidənqurmadan əvvəlki eni 6-7 metr olub. Yenidənqurmadan sonra isə yolun eni 18 metrə çatdırılıb. Bu isə nəqliyyat vasitələrinin rahat hərəkətinə, piyadaların təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda, tıxacların qarşısının alınmasına geniş imkan yaradır. Yenidən qurulan avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir. Beləliklə, bu yolun müasir səviyyədə yenidən qurulması ilk növbədə sakinlərin rahatlığını təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq. Bununla yanaşı, layihənin icrası ümumilikdə rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək.Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və avtomobili idarə etdi. Sonda xatirə şəkli çəkdirildi.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxdılar. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarırdı.



Bunun qarşısını almaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.



Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir. Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrdə abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan yolların müasirləşdirilməsi layihələri bu gün uğurla icra edilir. Son dövrlərdə Azərbaycanda reallaşdırılan mühüm yol-nəqliyyat layihələri nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur.



Bu layihələr paytaxtın bütün rayon və qəsəbələrini, o cümlədən Pirallahını əhatə edir. Bu layihənin icrası paytaxtın, eləcə də Bakının qəsəbə və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Bundan sonra rayon sakinləri Pirallahını sahillə birləşdirən daha təhlükəsiz yol infrastrukturundan istifadə edəcəklər. Bu körpünün istifadəyə verilməsi həm də, ümumilikdə, paytaxtımızın yol-nəqliyyat sisteminin müasirləşdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.



AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024