Mobil versiya
DEPUTATLARA QIRMIZI KART
Tarix: 24-04-2017 | Saat: 15:28
Bölmə:Yazar1 | çapa göndər

DEPUTATLARA QIRMIZI KART

Aqil ABBAS

«Deməli belə, kənddən şəhərə». Şükşinin «Qırmızı qovaq ağacı» («Kalina krasnaya») povesti belə başlayır. Biz də öz povestimizi belə başlayaq: «Futbol meydançasından Milli Məclisə».

Bir də deməli belə… Futbolun öz kuralları var. Bu kuralları kimsə dəyişə bilməz və bütün dünyada keçərlidi.
Bir futbolçu oyun zamanı futbolun etik kurallarını pozursa (türklərin «kural» sözündən xoşum gəlir, ona görə «qanun» yox, «kural» yazıram) ilk dəfə ona şifahi xəbərdarlıq edilir. Yox, ikinci dəfə və bir qədər kobud şəkildə pozursa hakim əlini atır cibinə və ona «sarı vərəqə» göstərir. Düzdür, bir az mübahisə düşür, amma sonda hakim haqlıdı. Deməli, əgər müxtəlif oyunlarda dalbadal futbolçu «sarı vərəqə» alırsa növbəti oyunu buraxmaq məcburiyyətində qalır. Necə ki, «Barselona» ilə «Real»ın dünya derbisi oyununda Neymar tamaşaçıların arasında izləməli oldu oyunu.

İkinci kural. Bir futbolçu əgər oyun vaxtı dalbadal iki «sarı vərəqə» alarsa o çevrilir «qırmızı vərəqə»yə və növbəti oyunu buraxmaq zorundadı.
Üçüncü kural. Əgər bir futbolçu etik kuralları çox kobudcasına pozarsa, birbaşa «qırmızı vərəqə» alır. Belə olduğu təqdirdə iki oyunu buraxmaq zorunda qalır, hətta ola bilər ki, üç və ya dörd oyun da kənardan izləməli olur. Məsələn, dünya futbolunun yeni Pelesi Messi kimi. Argentinanın dünya çempionatının seçmə mərhələsinin son oyununda aldığı «qırmızı vərəqə»yə görə dörd oyun çöldə qalası oldu.

Dördüncü kural. Bəzən futbolçu etik qaydaları elə bir ciddi formada poza bilər ki, ömürlük futboldan məhrum ola bilər. Buna misal tapa bilərdim, amma ərindim.
Bu kurallar yüz milyonlarla insanın sevdiyi Messi üçün də keçərlidi, Ronaldo üçün də, Özil üçün də, Neymar üçün də, Suares üçün də, elə bizim Rəşad Sadıqov üçün də. Onların milyonlarla yox ey, yüz milyonlarla sevdalısı bir «sarı vərəqə» görəndə ürək tutmasına düşürlər, nəinki «qırmızı vərəqə».
Eləcə də bu kurallar dəxli yoxdu sən dünyanın bir nömrəli məşqçisisən, Enrikesən, Qvardiolasan, Maurinyosan, ya Qurban Qurbanovsan, yəni bildiyiniz kimi, bəzən məşqçlərə də «qırmızı vərəqə» göstərilir.

Hətta tamaşaçılara da «qırmızı vərəqə» göstərilir. Növbəti oyunda həmin komanda tamaşaçılarsız oynamağa məcburdu.
İndi məsələn, Parisdə «Lion»la «Beşiktaş»ın oyunundan sonra UEFA hər iki komandaya yarı «qırmızı vərəqə» göstərdi, yəni şərti. Əgər bir də həmin hadisələr təkrar olunarsa hər iki komanda iki il Avropa çempionlar liqasında iştirakdan məhrum ediləcək...

… Allah sənə lənət eləməsin, «Beşiktaş»ın qapıçısı, gül kimi oyunun içinə oturdun…

… Kardeşim, dünyanın ən ünlü yüz milyonların sevimlilərinə bu kurallar uyğulanırsa 45 min seçicisi olan deputata da uyğulana bilər.
Deməli belə, futboldan Milli Məclisə. Amma müzakirə olunacaq layihədə kurallar dəqiqləşməyib. Yəni hansı etik qaydaları pozduğuna görə deputata əvvəlcə şifahi xəbərdarlıq, sonra «sarı vərəqə» və neçənci «sarı vərəqə»dən sonra hansı cəza və yaxud hansısa sözlərinə görə iki «sarı vərəqə»dən sonra «qırmızı vərəqə» və ya birbaşa «qırmızı vərəqə»… bu məsələ aydınlaşdırılmalıdır.

Məsələn, orta məktəblərdə belə hallar olur. Şagird özünü pis aparanda valideynini məktəbə çağırırlar və bir az danlayırlar. Heç inanmazsız, mən universitetdə oxuyanda (o vaxt bir universitet vardı ey, indiki kimi deyil) bir hərəkətimə görə dekanlıq atamı universitetə çağırmışdı. Və sonra da atam məni necə danlamışdısa bir də o qələtləri eləməmişdim.

İndi özünü pis aparan, etik kuralları pozan deputatların valideynlərini Milli Məclisə çağırmaq olar. Əgər valideynləri rəhmətə gedibsə ağsaqqallarını çağırmaq olar. Bu da bir cəza növüdü.

Hər bir deputatın həm seçicilərinin, həm millətin, həm də dövlətin qarşısında məsuliyyəti var. Və həqiqətən bu məsuliyyəti dərk etmirsə o, niyə fəaliyyətini davam etdirməlidir?

Düzdür, kurallara görə deputat Milli Məclisdə danışıqlarına görə məsuliyyət daşımır. Niyə, kardeşim? Biz italyanıqmı, ukraynalıyıqmı, almanıqmı, yaponuqmu, ispanıqmı, rusuqmu, qardaşımız türklər kimiyikmi, ya cənubi koreyalıyıqmı və sair və ilaxır Milli Məclisdə yumruq davasına çıxaq, söyüşün biri bir qəpik olsun?
Hər bir deputat öz məsuliyyətini hiss etməlidir, həm seçiciləri qarşısında, həm bu millət qarşısında, həm də bu dövlət qarşısında.
Mən inanmıram ki, bizim Milli Məclisdə hazırda «qırmızı vərəqə» görəcək deputatlar var.
Amma bir şeyi qeyd etməliyəm, millətin seçdiyi insanları qaragüruhun eliştirisinə verilməyinə.

Siz baxın, son zamanlar ölkədəki cinayətkarlar, korrupsionerlər, vəzifəsindən sui-istifadə edən məmurlar hamısı qalıb kənarda, ən çox söyülən və döyülən deputatlardı, millətin seçdiyi deputatlar. Və o qanun qəbul ediləndən sonra çaşıb 55 manatlıq yox, 56 manatlıq hədiyyə qəbul edəcək təqdirdə cəzalanacaq deputatlar.
Bu da belə…(Adalet.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024