Mobil versiya
Toy adına yığdığımız 32 manat necə oldu?
Tarix: 18-04-2017 | Saat: 13:00
Bölmə:Yazar1 | çapa göndər

Toy adına yığdığımız 32 manat necə oldu?

Oğuz Ayvaz


Yayın qızmar günlərindən birini yaşayırdıq. İstidən nəfəs ala bilmir, tez-tez ürəyimiz tıncıxırdı. Dənizlə şəhərdə ac-yalavac dolaşırdıq. Tanışlığımızın ilk günləri idi. İkimizdə işsiz-gücsüz, beş qəpiksiz gəzişirdik. Başımıza döyən istidən uzaqlaşmaq üçün küknar ağaclarının kölgəsinə çəkilirdik. Gəzməyə heyimiz qalmırdı. Dəniz dəsmalını çıxardır, alnımdan gözlərimə süzülən tər damlalarını silir, üzümə baxıb gülümsünürdü. Öz-özümə deyinirdim ki, yekə adamsan, cibində 5 manatıın yoxdu ki, qıza bir dondurma alasan.

Kasıbçılığın dibini yaşadığımız günlər idi. Hələ bir də aylardan qızmar avqust. Ətrafa baxdım. Parkın skamyaları boş görünürdü. Dəniz dilləndi:
- Yəqin adamlar dənizə, çimməyə gediblər.

Bu an, qəfil açılan güllə kimi ağlıma bir ideya gəldi. Şəhərin canına düşüb adamlardan bir manat istəyəcəkdik. Deyəcəkdik ki, biz dilənçi deyilik, evlənirik, toya pul yığırıq. Dəniz dediklərimlə razılaşdı. İkimizin də xəyalında sərin bir pivə, çimərlik, dondurma canlanırdı...

Günortaya yaxın külək başladı. Hava sərinlədi. Ayaqlanıb, düşdük şəhərin canına...
İlk yaxınlaşdığımız gənc bir oğlan oldu.
- Salam, biz dilənçi deyilik, sizin kimi sadə insanlarıq, evlənirik, insanlardan 1 manat yığırıq. Bizə kömək edə bilərsiniz?
- Əlbəttə. Xoşbəxt olun!

Pulu alandan sonra özümüzə güvənimiz daha da artmağa başladı. Adamları ciddi-cəhdlə seçirdik. Hər yoldan keçənə yaxınlaşmırdıq. Camaatın içindən seçdiyimiz adamları diqqətlə izləyir, daha sonra yaxınlaşırdıq.

Artıq cibimizdə 5 manat vardı. Susuzluqdan dodaqlarımız bir-birinə yapışmışdı. Yaxınlıqdakı köşkdən buz kimi "Hell” aldıq. Acgözlüklə içdik. Dincimizi aldıqdan sonra ayaqlandıq.

Hər dəfə eyni küçədə olmurduq. Tez-tez məkanları dəyişirdik ki, şübhə çəkməyək. Tarqovıda qabaqdan özündən razı bir ədayla, smokinq geyinmiş, orta yaşlı bir adam diqqətimizi çəkdi. Düşündüm, bu adamda pul çox olar. Yaxınlaşdıq. Tutuquşu kimi eyni sözləri təkrarladım. Smokinqli adam ağız-burun əyib əlini cibindən çıxartmadı.
- Gedin işləyin. Guya 1 manatla nə düzələcək?
- İşləyirik, ancaq pulumuz yeməyimizə gedir ancaq...

Smokinqli adam sifətini turşuda-turşuda getdi. "Eybi yox, hər adam pul verəsi deyil ki...” – deyə Dənizə ürək-dirək verdim. Başqa adamlara da yaxınlaşırdıq. Kimisi 50 qəpik, kimisi də 2 manat verirdi.

Kefimiz kök gəzirdik. Külək saçlarımızı darayırdı. Gözlərimiz daha parlaq görürdü. Dəniz qəfil yanımdan keçən qadına tərəf çevrilib dilləndi:
- Biz evlənirik, insanlardan 1 manat yığırıq...
- Nə gözəl, mənim yoldaşımın şadlıq sarayı var. Sizə kömək edə bilərik. Nömrənizi verin mənə...
Dəniz bu an həyəcanlandı. Araya mən girdim:
- Yox, xanım ehtiyac yoxdu, biz sadəcə...
- Utanmayın bala, neyləyəsən kasıbçılıqdı da...
Təşəkkür edib, aradan əkildik. Sahil bağına çatdıq. Yazıçılar Birliyi tərəfdən kepkalı bir adam diqqətimi çəkdi. Əlində çantası da vardı. Düşünmədən yaxınlaşdıq. Gözündəki eynəyi çıxardıb təbəssümlə cibindən 10 manat çıxardı. Gözlərim kəlləmə çıxdı. Sevincək götürüb, minnətdarlıq bildirdik.

Boş skamyaların birində oturub pullarımızı saydıq. 32 manat, 50 qəpiyimiz vardı.
- Hazırlaş axşamüstü dənizə gedirik. – qalib ədasıyla dilləndim.
Dəniz "urra” deyib məni qucaqladı.

Adrenalin dolu günü arxada qoymuşduq. Əslində bu işi pula görə yox, əyləncə, maraq naminə etmişdik. İsti günlərimizə rəng qatmışdıq.

Metroya çatmamış Dənizlə hərəmizə bir dənə dondurma aldıq. Üz-gözümüz dondurmaya bulaşdı. Elə bil üzümüzdə göyqurşağı çıxmışdı.(adalet.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024