Mobil versiya
Xocalı uşağına göndərdiyim oyuncaq
Tarix: 17-04-2017 | Saat: 12:30
Bölmə:--- | çapa göndər

Xocalı uşağına göndərdiyim oyuncaq



Günay Yelmarqızı

26 Fevral səhəri Ağdamda qəribə bir hüzün var idi. Hər kəsin üzündə bir kədər, hər kəsin gözündə yaş... Hamı Xocalıya ağlayırdı... Əslində şəhər o gecəni yatmamışdı, səhəri dirigözlü açmışdı. Xocalıların pənah yeriydi Ağdam, ümid yeriydi...

O gecə də son ümidlərini Ağdama bağlamışdılar. Canını qurtara bilən Ağdama sığnmışdı, Xocalıdan olan yaralıların yarasını Ağdam sarıdı. Meyidlərin son ünvanı da Ağdam Məscidi oldu. Bu gün Ağdam torpağında nə qədər Xocalı sakini yatır görəsən?! Bilmirəm... Bircə onu bilirəm ki, qırğından sonra günlərlə Ağdama gətirilən xocalıların dəfn edildiyini eşidirdim böyüklərdən. Yaralılara üzülürdülər, şəhərimizə gələn xocalılara nə kömək edə biləcəklərini danışırdılar. Ağdam yas içindəydi... Ağdam başdan-başa Xocalıydı...

...Ağdam Xocalıdan qaça bilən insanlarla doluydu. Ermənilərin qəfil hücumundan xəbərsiz olan bu günahsız insanlar ayaqyalın, başıaçıq canlarını götürüb qaçmışdılar. Çoxu yaralı idi. Yaralıların ah-naləsi, ana-bacıların fəryadı ərşə qalxmışdı. Amma hamının gözü Xocalıya zillənmişdi, hamı Xocalıda qalanları düşünürdü. Yaxınlarını, doğmalarını axtarır, göz yaşı tökürdülər. Necə insanlıq dramının, insanlıq faciəsinin baş verdiyini dərk etmək üçün bu mənzərəni görmək kifayət idi... Mən bu mənzərəni görməmişdim. Böyüklərdən eşitmişdim...

Cəmi 11 yaşım vardı, Xocalı faciəsinin ağrısını, böyüklüyünü dərk etmirdim hələ. Və məni yalnız bir sual narahat edirdi: Görəsən məktəbdə xocalılar üçün hazırladığımız yardımın içində (Xocalı aylarla mühasirədə qaldığı üçün məktəbdə ərzaq, isti corab, geyimlər toplayıb göndərirdik onlara. Bəlkə bir köməyimiz dəyər deyə. Mən göndərdiyim payın içərisinə öz oyuncaqlarımdan birini qoymuşdum) göndərdiyim oyuncaq hansı uşağa çatıb? Görəsən o uşaq indi hardadır, görəsən o da Ağdama gəlibmi? Bunu sadəcə ürəyimdə düşünürdüm. Amma heç kimə demədim, içimdə qaldı...

O uşağın kim olduğun heç vaxt bilmədim. O uşağın taleyinin necə olduğunu da heç vaxt bilməyəcəm. Bəlkə də o həmyaşıdım Xocalıda vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biri oldu. Bəlkə oyuncağını da götürüb qaçanda namərd düşmənin gülləsinə tuş gəldi, ya da yolda qarda, buzda dondu həyatı - oyuncağı ilə bir yerdə. Ya da bəlkə şans əsəri qurtula bildi...

...Mən də şans əsəri qurtulmuşdum düşmən gülləsindən. Xocalı faciəsindən təxminən il yarım sonra. Ağdamda “qrad” güllələrinin yağışı altında gözlərim qorxudan o qədər böyümüşdü ki... Nə baş verdiyini anlamırdım belə... Bizə niyə hücum edirlər ki, evimizə niyə “qrad” atırdılar sualları ilə ölümdən qaçanda, ağlıma da gəlməzdi ki, bu, mənim Ağdamdan son çıxışımdır. Bir oyuncağımı belə götürməmişdim... Bu, mənim evdimdən, doğulduğum torpaqdan və uşaqlığımdan son qaçışım idi...

Sonra Bakı... Yataqxana həyatı... Bir dəfə ABŞ-dan hansısa bir təşkilatdan yardım gətirmişdilər. Amerikalı uşaqlardan. O vaxt nə yazıldığını anlamadığım şəkilli kitablar, bloknotlar, geyimlər və bir də balaca bir oyuncaq var idi mənim payıma düşən yardımın içərisində...

...Müharibələrə nifrət edirəm... Onlar bizim uşaqlığımızın qatilidir... Xocalıda 63 uşaq böyümədən öldü, o faciədən sağ qurtula bilən uşaqlarınsa uşaqlıqları elə Xocalıda qaldı. Biz uşaqlığımızı yaşamadan böyüdük... Bu dünyada hər şeyi bərpa etmək mümkündür. Torpaqlarımız geri alınacaq, buna inanram. Daha gözəl evlər tikiləcək o torpaqlarda, əvvəlkindən daha gözəl həyat olacaq. Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq? Dunya birliyindən soruşuram bunu - kimin müharibə uşaqlarının itirilmiş uşaqlığını qaytarmaq gücü var?..

...Mən Xocalıya Ədalət istəyirəm, Ağdama Ədalət istəyirəm, bütün itirilmiş torpaqlarımıza Ədalət istəyirəm. Hanı sənin ədalətin Dünya?..

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024