Mobil versiya
"Radikal qüvvələrin əzələ nümayişinin qarşısı alınacaq" - Kamal Abdulla
Tarix: 14-04-2017 | Saat: 18:16
Bölmə:Gündəm | çapa göndər

"Radikal qüvvələrin əzələ nümayişinin qarşısı alınacaq" - Kamal Abdulla



Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi, yaxud yerinin dəyişdirilməsi ilə razılaşamayıb bunu əlində bayraq edənlər, əslində, məscid davası, din davası etmirlər. Onlar, əslində, öz mənafelərinin, öz ambisiyalarının, iddialarının davasını aparırlar və bütün bu zahirən məscidlə bağlı söylənən o iddiaların arxasında son dərəcə bəsit, son dərəcə gərəksiz, mənəviyyatdan uzaq iddialar durur.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev AzərTac-a müsahibəsində deyib. Onun sözlərinə görə, dövlətin dinə olan münasibəti özünü onda göstərir ki, Azərbaycanda müstəqillik dövründən sonra 2 mindən çox məsciddə müsəlmanlar namaz qılır, mənəvi ehtiyaclarını həyata keçirirlər:

“Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu qaydalardan kənarda fəaliyyət göstərən bu tikilinin əvəzinə, dindarlara daha böyük, geniş, gözəl Təzəpir məscidi təklif edilir. Bizim dindarların ixtiyarında Heydər Məscidi, Bibiheybət, Əjdərbəy və digər gözəl məscidlərimiz var. Faktiki olaraq dində də belə bir şey var ki, sən namaz qılmaq, öz mənəvi ehtiyacını yerinə yetirmək üçün müəyyən dərəcədə, hətta bir az əzab-əziyyət də çəksən bu, savab sayılar. Buna görə də 5 addım o biri tərədə gedib öz dini ehtiyacını yerinə yetirmək həmin mömin bəndənin niyyət nəcibliyini gözəl şəkildə sübut edər. Məsələnin mahiyyəti bundan ibarətdir.

Digər tərəfdən, bu məsələni belə bir şəkildə şişirdəndə niyə unudurlar ki, Qarabağda sökülən məscidlərimiz, xaraba qoyulan ziyarətgahlarımız var. Maraqlıdır, hər fikri bir ölkədən gələn, Azərbaycanı qarışdırmaq istəyən bu dairələr niyə onların təəssübünü çəkmirlər?! Prezident İlham Əliyevin təşəbbüsü ilə Cocuq Mərcanlıda tikiləcək məscid onları niyə maraqlandırmır?!”.

Kamal Abdulla əlavə edib ki, həmin ərazidə bir neçə məscidin olmasına baxmayaraq, dindarların müəyyən şəxsin iddiasına uyğun olaraq məhz həmin məsciddə namaz qılmaq üçün israr etməsi müəyyən düşüncələrə gətirib çıxarır. Sualın özündə elə bunun cavabı da gizlənib: “İki-üç nəfərin bu şəkildə insanları qızışdırmaq, onları həyəcana gətirmək istəyi əlbəttə ki, bütövlükdə hamımızın vətəni olan Azərbaycana qarşı yönəlmiş bir zərbədir və dövlət də buna öz adekvat cavabını hökmən verəcək.

Burada kənar amillərin təsiri özünü açıq göstərir. Məlumdur ki, bəzi xarici dairələr ölkədə dini durumu gərginləşdirməkdə maraqlıdırlar. Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, görünür, bəzi daxili və xarici dairələri narahat edir. Çünki bütün bunlar öz mahiyyətində həm islamdaxili harmoniya, həm də İslamla digər konfessiyalar arasında harmoniyanı nəzərdə tutur. Bu, eyni zamanda, radikal qüvvələrin əzələ nümayiş etdirməsi, mənəm-mənəmlik cəhdi təsiri bağışlayır. Azərbaycan dövləti daim bu kimi cəhdlərin qarşısını cəsarətlə və qətiyyətlə alıb və bundan sonra da alacaq”.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024