Mobil versiya
Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçilsə...
Tarix: 05-04-2017 | Saat: 16:16
Bölmə:Siyasət / Manşet | çapa göndər

Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçilsə...



Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu "Rossiyskaya qazeta"ya müsahibəsində bu təşkilatın gələcək fəaliyyətini necə təsəvvür etməsi barədə danışıb.

AİA.Az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:

-Siz mədəniyyət və siyasət sahəsində çox zəngin təcrübəyə sahibsiniz. UNESCO-da işləmək perspektivi Sizin üçün yeni mərhələdir. Siz bunu necə qiymətləndirirsiniz və həmin təşkilatın rəhbəri vəzifəsinə iddiaçılar siyahısına daxil edildiyinizi biləndə hansı hisslər keçirdiniz?

-Həqiqətən, mənim yaşıdlarımın fəal nümayəndələri əslində bir neçə epoxada yaşayıblar. Bu epoxaların hər biri bizim formalaşmağımıza və inkişafımıza öz təsirini göstərib. Mən Azərbaycanın mədəniyyət naziri vəzifəsinə hələ sovet dövründə təyin edilmişdim. O vaxt dəyərlər sistemi və bütün ictimai həyatın təşkili tamamilə indikindən fərqli idi. Lakin az sonra SSRİ-nin dağılması ilə əlaqədar entropiya prosesləri başlandı: hər tərəfdə dağıntı göz qabağında idi, hətta ən zəruri ehtiyacları ödəmək üçün pul çatışmırdı. Bu şəraitdə mədəniyyətin maliyyələşdirilməsi minimum həddə düşmüşdü, onu da aylarla ləngidirdilər. İnsanlar sözün hərfi mənasında güclə yaşayırdı.

Lakin biz, necə deyərlər, ruhdan düşmədik. "Əl ilə idarə etmə" rejimində müxtəlif çıxış yolları tapmaq, bütün resursları səfərbər etmək, insanlarla iş aparmaq və mövcud olanları qoruyub saxlamağın zəruri olmasını bu insanlara izah etmək lazım gəlirdi. İndi o mürəkkəb dövrü, 1990-cı illərin əvvəlini xatırlayanda başa düşürəm ki, həmin sınaqlar sayəsində mən, indiki terminlərlə desək, böhran meneceri təcrübəsi qazanmışam. O vaxt biz bütün mədəniyyət müəssisələri sistemini qoruyub saxlaya bildik: heç bir muzey, kitabxana, musiqi məktəbi bağlanmadı, xalq özfəaliyyət ansamblları da daxil olmaqla heç bir yaradıcı kollektiv ləğv edilmədi... Bundan əlavə, biz yeni reallıqların tələblərinə cavab verən yeni mədəni siyasətin təməlini qoymağın zəruriliyini dərk etdiyimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq əməkdaşlığı inkişaf etdirməyin vacib olmasın başa sala bildik. Biz UNESCO ilə, Avropa Şurasının humanitar institutları ilə münasibətləri, necə deyərlər, sıfırdan başlayaraq qurur və bu zaman MDB çərçivəsində mövcud əlaqələri qoruyub saxlamağa, ənənəvi əlaqələri dəstəkləməyin ən münasib formalarını tapmağa çalışırdıq.

Məsələn, 1996-cı ilin noyabr ayında UNESCO-nun baş direktoru Federiko Mayor Azərbaycan və Şərq ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 500 illiyinə həsr edilmiş təntənəli tədbirlərdə iştirak etmək üçün mənim dəvətimlə Bakıya gəldi. 2000-ci ildə UNESCO "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinə patronajlıq etdi, təşkilatın Parisdəki qərargahında "Dədə Qorqud Günləri" keçirildi.

2000-ci ildə mənim rəhbərliyimlə "Azərbaycan Respublikasında mədəni siyasət" adlı icmal hazırlandı. Avropa Şurasının Mədəni Siyasət Departamentinin və Avropa Müqayisəli Mədəni siyasət və İncəsənət Tədqiqat İnstitutunun layihəsi çərçivəsində tərtib edilmiş, müvafiq sahədə məlumatların sistemləşdirilməsi üzrə ilk təcrübə olan bu icmal Avropa Şurasının "Avropada mədəni siyasət" layihəsinin iştirakçısı olan bütün ölkələr arasında ən uğurlu icmallardan biri hesab edildi.

SSRİ kimi nəhəng ölkənin parçalanmasından sonra yaranmış hərc-mərclik şəraitində yeni müstəqil dövlətlər humanitar körpülərin qorunub saxlanmasına ehtiyac hiss edirdi. Belə qarşılıqlı fəaliyyət üçün baza qismində ilk növbədə ortaq mədəniyyət və ortaq dil amili çıxış edə bilərdi. Biz, türkdilli dövlətlərin mədəniyyət nazirləri, bu mülahizələri əsas götürərək TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatını təsis etdik. 1994-cü ildən 2008-ci ilədək bu təşkilatın baş direktoru mən olmuşam. Yadımdadır, türkiyəli jurnalistlərin təklifi ilə onu "Türk dünyasının UNESCO-su" adlandırmağa başladılar. 1996-cı ildə isə mən bu gənc təşkilat ilə UNESCO-nun bir-birini qarşılıqlı tanıması və əməkdaşlığı haqqında müqavilə imzaladım.

Sonrakı dövrdə, mən artıq Rusiyada səfir olduğum vaxtda da humanitar əməkdaşlıq problemləri ilə məşğul olmağı davam etdirirdim. 2009-cu ildə məni MDB iştirakçıları olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri seçdilər və bu günə qədər həmin vəzifədəyəm.

Buna görə Azərbaycan Hökumətinin UNESCO-nun baş direktoru vəzifəsinə mənim namizədliyimi irəli sürmək barədə qərar qəbul etməsi xəbəri mənim üçün müəyyən mənada gözlənilməz olsa da, eyni zamanda, bu qərar mənim qarşımda humanitar əməkdaşlıq sahəsində ölkəmizdə toplanmış müsbət təcrübənin qlobal səviyyədə yayılmasına dair konkret vəzifələr qoymuş oldu.

İlk növbədə qeyd etmək istəyirəm ki, UNESCO-nun BMT-dən sonra ikinci ən məşhur və nüfuzlu qlobal təşkilat olması heç də təsadüfi deyil. Bu, UNESCO-nun fəaliyyətinin cəmləşdiyi problemlərlə izah edilir. BMT sisteminin mühüm məsələlərlə məşğul olan digər ixtisaslaşdırılmış orqanlarına böyük hörmətim var, lakin etiraf etmək lazımdır ki, məhz təhsil, elm və mədəniyyət problemləri praktiki olaraq planetimizin bütün əhalisinə aiddir. Bu sahədə işlərin vəziyyəti cəmiyyətdə daha canlı əks-səda doğurur.

1946-cı ildə müəyyən ideallar naminə yaradılmış UNESCO yenə həmin ideallara xidmət edir. Mənim fikrimcə, insan potensialının inkişafının təmin edilməsi naminə müxtəlif identikliklərin dialoqunun və sülh mədəniyyətinin təbliği bizim can atmalı olduğumuz mütləq məqsəddir. Lakin indi də böhranlı dövrdür və bunu gizlətmək lazım deyil. Bu gün bütövlükdə dünya birliyi kimi, UNESCO da öz hədəflərinə gedən yolda müəyyən çətinliklərlə üzləşir. Maliyyə resurslarının qıtlığı göz qabağındadır. Məsəl var, deyərlər "ayağını yorğanına görə uzatmaq lazımdır". Bu məqamda qafqazlılara xas olan bir tost yada düşür: "Kaş bizim imkanlarımız arzularımızla üst-üstə düşəydi". UNESCO-da belə bir zarafatyana tost demək yerinə düşərdi. Lakin ciddi desək, təkcə gəlişigözəl sözlərlə problemləri həll etmək olmaz. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması, iştirakçı ölkələrdən hər biri üçün ən vacib prioritetlərin müəyyən edilməsi, bu məsələdə marağı olan tərəfdaşlar cəlb edilməklə səylərin səmərəli əlaqələndirilməsi üzrə hərtərəfli ölçülüb-biçilmiş, planlı iş aparılmalıdır. Yəni mənim fikrimcə, topladığım böhran menecmenti təcrübəsi hələ faydalı ola bilər.

-Biz siyasi böhranlarla dolu, iqtisadi baxımdan qeyri-sabit bir dövrdə yaşayırıq. Bu, dəyərlər sistemində bəşəriyyətin mədəni sərvətlərinin roluna necə təsir göstərir?

-Dünyada heç nə tamamilə təcrid edilmiş şəkildə mövcud ola bilməz. Mədəni sərvətlər və kütləvi şüurda baş verən proseslər isə konyunktur təsirlərinə çox həssas olan məsələlərdən biridir. Deməli, bizim mədəni irsimizi qoruyub saxlamaq naminə ehtimal edilən neqativ təsirləri minimuma endirmək və əksinə, müsbət dəyişikliklərin effektini artırmaq istiqamətində real addımlarla təsdiqlənən aydın şüur olmalıdır.

Hesab edirəm ki, bu baxımdan Azərbaycan uğurlu nümunələrdən biri kimi çıxış edə bilər. Bizim ölkəmizdə tarixi obyektlərin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərilir. Belə obyektlərdən ikisi ("Bakıdakı İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə" və "Qobustan qayaüstü rəsmləri"), müvafiq surətdə 2000-ci və 2007-ci illərdə UNESCO-nin Dünya İrs Siyahısına daxil edilib. Biz həm də Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısının formalaşmasında fəal iştirak edirik. Hazırda biz həmin siyahıda yeddi milli elementlə təmsil olunmuşuq, daha iki element isə ölkələr qrupuna aidiyyəti olan elementlər kimi əks olunub.

Əcdadlarımızdan bizə qalmış mirasın qorunması sahəsində gedən prosesləri təhlil etsək, Azərbaycanda iqtisadi nailiyyətlərin mədəniyyətin qorunub saxlanmasına və inkişafına çevrilməsi göz qabağındadır. Hesab edirəm ki, bu müsbət təcrübəyə qlobal miqyasda da tələbat ola bilər.

-Silahlı münaqişələr minlərlə insanı həyatdan məhrum etməklə bərabər, həm də mədəni irsə ziyan vurur. Yaxın dövrə aid misallardan biri Palmiranın terrorçular tərəfindən dağıdılmasıdır. Tarixi necə qorumaq olar?

-Siz tamamilə haqlı sual verirsiniz. Bu, bəşəriyyətin qarşılaşdığı əsas təhdidlərdən biridir. Bütöv ölkələr xaosa cəlb edilir, onların xalqları saysız-hesabsız bəlalarla üzləşir, qaçqınlara çevrilir. Mədəniyyət obyektləri isə tamamilə müdafiəsiz qalır, onlar bombalardan və yeni barbarlar tərəfindən məhv edilməkdən qaçıb qurtara bilmirlər. Düzdür, Silahlı Münaqişələr Zamanı Mədəni Dəyərlərin Qorunması Barədə hələ 1954-cü ildə Haaqada qəbul edilmiş Konvensiya, bir sıra başqa beynəlxalq sənədlər var. Lakin təəssüf ki, cinayətkarlar konvensiyaları rəhbər tutmurlar. Azərbaycan bunu öz acı təcrübəsində görüb, işğal edilmiş ərazilərdə mədəni irs obyektlərinin dağıdılması ilə üzləşib.

Beləliklə, aşkardır ki, formal sazişlərlə yanaşı, hətta tənzimlənməmiş münaqişələr halında da mədəniyyət vasitəsilə dialoq şəraitinin formalaşması sahəsində fəaliyyət göstərmək lazımdır. Deyə bilərəm ki, mən bu sahədə də müsbət təcrübə toplaya bilmişəm.

DHƏF-in idarə heyətinin sədri kimi mən öz həmkarım, 2010-2013-cü illərdə DHƏF-in icraçı direktoru olmuş Ermənistanın sabiq mədəniyyət naziri və bu ölkənin Rusiyadakı səfiri Armen Smbatyanla ünsiyyətdə olmuşam. Hər ikimiz musiqiçi, mədəniyyət xadimi olduğumuzdan aydın təsəvvür edirdik ki, musiqi dilinin tərcüməyə ehtiyacı yoxdur və o, insanların qəlblərinə yol tapır. 2010-cu ildə biz maestro Spivakovun rəhbərliyi ilə MDB-nin Gənclərdən ibarət Simfonik Orkestrinin konsertlərini təşkil etməyə nail olduq. Azərbaycandan və Ermənistandan olan gənc musiqiçilər həmin orkestrin heyətində həm Bakıda, həm də Yerevanda birgə çıxış etdilər.

Bundan əlavə, DHƏF çərçivəsində Armen Baqratoviç ilə birgə işlədiyimiz bütün üç il ərzində hər iki ölkə Fond xətti ilə keçirilən tədbirlərdə fəal iştirak edib, öz ərazilərində müxtəlif layihələri reallaşdırıblar. Erməni tərəfi o dərəcədə fəal idi ki, bəzən mən öz həmvətənlərimi onlardan geri qalmamağa təşviq etməli olurdum.

Fikrimcə, bunun sirri ondadır ki, belə təşkilatların işini heç vaxt ifrat dərəcədə siyasiləşdirmək lazım deyil. Biz öz fəaliyyətini sırf mədəni layihələr üzərində cəmləşdirmiş TÜRKSOY çərçivəsində məhz bu cür hərəkət edirdik. Yəqin ki, bügünkü mürəkkəb şəraitdə UNESCO da bu prinsipə riayət edilməsinə ehtiyac duyur.

Seçkilərə hazırlıq çərçivəsində rəsmi müsahibələr prosesi təşkilatın İcraiyyə Şurasının bu il aprelin sonu - martın əvvəlində keçiriləcək sessiyasında başlanacaq. Bu proses oktyabr ayına, Şuranın növbəti sessiyasına qədər davam edəcək, həmin sessiyada ən çox səs toplamış namizədin müəyyən edilməsi məqsədilə gizli səsvermə keçiriləcək. Bu namizəd də noyabrın birinci yarısında UNESCO-nin Baş Konfransının sessiyasının müzakirəsinə təqdim ediləcək.

Prioritetlərə gəldikdə isə, artıq dediyim kimi, UNESCO-da siyasi savaşların minimuma endirilməsini zəruri hesab edirəm. Təəssüf ki, qarşıdurma üçün formatlar onsuz da çoxdur. UNESCO-nin vəzifəsi isə humanitar sahədə fəallıq vasitəsilə sülhə nail olmaqdır.

Əlbəttə, təşkilatın indiki mürəkkəb böhranlı şəraitə ciddi uyğunlaşması zəruridir. Lakin necə deyərlər, "yolçu yolda gərək". Mən bu istiqamətdə yolun özümə aid hissəsini keçməyə hazıram. Ümidvaram ki, bu yolun sonunda bütün tərəfdaşlarla qarşılıqlı fəaliyyətdə qürur duymağa əsas olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024