Mobil versiya
Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər
Tarix: 03-04-2017 | Saat: 15:41
Bölmə:Gündəm | çapa göndər

Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər



Ermənistanın dövlət başçısı son zamanlar daha məntiqsiz fikirlər söyləməyə başlayıb.

AİA.Az newtimes.az-a istinadən xəbər verir ki, onun bəyanatları ölkədə keçiriləcək parlament seçkisinin yaxınlaşması ilə əlaqələndirilir. Lakin S.Sarkisyan o dərəcədə absurd və təhlükəli məqamlardan bəhs edir ki, onun zərərini bütün region görə bilər. Ermənistan prezidenti Azərbaycanı hədələyərək, "İsgəndər" raketlərini tətbiq edə biləcəyini deyir. O, ümumiyyətlə, təbliğatında xarici düşmən obrazı yaratmaqdan başqa heç nə etmir. Guya Ermənistan "demokratiya adası"dır və onu hər tərəfdən "pis ölkələr" əhatə edib. Buna görə də ermənilər yalnız S.Sarkisyana səs verməlidirlər ki, salamat qala bilsinlər. Tarixdə belə süni düşmən obrazı yaratmaq taktikası çox olub. Ancaq son anda bu kursdan xalq zərər görüb. S.Sarkisyan da bu mənada erməni xalqına tarixi zərbələr vurmaqda davam edir.

Hərb və inkişaf: erməni liderin təcavüzkar mövqeyi

Ermənistan prezidenti növbəti dəfə əsassız bəyanatları ilə özünü ifşa edib. Siyasi mövqeyinin sürətlə zəifləməsini anladıqca, onun söylədiklərində və atdığı addımlarda məntiqsizlik daha çox özünü göstərir. Son bir neçə gündə Serj Sarkisyan daxili auditoriyaya ünvanlanmış o qədər böhtan xarakterli fikirlər ifadə edib ki, hətta erməni ekspertlər belə onu anlamaqda çətinlik çəkirlər. Əslində, burada mürəkkəb bir vəziyyət də yoxdur. Hamı dərk edir ki, S.Sarkisyan öz maraqları naminə yenə primitiv təbliğat kampaniyasını aparır. Çünki qarşıdan parlament seçkiləri gəlir.

Məsələnin mahiyyəti yalnız bundan ibarətdir. Ekspertlər hesab edirlər ki, Ermənistan geosiyasi aspektdə növbəti mərhələni arxada qoyub. Rəsmi İrəvan geosiyasi kursunu dəqiqləşdirməyə məcburdur. Artıq əvvəlki süni manevrlər keçmir. Məsələn, erməni ekspertlərin fikrinə görə, S.Sarkisyanın Türkiyə ilə diplomatik əlaqələrin qurulması ilə bağlı atdığı addımlar əsasən onun öz marağına uyğun manevr idi. Bunun da sifarişçisi kənar qüvvələr olub. Deməli, bu məsələdə də Ermənistan səmimi olmayıb və özbaşına hərəkət etməyib. İndi faktiki olaraq heç bir şey dəyişməyib. S.Sarkisyan yenə də gah Moskvadan, gah da Avropadan əmrlər alır.

Bu bağlılıqda onun hərbi paltar geyərək Dağlıq Qarabağa qanunsuz səfər etməsi və orada erməni ordusunu ağızdolusu tərif etməsi təsadüfi deyil. Hər şeydən əvvəl, S.Sarkisyanın söylədiklərindən açıq hiss olunub ki, onun dərdi seçkidir. Nə dövlət, nə müstəqillik, nə də hərbi güc onu elə də maraqlandırmır. Əsas məqsədi insanları növbəti dəfə ucuz ultramillətçi pafosla aldadıb, parlament seçkisində qələbə qazanmaqdan ibarət olub. Konkret fikirlərə nəzər salaq.

S.Sarkisyan qanunsuz səfər etdiyi Dağlıq Qarabağda deyib: "Bəli, müdafiə olunaraq inkişaf etmək mümkündür. Beləliklə, bu günlərdə Ermənistanın inkişafının sükanını kimə etibar etməyin mümkün olduğunu müzakirə edərkən, hər bir adam özünə sual etməlidir ki, kim müdafiəni təşkil edə bilər ki, inkişafı təmin etmək imkanı olsun".

İlk baxışdan vətənpərvərlik nümunəsi kimi görünən bu cümlələrin, əslində, saxta məntiqə əsaslandığı və hətta ermənilərin özləri üçün zərərli olan məqamlara istinad etdiyi gün kimi aydındır. Baxın, prezident funksiyasını yerinə yetirən adam əvvəlcə Ermənistanın "demokratiyanı həyat tərzi" etdiyini söyləyir, sonra özlərini "söz azadlığının, insan haqlarının, xristianlığın və tolerantlığın cənub sərhədi" adlandırır. Bundan sonra ağzından müharibə, silahlanma, qonşu ölkəyə qarşı nifrət, onunla savaşmağa hazır olma, məhv etmə kimi sözlər eşidilir. Və ən paradoksalı odur ki, bütün bunları ermənilərə inkişaf etməyin yeganə perspektivli yolu kimi "yedizdirir".

Buna müasir siyasi nəzəriyyələrdə "müharibə paradiqması" deyilir. Yəni siyasətçi müharibəni, kənardan olan təhlükələri əsas gətirərək, cəmiyyəti ətrafında birləşdirməyə çalışır. Araşdırmalar göstərir ki, müharibə paradiqması əsasən bir halda siyasətçiyə lazım olur: onun ölkəni inkişaf etdirmək üçün heç bir real və səmərəli proqramı olmadıqda. Ermənistan rəhbərliyi indiyə qədər ölkənin sosial-iqtisadi vəziyyətini inkişaf etdirən heç bir tutarlı proqram həyata keçirməyib. Bu ölkə heç bir regional və qlobal layihənin iştirakçısı deyil. Onun fəaliyyəti Kremlin çəkdiyi sərhədlərdən kənara çıxmır. Molla Nəsrəddinin məşhur lətifəsində olduğu kimi, Ermənistan rəhbərliyi ayağını həmin xətdən bir az kənara çıxaran kimi, Moskva təpinir. Bu səbəbdəndir ki, fikir versəniz, indiyə qədər Ermənistanın heç bir siyasi lideri ölkənin yeni, fundamental islahatlar səciyyəsinə keçməsinin dəqiq proqramını təqdim edə bilməyib. S.Sarkisyan da Dağlıq Qarabağda pafoslu danışarkən, həm boyca çox kiçik, həm də siyasi arqumentcə, tutduğu mövqeyə görə olduqca cılız adam təsiri bağışlayırdı.

Paradiqma seçimi: demokratiyadan qaçış

Onun mövqeyinin ermənilər üçün təhlükəli tərəfi də bu məqamla əlaqəlidir. Belə ki, Ermənistanın inkişafını hərbi güclə sıx bağlamaq və sosial-iqtisadi inkişaf haqqında konkret proqramdan bəhs etməmək növbəti 5 il üçün qeyri-müəyyən siyasi kursu qəbul etmək deməkdir. Həm də Ermənistanın hərbi cəhətdən elə bir gücə sahib olmadığını gizlətməkdir. Çünki aprel döyüşlərindən sonra erməni ordusunda hansı dəyişikliklər aparılmadı?

İndi yüksək tonla əsgərlərinin "qəhrəmanlığından" danışan həmin S.Sarkisyan qısa müddətdə neçə generalı və zabiti ordudan kənarlaşdırdı? Çoxlu sayda və onların hər biri də ordu strukturunun həlledici həlqələrində yer almışdılar. Buraya hərbi əməliyyatların, kəşfiyyatın təminindən tutmuş, maddi-texniki təchizata qədər bütün mühüm sferalar daxildir. İndi də erməni KİV-i keçmiş müdafiə naziri S.Ohanyanın cinayətlərindən yazır. S.Ohanyan da açıq deyir ki, ordu üçün alınan yanacağa dizel qatmışdılar ki, texnika da buna görə hərəkət edə bilmədi. Bəli, S.Sarkisyan müdafiəni bu cür təşkil etdiyindən qürur duyur. Əslində, biz də onun bu əməlini təqdir edirik, çünki işğalçı həmişə rəzil olmalıdır ki, digərləri üçün də dərs olsun.

Son 1 ildə nə dəyişib ki? Ermənistan ordusunda hansı köklü islahatlar aparılıb? Heç bir islahat aparılmayıb. Yalnız Moskva "İsgəndər" raketlərini Ermənistanda yerləşdirib, bəzi texniki cihazlar quraşdırılıb. Bununla ordu güclənmir, yeniləşmə görüntüsü yaradılır. Guya həmin üsulla Azərbaycan Ordusuna tab gətirə bilərlər. Heç bir "İsgəndər" Azərbaycan əsgərinin Vətən sevgisini, şücaətini azalda bilməz. Onun qürurunu sındıra bilməz. Üstəlik, Azərbaycan Ordusunda "İsgəndər"lərdən dəfələrlə güclü silahlar var.

Bunları S.Sarkisyan da bilir. Ancaq başqa əlacı yoxdur, çünki real inkişaf proqramına malik deyil. Bu səbəbdən də daha absurd şeylər danışır. O vurğulayır ki, Azərbaycana qarşı raketləri göz qırpmadan tətbiq edə bilər. Və bunu "güclü olmaq kimi" qələmə verir. Burada da özünü dolaşdırıb. Əvvəlcə, deyir ki, Azərbaycanın azad etdiyi torpaqları yenidən işğal edə bilməmək zəiflik deyil. Çünki güclü olmaq torpaqları yenidən tuta bilməməyi dərk etməklə müdafiəni yaxşı qurmaqdır.

Deməli, S.Sarkisyan etiraf edir ki, o torpaqlar onun deyil. Onu əsl sahibi ondan azad edib. Sonra, indi də əmin deyil ki, Azərbaycanın irəliləyişinin qarşısını ala biləcək. Çünki "İsgəndər"lərə güvənir. Azərbaycanın ərazilərinin dərinliyində kəşfiyyat apara bildiyini deyir. Bütün bunlar sadəlövh ermənilər üçündür. İnsanlar real hərbi gücün və kəşfiyyatın nə olduğunu yaxşı bilirlər.

Onu deyək ki, S.Sarkisyanın təbliğ etdiyi müharibə paradiqmasından fərqli olanı inkişaf paradiqmasıdır. Bu paradiqma insanların həyat səviyyəsini yüksəltməyi, daxili sosial-iqtisadi infrastrukturu yeniləşdirməyi, səmərəli proqramlar həyata keçirməyi, idarəetmədə islahatlar aparmağı nəzərdə tutur. İnkişaf paradiqmasının regionda ən gözəl nümunəsi Azərbaycandır.

Bütün bunlara görə, beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və beynəlxalq münasibətlərin sivil təşkili aspektlərində də S.Sarkisyanın dediyi qətiyyən qəbuledilməzdir. O, faktiki olaraq qonşu dövləti faşistsayağı hədələyib. Budurmu demokratik həyat tərzi, insan haqları, xristian şəfqəti və tolerantlıq? Axı, S.Sarkisyan Qərb demokratiyasının, xristianlığın və insan haqları təşkilatlarının adından danışıb... Buna niyə reaksiya vermirlər? Ya etiraf edilməlidir ki, demokratiya, xristian şəfqətliyi və tolerantlıq müsəlmanlara qarşı ballistik raket atmaqla sıx bağlıdır, ya da Sarkisyan kimilərin ağzı yumdurulmalıdır.

Bunların heç biri edilmir və Ermənistanın kriminal xunta rejimi növbəti dəfə yaramaz əməllərini davam etdirir. O, öz təbliğatı ilə regionda münaqişələr yaradır, millətlər və dinlərarası münasibətləri gərginləşdirir, mədəniyyətə qarşı aqressiv planlar qurur. Bütün bunlar bütövlükdə dünyaya təhlükə yaradır. Gec, yaxud tez ermənilərin havadarları da bunun zərərini görəcəklər. Ancaq onda gec ola bilər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024