Mobil versiya
Lavrov Qarabağdan danışdı: “Bir çox məsələlər razılaşdırılıb”
Tarix: 31-03-2017 | Saat: 11:53
Bölmə:Siyasət / Karusel | çapa göndər

Lavrov Qarabağdan danışdı: “Bir çox məsələlər razılaşdırılıb”


“Dağlıq Qarabağ münaqişəsinin həlli qeyd-şərtsiz xarici siyasət prioritetlərimiz sırasındadır. “Nizamlanma üçün heç bir addım atılmayıb” fikri ilə razılaşa bilmərəm”. AİA.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Qarabağ mövzusu problemin həlli üçün kollektiv və fərdi səylər göstərən beynəlxalq vasitəçilərin daim diqqət mərkəzindədir:

“Rusiyaya gəldikdə, ötən il prezident Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda problemə həsr olunmuş üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ problemi Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərində önəmli yer tutur. Konkret olaraq bu məsələ Serj Sarkisyanın martın 15-də Moskvaya səfəri zamanı müzakirə olunub. Xarici siyasət idarələrinin rəhbərləri də kənarda qalmırlar.

Mövzu ilə bağlı fevralda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, martın əvvəlində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla məzmunlu söhbət aparılıb. Nəzərə almaq lazımdır ki, Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir”.

“Rəsmi səviyyədə səsləndirilməsə də, mediada “Lavrov planı”nın mövcudluğundan çox danışılır. Belə bir plan olubmu?” sualına cavabında nazir bildirib: “Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir “Lavrov planı” mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər.

Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024